Qafqazda Türkiyə-Rusiya qarşıdurması: Qarabağ kartı və Kremlin oyunu

9-12-2015, 23:04   

ABŞ-ın kəşfiyyat-analitik mərkəzi “Stratfor” Ankara-Moskva qarşıdurmasında Türkiyənin üzləşə biləcəyi qaz sıxıntıları haqda yazıb.

Publika.az xəbər verir ki, mərkəz Türkiyə üçün hazırda geosiyasi baxımdan ən uyğun variant kimi Trans-Anadolu Qaz Kəmərini (TANAP) göstərir: “Bu kəmər vasitəsilə ən geci 2019-cu ildə 16 milyard kubmetr qaz daşınacaq. Bunun 6 milyard kubmetri Türkiyədə qalacaq ki, bu da Ankaranın Moskvadan qaz asılılığının 12 faizini təmin etmək deməkdir. Lakin o da həqiqətdir ki, Türkiyə Rusiyanın mövqelərini zəiflətmək üçün əlavə yollar da axtarmalıdır”.

“Stratfor” qeyd edir ki, Yaxın Şərqdə olduğu kimi, Qafqaz bölgəsində də Türkiyə-Rusiya qarşıdurması yaranır: “Rusiya Dağlıq Qarabağ münaqişəsində diplomatik manevrlər edir, gərgin iş apararaq, Bakını öz tərəfinə çəkməyə cəhdlər göstərir. Rusiyanın hazırki mövqeyi Türkiyə və Azərbaycanın Xəzər üzərindən Türkmənistan qazını almaq planlarına da maneə yaradır”.

Mərkəz Türkiyənin Yaxın Şərqdə İranla üz-üzə gəlmə ehtimalını da dəyərləndirib.

“Türkiyə İrandan təbii qaz ehtiyacının 20 faizini alır. İran üzərindən sanksiyalar qalxdıqca bu idxalın həcmi arta bilər. Lakin Rusiya ilə toqquşan Türkiyə İraqda İranla üz-üzə gələ bilər. Bu yeni risklər deməkdir”, - deyə “Stratfor” qeyd edir.

Asif Nərimanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar