Dekabrın 7-dən 8-nə keçən gecə Moskvanın mərkəzində partlayış baş verib. Hadisə Pokrovka küçəsi 19 ünvanda, metro stansiyalarından birinin yaxınlığında yerləşən dayanacaqda olub. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan 3-ü vəziyyətləri ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.
Rusiya KİV-in xəbərinə görə, yaralılardan biri Ukrayna vətəndaşıdır.
İlkin ehtimallara görə, partlayışa səbəb əldəqayırma bombanın işə düşməsi olub. Bombanın dayanacaqdakı zibil qutusuna yerləşdirildiyi güman olunur.
Hadisə yerinə tibbi yardım və xilasetmə briqadaları çalışır. Ərazi polis nəzarətinə alınıb.
Partlayışı kimlərin hansı məqsədlə törətdiyi hələ bilinməsə də, terror ehtimalı yüksək qiymətləndirilir.
Partlayışla əlaqədar Moskvanın başqa rayonlarında da təhlükəsizlik tədbirləri gücləndirilib, bir sıra küçələr bağlanıb.