Əhali əmanətlərini banklardan çıxarır
Növbəti devalvasiya qorxusu insanları təlaşa salıb; manat dollar qarşısında azı 20 faiz dəyərdən düşəcək
Xəbər verildiyi kimi, ölkə əhalisinin banklardakı əmanətləri noyabrda 138,9 milyon manat azalıb. Bu ayın əvvəlinə əmanətlər milli valyuta ekvivalentində 7,2 milyard manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Həmçinin bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə, əmanətlərin həcmi 2,4 faiz və ya 167,5 milyon manat artıb.
Məsələni şərh edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, əmanətlərin strukturuna diqqət yetirəndə banklarda manatın azaldığı, dolların isə artdığı müşahidə edilir. Ekspertin fikrincə, ümumilikdə əmanətlərin həcmi azalmaqdadır. Bu da ölkədə vətəndaşların əmanətlərini bankdan çıxararaq evdə saxlamağa üstünlük verməsilə əlaqədardır: “Vətəndaşlar manatla olan əmanətlərini dollara çevirərək evdə saxlamağa başlayıb. Onlar banklara etimad göstərmir və inanmırlar. Proses ilk növbədə 21 fevral devalvasiyasının nəticələrinə hesablanıb və indi özünü göstərməyə başlayıb”.
Ekspert əhali arasında növbəti devalvasiya təlaşına diqqət çəkərək, bu faktorun da əmanətlərin həcminin azalmasına təsir göstərdiyini vurğulayır. Eyni zamanda, hökumətin pul-kredit siyasətinə əsasən, gələn il manatın stabil saxlanılacağı barədə rəsmi məlumatı da yada salır: “Şəxsən mən hesab edirəm ki, manatın növbəti devalvasiyasi baş verəcək. Lakin proses 21 fevraldakı kimi, birdən-birə 34 faiz dəyər itkisilə deyil, yavaş-yavaş, üzən məzənnə ilə gedəcək. 2016-ci ildə milli valyutanın məzənnəsi təxminən 20 faizə qədər düşəcək”.
Nigar