Qaz vurub-qazan dolduran məmur-biznesmenlər

13-10-2015, 09:47   
Qaz vurub-qazan dolduran məmur-biznesmenlər
Dövlət məmurlarının vəzifə səlahiyyətindən sui-istifadə edərək, özəlləşmə adı ilə fəaliyyətini dayandırmış keçmiş idarə və təşkilatların binalarını, torpaq sahələrini özəlləşdirib şəxsi əmlaka çevirmələri, ən uyğun yerlərdə torpaq sahələrini alıb öz şəxsi bizneslərini qurduqları barədə məlumatlar vermişik.

Belə məmurlardan biri də Melorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabaddakı idarəsinin müdiri Əliş Talıbovdur. O, illər öncə Sabirabaddakı bəndatma idarəsinə rəhbərlik etdiyi vaxtlarda 100 hektarlarla torpağı ələ keçirib. Artıq demək olar, beş-on məmurun əlindən rayon ərazisində bir qarış torpaq sahəsi qalmayıb ki, hansısa vətəndaş ailəsini dolandırmaq, kiçik biznes qurmaq üçün beş-on kvadratmetrlik torpaq sahəsi tapıb bir obyekt tiksin.

Ə.Talıbov Qasımbəyli kəndi ərazisində şəxsi heyvandarlıq ferması yaradıb. Bundan sonra biznesini daha da inkişaf etdirərək, rayonun mərkəzi küçəsi H.Əliyev prospektində “Şirvan” kafesini tikdirib, onun yaxınlığında başqa bir obyekt tikib qəssab dükanı kimi icarəyə verib, həmin ərazinin yaxınlığında inkubator sexi açıb, Babək küçəsində TREST idarəsinin 8 nömrəli Texniki təsərrüfatına aid torpaq sahəsini də özününkü edib.

Ataların belə bir məsəli var: çayın suyu, çayın daşı. Yəqin Talıbov da bu məsəldən yaxşı yararlanaraq işçisi olduğu cəmiyyətin rayondakı idarəsinin bütün səlahiyyətlərindən, texnikasından şəxsi əmlakı kimi istifadə edir. Ələ keçirdiyi torpaq sahələrinin əkilib-becərilməsində, fermasının inkişafında, rayondakı yeni biznes obyektlərini inşa etməkdə heç bir çətinliyi olmayıb. Görəsən prezident ASC sədri Əhmədzadəni “Şöhrət” ordeni ilə onun Aran bölgəsində (yüzlərlə faktlar gətirərəm) sadə kəndçilərin və kiçik fermerlərin əkin sahələrini susuzluqdan məhv olmasındakı fəaliyyətinə görə təltif edib, yoxsa Əhmədzadənin Əliş Talıbov kimi məmurlarının dövlət hesabına şəxsi bizneslərini belə yüksək səviyyədə inkişaf etdirdiklərinə görə… Bəlkə də nazir Əhmədzadənin görünməyən yüksək səviyyədə başqa iş üslubu var, biz bilmirik, ancaq görünəni, gerçək faktları dilə gətiririk.

Hazırda iqtisadi böhranla əlaqədar büdcədə yaranan kəsirlərə görə kiçik sahibkarlıqla məşğul olan sadə vətəndaşları gözümçıxdıya salır, vergilərini bir neçə dəfə artırırlar. Yaxşı olar ki, bu tip məmurların şəxsi biznes obyektlərini, fermalarını, bahalı avtomobillərini hansı pullarla aldıqlarını araşdırıb vergiyə cəlb etsinlər. Onda həm korrupsiyanın qarşısı alınar, büdcədə də heç bir kəsir olmaz.

Zaur Ağayev, hüquq müdafiəçisi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar