Eldar Mahmudov qruplaşmaları üz-üzə qoyub
“MTN işi” hakimiyyətdəki qruplaşmaları üz-üzə qoyub. Biz hələ ötən yazılarımızda bildirmişdik ki, hakimiyyətdə Eldar Mahmudov və dəstəsinin sıradan çıxarılmasına münasibət birmənalı deyil. Həmçinin hakimiyyətdə bəzi qüvvələr bu məsələ ilə bağlı araşdırmaların davam etdirilməsini istəmirlər. Onlar “MTN işi”ni Akif Çovdarovu dəstə başçısı təqdim etməklə qapatmaq istəyirlər.
Bu qruplaşma baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdan ibarətdir. “MTN işi”nin dərindən araşdırılması bu üç şəxsin fəaliyyətini də kölgə altına sala bilər. Hər halda Zakir Qaralov istintaqa nəzarət, Fikrət Məmmədov məhkəmələrə nəzarət edən orqanın rəhbəridir. Fuad Ələsgərova gəlincə, o, ümumiyyətlə hüquq-mühafizə orqanlarının fəaliyyətinə məsul şəxsdir. Eldar Mahmudov və dəstəsinin saxta cinayət işləri, sifarişli məhkəmə hökmləri, qanunsuz həbsalmaları ilə bağlı faktlar üzə çıxdıqca adıçəkilən məmurların hara baxdığı barədə suallar ortaya çıxır.
Lakin MTN-dəki digər qruplaşma “MTN işi”nin daha əhatəli araşdırılmasını, bu şəbəkəyə daxil olan digər məmurların da cəzalandırılmasını istəyir. Bu qruplaşmanın başında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır. Ramiz Mehdiyevlə Eldar Mahmudovun münasibətlərində həmişə soyuqluq olub. Hətta administrasiya rəhbəri bir dəfə “Azərbaycan” qəzetində ad çəkmədən Eldar Mahmudovun atası Əhməd Mahmudovu tənqid edib. MTN-in keçmiş şefi də cavabsız qalmayıb. Bəzi iddialara görə, Ramiz Mehdiyevin adı hallanan qalmaqalların ssenarisi məhz Eldar Mahmudovun kabinetində yazılıb.
Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən deputat Zahid Orucun Milli Məclisin dünənki iclasında “MTN işi”nə görə Baş Prokurorluğu tənqid etməsi məlumatların əsassız olmadığını göstərir. Zahid Oruc bildirib ki, parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur: “Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub?
O görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.
Beləliklə, müşahidələr göstərir ki, “MTN işi” ilə bağlı hakimiyyətdə ciddi parçalanma var. Hansı tərəfin qalib gələcəyini isə zaman göstərəcək.