Hələ 2010-cu il seçkilərində adı “milyonçu deputat” olaraq adlanan Rafael Cəbrayılovun banklara olan borcları onun işini çətinləşdirib.
Yenilik.Az azxeber.com-a istinadən xəbər verir ki, son deputatlıqdan öncə qurduğu tikinti imperiyasından qazandığı milyonları yavaş-yavaş itirməyə başlayan R.Cəbrayılovun pulunun bitməsi onun üçün vəziyyəti daha da çətinləşdirib. “Biznesmen deputat” küllü miqdarda banklardan götürdüyü kreditləri hələ də geri ödəyə bilmir.
Bundan başqa R.Cəbrayılovun bir neçə il bundan öncə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən də hədələnməsi onun işini daha da müşkülə salıb.
Belə ki, Elşad Abdullayev 2012-ci ildə keçmiş deputat Gülər Əhmədova haqqında məlum videogörüntüləri yayımlayarkən Rafael Cəbrayılov haqqında da iddia irəli sürmüşdü. Həmin məlumatda Rafael Cəbrayılovun «rüşvət» müqabilində deputat seçildiyi iddiası öz əksini tapmışdı.
Həmin dövürlərdə Gülər Əhmədovanın mandatının əlindən alınması və həbsə düşməsindən sonra Rafael Cəbrayılov Gülə Əhmədova ilə heç bir münasibəti olmadığını söyləmişdi. Deputat o zamanlar məhz iddialara tutarlı cavab verə bilmədiyi üçün zaman-zaman mətbuatdan qaçmağı üstün tutmuşdu.
Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur.
Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib.
İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Əks təqdirdə keçən seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini irəli sürən R.Cəbrayılov seçilmək şansını daha da artırmaq üçün Binəqədidən 46 saylı Şirvan seçki dairəsinə hərtəkət istiqamətini dəyişməzdi.
Mövzu ilə bağlı qarşı tərəfin də fikrini yayımlamağa hazırıq.
Yenilik.Az: