Cahangir Hacıyev “açar fiqur”la üzləşdirilməyib

10-12-2015, 20:36   
Cahangir Hacıyev “açar fiqur”la üzləşdirilməyib
Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyev özünü cinayət işi üzrə təqsirli bilmir. Bunu onunla görüşən vəkil Aqil Layıcov APA-ya belə deyib.

Vəkil bildirib ki, C.Hacıyevin səhhətində problemlər var: “O, hələ də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Evdən gətirilən yeməkləri ona vermirlər. Orada verilən yeməkləri isə yeyə bilmir. Lakin dərmanlarını verirlər”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə C.Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Beynəlxalq Bankın keçmiş rəhbəri bu ilin martında “səhhəti ilə bağlı” istefaya gedib. Daha sonra onun idarə etdiyi bankda milyonlarla manat məbləğində geri qaytarılmayan kreditlərlə bağlı cinayət işi açılıb. Bankın müştərisi olan bir sıra iş adamları saxlanılıb, bəziləri borcunu ödədikdən sonra sərbəst buraxılıb. Bu müddətdə mətbuat “yarıtmaz və məsuliyyətsiz idarəçiliyə görə Cahangir Hacıyev niyə həbs olunmur” sualını dəfələrlə versə də, o, bir müddət öncə – qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra saxlanılıb.

“Beynəlxalq Bank işi” üzrə həbsdə olanlar sırasında bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var. Vəkili Kamandar Nəsibov qəzetimizə əvvəlki açıqlamalarında demişdi ki, Adil Hüseynov ona bank rəhbərliyi – Cahangir Hacıyev və Emil Mustafayev tərəfindən verilən göstərişləri yerinə yetirib və əsassız olaraq həbs olunub. Vəkil müvəkkilinin heç bir istintaq araşdrımasına cəlb edilmədiyini, onunla hər hansı bir üzləşmə keçirilmədiyini də açıqlamışdı.

“Cahangir Hacıyevin həbsindən sonra onunla Adil Hüseynov arasında üzləşdirmə keçirilibmi” sualına vəkil belə cavab verib: “Hələlik, hər hansı bir üzləşdirmə olmayıb. Cahangir Hacıyevin dindirilib-dindirilməməsi haqda da məlumatsızam”.

Vəkil deyib ki, bu haqda məlumatsız olduqlarından hər hansı bir addım atılması haqda qərar da verə bilmirlər: “Bəlkə Cahangir Hacıyev Adil Hüseynovun istintaqa verdiyi ifadələri təsdiqləyəcək. Deyəcək ki, Adil Hüseynovun ayağına yazılan pulu onun göstərişi ilə ayırıblar. Belə olduğu halda ziddiyyət də olmayacaq. Buna görə də bizim hər hansı bir addım atmağımız üçün əsas da qalmır. Cahangir Hacıyevin ifadəsi ilə tanış olandan sonra nəsə demək olar”.

Vəkilin C.Hacıyevin həbs olunmasına münasibəti belə oldu: “Bu günə qədər deyirdik ki, onu qanunsuz olaraq həbs edib təqsirləndirilənlərin sırasına daxil etmirlər”.

Bu gün “Beynəlxalq bank işi” üzrə onlarla şəxs həbsdədir. Onların sırasında günəş batareyalarının quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri Adil Mikayılov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz, “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirov da var. K.Nəsibob əvvəlki açıqlamalarında demişdi ki, onun müvəkili Adil Hüseynov da daxil olmaqla bu şəxslər kreditlərin alınması haqda sənədlərə sadəcə, qol çəkiblər

Sitat: “Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər və bütün əmlaklarını satsalar belə heç 3-4 milyon qaytara bilməzlər. Bu adamlar birbaşa Cahangir Hacıyevin adamlarıdır. Bu kreditlər birbaşa Beynəlxalq Bank rəhbərliyinin göstərişi, tapşırığı ilə verilən məbləğlərdir. Tutulanlar isə sadəcə icraçılardır.

Şirkətlərdə direktor vəzifəsinə təyin olunublar, maaşlarını alıb sənədlərə qol çəkiblər. Onlar milyonluq kreditlərin sənədlərini görüblər. Göstərişləri yerinə yetiriblər. Adil Hüseynov və Erhan Yavuz cavandırlar, digər 2 şəxsi isə yaşlı adamlardır. Onlar 1 qəpiyin yiyəsi olmaya-olmaya həbsdədirlər”.

E.MƏMMƏDƏLİYEV
musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar