Ekspressbank"ın "Şirvan" filialı Şirvan şəhər sakini Nailə Oktay qızı Şirəliyevanın evini əlindən alır.
Redaksiyamıza ünvanladığı məktubda N.Şirəliyeva yazır ki, Şirvan şəhəri, S.Zeynalov küçəsi bina 4, mənzil 28 ünvanındakı mülkünü banka girov qoyub kredit alıb: “Ötən ilin dekabr ayında “Ekspress” bankın "Şirvan" filialından yaşadığım evi girov qoymaqla 3 il müddətinə ayda 503 manat ödəməklə 13 min manat kredit götürdüm. 3 ay ödədim. Devalvasiyadan sonra ödəniş etməyə çətinliyim yarandı. Bankdan mənə dedilər ki, imkanın nəyə çatırsa, o qədər ödəyim. Sonradan bildim ki, ödədiyim pulu cəriməyə çıxırlar. Bankın filial müdiri Adil müəllimə müraciət etdim ki, kredit müddətimi uzatsınlar, aylıq ödənişim azalsın və pulu ödəyim. Müdir dedi ki, kömək edə bilməyəcək. Məhkəməyə verib evi əlimdən alacağını bildirdi. Hazırda “Ekspressbank" evimi əlimdən almaq üçün hərəkətə keçib. Mənim atam Sovet ordusunda polkovnik rütbəli hərbi komandan işləyib. Uzun illər Rusiyada yaşamışıq. Səhiyyə naziri Oktay Şirəliyevlə ata və ana tərəfdən qohumam. Nazirin bibisi nəvəsiyəm. Bu gün çıxılmaz durumdayam. Ölkə rəhbərliyindən xahiş edirəm ki, evimin əlimdən alınmasının qarşısnı alsın. Mən bankın pulunu ödəməkdən yayınmıram. Sadəcə şərtləri bir qədər yumşaltsınlar. Devalivasiya məni çətin duruma salıb. Ödəniş etməkdə çətinliklərim yaranıb”.
Qeyd edək ki, “Ekspessbank"ın “Azərenerji” prezidenti Etibar Pirverdiyevə bağlılığı, ona məxsus olması haqda məlumatlar var.
E.HÜSEYNOV,
musavat.com
P.S. Redaksiya yazıda adı çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırdır.