Polisin atəş açmaq səlahiyyətləri genişləndirildi

3-12-2015, 10:04   

Ekspertə görə, sosial gərginliyin artması gözlənildiyindən hakimiyyət də bu qərarı ilə buna hazırlıq görür

Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir. APA-nın məlumatına görə, bununla bağlı “Polis haqqında” qanuna təklif olunan əlavə layihəsi dünən Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb. Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edəcək.


Naradaranda baş verənlərin fonunda qanuna belə bir dəyişikliyin edilməsi maraq doğurur. Öncə onu nəzərə almaq lazımdır ki, ekspertlər bir neçə gün əvvəl Nardaranda keçirilən və hər iki tərəfdən insan itkisinə səbəb olan əməliyyatı qeyri-adekvat güc tətbiqi sayırlar. Son dəyişiklikdən sonra polisə əlavə səlahiyyətin verilməsi hansı məqsəd daşıyır?



Nardaranın Iran xüsusi xidmət orqanlarının ən fəal işlədiyi bölgələrdən bir olduğunu deyən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, bu ərazi bu üzdən təxribata açıq yerdir. Amma son olayları bu kontekstdən qiymətləndirməyin tərəfdarı olmayan S.Əkbər vurğuladı ki, baş verənləri regionda geosiyasi durumun kəskinləşməsi kontekstində qiymətləndirmək lazımdır. Eyni zamanda polisə də əlavə səlahiyyətlərin verilməsi görülən təhlükəsizlik tədbirlərinin tərkib hissəsi sayıla bilər: “Rusiya regionda Iranla birgə fəaliyyət göstərir. Suriya böhranın kəskinləşdiyi bir zamanda Azərbaycan ətrafında vəziyyətin kəskinləşəcəyi gözləniləndir. Ikinci bir tərəfdən, MTN-də baş verən prosesləri, Rabitə Nazirliyində törədilən təxribatı da unutmaq lazım deyil. Məhz bu olyların fonunda Nardaran hadisələri də təxribat kimi dəyərləndirilə bilər”.

Naradarana yanaşmada siyasi, sosial-iqtisadi tərələrin mütləq nəzərə alınmalı olduğunu düşünən S.Əkbər bildirdi ki, burda ağılla hərəkət etmək gərəkdir. Polisin səlahiyyətlərinin artırılmasına gəlincə isə, S.Əkbər vurğuladı ki, bu təkcə Nardaran hadisələri ilə bağlı deyil: “Hakimiyyət regionda baş verənləri yaxından izləyir və cərəyan edən proseslərin Azərbaycana da təsiri olacağını proqnozlaşdırır. Azərbaycan dərin maliyyə böhranı içərisindədir. Buna səbəb dünya bazarında neftin qiymətinin düşməsidir. Hazırda maliyyə böhranı sosial-iqtisadi böhrana keçmək fazasındadır. Gələn il Azərbaycanda sosial gərginlik də artacaqdır. Görünür, Azərbaycan hakimiyyəti buna hazırlıq görür”.

Hikmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar