Sabah dünya gücləri ABŞ-da toplaşır

17-12-2015, 10:04   
Sabah dünya gücləri ABŞ-da toplaşır

Suriya və Əsədin taleyi ilə bağlı növbəti müzakirələr başlayır

Suriya münaqişəsi sabah Nyu-Yorkda növbəti dəfə müzakirəyə çıxarılacaq. Dünya gücləri toplantıda Suriya lideri Bəşər Əsədin də taleyini müəyyən etməyə çalışacaqlar. BBC-nin məlumatına görə, iclasda ötən ay Vyanada razılaşdırılmış sülh prosesinin prinsiplərini təsdiq edən BMT qətnaməsi də qəbul ediləcək.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-la birgə müxalifət nümayəndə heyətinin (Suriya müxalifəti-red:) tərkibi kimi, mübahisəli məsələlər üzərində işləyirlər.


ABŞ dövlət katibi Con Kerri artıq bu istiqamətdə bəzi razılaşmaların əldə edildiyini açıqlayıb.

Suriyada hava hücumlarını həyata keçirən Rusiya yalnız IŞID terrorçularını hədəflədiyini bildirir. Suriyalı fəallar isə Rusiyanın Qərbin dəstəklədiyi üsyançı qrupları hədəf aldığını deyirlər.

Rusiya ilə ABŞ arasında Suriya prezidenti Bəşər Əsədin keçid dövründə hansı rolu oynaması ilə bağlı fikir ayrılıqları qalmaqda davam edir.

Birləşmiş Ştatlar Əsədin hakimiyyətdən birmənalı olaraq getməsini istəyir. Moskva isə bəyan edir ki, Suriya xalqı öz taleyini özü həll edə bilər.

BBC-nin əməkdaşı Barbara Pletin sözlərinə görə, Kerri Rusiyanın münaqişədəki rolunun fərqindədir: “Kerri bilir ki, rusların bu məsələdə əvəzolunmaz rolu var. Çünki Suriya prezidenti Bəşər Əsədi danışıqlar masasına yalnız onlar gətirəbiləcək”.

Ötən ilin sentyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada IŞID mövqelərinə qarşı hava əməliyyatlarına başlayıb. Suriya müxalifətini dəstəkləyən ABŞ 2012-ci ilin Cenevrə razılaşmasına uyğun olaraq keçid hökumətinin formalaşmasını və prezident Əsədin hakimiyyətdən getməsini istəyir.

Prezident Əsədin əleyhdarlarına qarşı hava əməliyyatlarına başlayan Rusiya da Cenevrə razılaşmasına əməl edilməsini istəyir. Amma Rusiya hesab edir ki, Bəşər Əsədin gələcəyini xarici qüvvələr yox, Suriya xalqı müəyyən etməlidir.

Suriyanın siyasi və silahlı müxalifətinin əksəriyyəti keçid hakimiyyətinin zəruriliyi ilə razılaşsa da, Bəşər Əsədin getməsini tələb edir.

Bəşər Əsəd özü isə seçkilər baş tutmamış vəzifədən getməyəcəyini bildirib. Və əlavə edib ki, terrorçuların işğalı altında olan ölkədə seçkilər keçirilə bilməz.

2011-ci ilin martından bu yana Suriyada 250 mindən artıq insan həlak olub. Milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar