Rusiyanın Suriyada apardığı hava kampaniyası bir həftədən bir qədər çoxdur ki, davam edir və indi bu kampaniyanın nəyə nail olduğunu təhlil etmək mümkündür. Hansı silahlardan istifadə edilir, kampaniyanın gələcəyi necə olacaq və sair.
Artıq indidən görünən budur ki, kampaniyanın ilkin mərhələsi başa çatıb və Suriyanın hökumət qüvvələri və onun müttəfiqləri Rusiyanın havadan dəstəyi ilə quru üzərində yerli hücum əməliyyatlarına başlaya bilər.
Rusiyanın Latakiyada ilk dəfə qüvvə cəmləşdirməyə başladığı vaxtdan bəri, ABŞ-da mənzillənmiş CNA Corporation mərkəzindən analitik Michael Kofman bu hava kampaniyasını diqqətlə izləyir.
Müşahidələrdən bir həftə sonra mən onun ilkin qiymətləndirməsini xəbər alıram. Rusiyanın hava hücumlarının sayı və intensivliyi Moskvanın hədəfləri və daha geniş strateji məqsədləri haqda hər hansı aydın nəticə çıxarmaq imkanı verirmi?
“Rusiyanın əməliyyat intensivliyi – deyir təhliçi, - Günə 20-dək uçuşdur. Bu, çox da intensiv deyil, amma orada, əllərində olan idarəetmə sistemlərinə baxanda, babat intensivlik sayıla bilər”.
Rusiya hərbiyyəsi Xəzər Dənizindəki gəmilərdən Suriyada olan hədəflərə raket zərbələri endirdiyini bildirib.
O deyir ki, hədəflər bəllidir. “Bunlar Suriya kəşfiyyatına məlum olan silah anbarlarının ərazisi, sursat saxlancları, istehsalat qurğuları və komanda-nəzarət infrastrukturudur”.
Rusiya həmçinin onların Suriya ordusundan qənimət götürdükləri tankları, zirehli maşınları və raket artilleriyasını məhv etməklə, müxalifət qüvvələrini zəiflətməyə çalışır.
Rusiya kimləri vurur?
Əsas hədəflər İdlib və Hələbdən şimalda Nusra Cəbhəsinin rəhbərliyi altında birləşən qruplanşmaların koalisiyası və bununla yanaşı, həm də Suriya hökumət qoşunlarının mövqelərindən şərqdə yerləşən Homs və Hama yaxınlığında ABŞ koalisiyasının üzvləri tərəfindən dəstəklənən müxtəlif qiyamçı qruplardır.
Onun sözlərinə görə, “bunlar Əsəd üçün əsas təhlükədir və Suriyanın qurudan əks-həmlələri güman ki, burada başlayacaq. Buna görə də kampaniyanın məqsədi həmin qruplaşmaları zəiflətmək, onların silah-sursatını tükətməkdir”.
Əlbəttə, Rusiyanın Suriyada apardığı hava kampaniyasında ən sual doğuran məsələ kimlərin bombalanması və hədəflənməsi məsələsidir. Bir tərəfdən Rusiya bildirir ki, İslam Dövləti adlanan qruplaşmaya hücum edir, lakin digər tərəfdən Moskva geniş mənada “terrorçu qruplaşmalar”dan danışır.
Elə isə Rusiya İD-i nə dərəcədə vurur? Michael Kofman buna şübhə ilə yanaşır.
“Mənə belə gəlir ki, - deyir Kofman, - İD-ə qarşı zərbələr görüntü yaratmaq və ümumikdə hava kampaniyasına haqq qazandırmaq üçün endirilir. Rusiya hücumlarının əsas diqqəti Suriya ordusunun yaxınlığında mövqelənmiş və İD-ə aidiyyəti olmayan qruplaşmalara yönəldilib”.
Onun fikrincə, ilkin və ya hazırlıq zərbələrindən sonra, hava kampaniyasının hədəfi torpaq üzərində Suriya hökumət qüvvələrinin möhkəmləndirilməsinə daha çox yönələcək. “Bütün əlamətlər göstərir ki, birləşmiş Suriya, İran və bəlkə də Hizbullah qüvvələri itirilmiş əraziləri geri almağa cəhd göstərəcək.
Tuşlanan və tuşlanmayan raketlər
Güman edilir ki, prezident Vladimir Putin Suriya ilə bağlı gələcək tənzimləmə prosesində mövqelərini gücləndirmək istəyir.
Rusiya hava kampaniyasının ziddiyyətli aspektlərindən biri də onun istifadə etdiyi silah növləridir. İndiyədək geniş mənada Qərb kampaniyaları zamanı lüzumsuz mülki itkilərə yol verilməməsi üçün dəqiq tuşlanan mərmilərdən istifadə olunub. (Lakin ABŞ-ın Əfqanıstandakı xəstəxanaya zərbə endirməsi göstərir ki, hətta dəqiq silahlarla da səhvə yol vermək mümkündür).
Michael Kofman qeyd edir ki, Rusiyanın Suriyada istifadə etdiyi bombaların əksəriyyəti orta hündürlükdən atılan, tuşlanmayan, adi “cazibə” bombalarıdır.
Bunların tipləri müxtəlifdir: “Adi tipli FAB-500 bombalarından tutmuş yüksək partladıcılıq qabiliyyətinə malik OFAB 250-270 tipli mərmilərə və bunkerbasan BETAB-M raketlərinə və tank əleyhinə saçma RBK-500 SPBE-D raketlərinədək müxtəlif silahlardan istifadə olunur”.
“O, deyir ki, yalnız az miqdarda dəqiq tuşlanan silahlardan istifadə edilir. Zərbələrin təxminən yalnız 15-20 faizi məsələn, peyklə tuşlanan KAB-500S və ya lazerlə nişan alan Kh-29ML tipli raketlərlə endirilir. Belə görünür ki, Rusiyanın ən müasir taktiki zərbə təyyarəsi Su-34 peyklə tuşlanan raketləri daşıyır, - deyir təhlilçi, - digər tərəfdən Su-24M2 tipli köhnə qırıcılar əsas etibari ilə tuşlanmayan və ya bəzən lazerlə tuşlanan silahlardan istifadə edirlər”.
Xəzərə ehtiyac yox idi
Son günlər Rusiya həmçinin Xəzər dənizindəki hərbi gəmilərdən uzaqmənzilli raketlər atmağa başlayıb. Bir çox qərb analitikləri kimi Michael Kofman da düşünür ki, burada daha çox “tamaşa” elementi olub.
“Bu, dəqiq uzaqmənizlli hücum qabiliyyətinin nümayişi idi, - deyir o, - onlar ictimaiyyətə göstərmək istəyirlər ki, ABŞ-la müqayisə olunacaq qabiliyyətə malikdirlər. Əslində 1500 kilometr aralıda olan Xəzər dənizindən bahalı raketlərin atılmasına ağlabatan hərbi zərurət yox idi. Üstəlik Rusiya özünün Xəzər donanmasında bu rakletləri daha əvvəl sınaqdan çıxarmışdı. Bu raket zərbələri effektli bir şou olsa da, onun nəticələrini Ruysiyanın Suriyadakı qüvvələri ilə də əldə etmək oalrdı”.
Elə isə daha geniş Rusiya strategiyası nədir? Kofman deyir ki, bunun artıq konturları seçilir və qarşıdan gələn bir neçə ay üçün aydın məqsəd mövcuddur. Hərçənd ola bilsin ki, strategiya tam işlənib başa çatmayıb. Lakin bu strategiyanın məqsədləri məhduddur.
Ən çox güman edilən budur ki, Suriya ordusu bu yaxınlarda itirdiyi torpaqların bəzisini geri ala və bundan sonra Rusiya və İranın dəstəyi ilə nəzarəti əldə saxlaya bilər.
Rusiya ilə danışmaq lazım gələcək
Lakin o inanır ki, bu, qaçılmaz şəkildə Rusiya ilə Qərb (və Qərbin Körfəz müttəfiqləri) arasında gərginlikləri artıracaq. O narahatdır ki, məhz bu, ABŞ tərəfindən dəstəklənən doyüşçülərin və onun müttəfiqlərinin məğlubiyyəti ilə nəticələnərək Əsədin alternativi olaraq yalnız İslam Dövlətini və Nusra Cəbhəsini üzdə saxlayacaq.
"Mən şübhələnirəm ki, bu, elə Rusiyanın əldə etmək istədiyidir: Suriya ordusu üçün mövcud təhlükəni ləğv edərək Əsəd üçün heç bir əhəmiyyətli müxalifət saxlamamaq və eyni zamanda öz qüvvələrini anti-İD koalisiyasının bir hissəsi kimi legitimləşdirmək. Bunun ardınca Rusiya çox güman ki, yeni siyasi proses üçün Avropanın dəstəyini istəyəcək və Əsədin yaxın müddətdə hakimiyyətdə qalması məqsədilə ABŞ-ı danışıqlar masasına oturmağa vadar edəcək”.
O, qeyd edir ki, hazırda yaranmış situasiyanın ən böyük paradokslarından biri də budur ki, “İD-ə qarşı daha sərt Amerika kampaniyası Rusiyanın məqsədləri ilə uyğundur və Əsəd üçün məğlubiyyətsiz ssenari yaradır. Əsəd olsa da, olmasa da, Qərb Suriya münaqişəsinin çözümü üçün Rusiya ilə birbaşa, həm də çox güman bərabər səviyyədə danışmalı olacaq”.
musavat,com