.
Solçuların Ankara mitinqində törədilmiş qətliam (96 ölü və 260 yaralı) deja vyu effekti yaradır. Olub bunların hamısı - “qurğuşunlu onillik”də.
Bu terminlə 1969-cu ildə başlayıb tam da olmasa 1980-cı ildə qapanan faciəvi hadisələr silsiləsini adlandırırlar. Və o, heç də təkcə Türkiyəni əhatə etməyib.
“Gərginlik strategiyası” adlandırılan niyyətə əsaslanmış o faciələr ABŞ-da da (“qara bəbirlər”ə, “uizermenlər”ə, hindu və zənci fəallarına qarşı), Avropada da (kommunistlərə və radikal Sol qruplara qarşı) həyata keçirilib və istisnasız olaraq dövlət siyasəti olub.
Türkiyənin 1970-ci illəri qətliamlar, küçə döyüşləri və fərdi terrorun bayrağı altında keçib. Ankaradakı 10 oktyabr qətliamı da sanki 1977-ci ilin 1 may qətliamının bənzəridir (sadəcə ikincisində ölü sayı az idi).
Çoxdan sirr deyil ki, o 1 mayı kimlər, niyə və hansı mərkəzin sifarişi ilə törətmişdi. Madam ki tarixi təcrübə və çoxsaylı misallar var, onda Ankaradakı qətliamın arxasında kimlərin durduğunu da anlamaq qətiyyən çətin olmayacaq. Digər versiyalar yalnız izi itirmək üçün uydurulub və “gərginlik strategiyası” planının ayrılmaz hissəsidir.
1970-ci illərin Avropasında bu cür qətlaimları “Qladio əməliyyatı” çərçivəsində NATO törədirdi. Əsas məqsəd də “qırmızı təhlükə”nin qarşısını almaq, yəni Sol qüvvələri ləkələmək, onlarla mübarizə aparmaq idi.
Əlbəttə, o vaxtların Avropasında Sol terror da vardı (RAF, “Qırmızı briqadalar”, “Aksyon Direkt”, “Silahlı proletar hücrələri”, çeşidli anarxistlər...).
Ancaq onlar heç vaxt sıravi vətəndaşları hədəf seçməyib, kütləvi qətliamlar törətməyib, yalnız konkret sinfi düşmənləri cəzalandırıb. “Qladio” isə qanlı olayları ilə həm ultrasol təşkilatları (qeyri-sistem müxalifəti) gözdən salır, həm də güclənən leqal kommunist təşkilatlarının hakimiyyətə dinc yolla gəlmək ehtimalını yox etmək istəyirdi.
Bu cür ehtimal isə tamamilə gerçək idi: İtaliyada çox güclü Kommunist Partiyası sosialistlərlə sazişə gedərək “Böyük koalisiya”ya hazırlaşırdı. Fransada çoxmilyonlu kommunist partiyası seçkilərdə yüksək nəticələr göstərirdi. Qərbi Almaniyada isə gənc nəsil və Sol ideyalarla silahlanmış intellektuallar keçmiş nasistlərin yuksək vəzifələrdən uzaqlaşdırılmasını tələb edərək öz ölkələrini “nasist ölkəsi” adlandırırdı.
Sol perspektivə qarşı hakim siniflər terror dili ilə danışırdı. Hər dəfə də işlədikləri cinayətləri solçuların üstünə atırdı.
1969-cu ildə İtaliyada Milan qətliamını anarxistlərin üzərinə atırlar və “Bakunin” qrupunun onlarla üzvü heç bir günah işləmədikləri halda həbs olunur, anarxist Pyetro Valdreda isə polis şöbəsində qətlə yetirilir. Halbuki 16 nəfərin həlak olduğu Milan olayı ilə solçuların heç bir əlaqəsi yox idi. Qətliamı hakimiyyətin sifarişi ilə ultrasağçılar törətmişdi.
Daha dəşətli faciə 1980-cı ilin 2 avqustunda Bolonya vağzalında törədilir. Bomba partlayışı 85 adamın həyatına son qoyur, 200 nəfər yaralanır. İtaliya hakimiyyəti və onun təbliğat resursları baiskar kimi “Qırmızı briqadalar”ı göstərirlər.
İllər ərzində ictimai rəy bu yalanla yemləndirilir. Yalnız 7 il sonra həlak olanların ailələrinin permanent tələbləri qarşısında 2 neofaşist (Valerio Fyoravanti və onun həyat yoldaşı Françeska Mambro) məhkəmə qarşısına çıxarılır. Sifarişin iqtidar dairələrindən gəldiyi sübut olunur. Fyoravanti və Mambro isə artıq çoxdan azadlıqdadır.
Türkiyədə 1970-ci illər boyunca terror aktlarında minlərlə insan qətlə yetirildi. Burada “Qladio” Sol perspektivin qarşısına millətçiləri və islamçıları çıxardı. Hər şey onunla bitdi ki, ABŞ başda olmaqla Qərb imperializmi hakimiyyətə Kenan Evreni gətirdi. “Gərginlik strategiyası” planı ssenaistlərin istədikləri nəticə ilə də bitdi.
Bütün bu hallarda qətliamların tətikçiləri sifarişçilərin (hakim siniflər və Qərb imperializminin) nəzarətində olublar. Yəni proseslər spontan yox, planauyğun gedib. Elə 1970-lərin Türkiyəsində də NATO-ya tabe hərbi elita nəinki qanlı olaylarla effektiv mübarizə cəhdində bulunmayıb, əksinə, terror ocağını daim daha da alovlandırıb. Və keçmişdə yaşanmış bu faciələr indi baş verənləri (Suruç və Ankara qətliamları da daxil olmaqla) anlamaqda əvəzsiz yardımçıdır.
Ankaradakı “Əmək, Sülh və Demokratiya” mitinqinin iştirakçıları həmkarlar təşkilatları (DISK, KESK, həkimlərin və vəkillərin həmkarlar təşkilatları) və Sol partiyalar (EMEP, HDP, kommunist qruplar) idi. Siyasi spektrin o kəsimi ki, son illər yalnız reytinq toplayıb və bazasını genişləndirib.
Bu vəziyyət yalnız iqtidar partiyasına sərf etmir. Onlar üçün həm ölkədə xaos vəziyyətinin yaranmasını (və özlərinin əvəzedilməzliyini) təbliğ etmək, həm də Sol təşkilatları baiskar saymaqla gözdən salmaq arxi-vacib məsələdir. Nəticədə solçu gənc və intellektuallar öldürülür, günahkar isə elə Sol qruplar elan olunur. Bu variant ümumiyyətlə gerizəkalılar üçündür.
Və bu varianta inananların sayının sürətlə azaldığını nəzərə alaraq bu dəfə həm də İŞİD-in adı çəkilir. Yəni iqtidar mənsubları terrorda baiskar kimi İŞİD-i göstərərək yenə də ritorik “Terrorla mübarizə aparacağıq” vədlərini verirlər. Halbuki bu mübarizənin nədən ibarət olduğu müəmmadır.
Əlbəttə, terrorçuların İŞİD-çi olduğu ehtimalı ən real ehtimaldır. Ancaq bu, o demək deyil ki, ifaçılarla sifarişçilər eynidir. İŞİD ifa edir, sifarişisi isə iqtidar verir. O iqtidar ki, İŞİD-lə iş ortaqlığında olub, üstəlik Türkiyə ərazisində bu apokaliptik kultun adeptlərini nəzarətdə saxlayıb. Özünə gərək olanda isə istifadəyə buraxıb.
Əks halda necə izah edəsən ki, Ankara mitinqinin keçirildiyi ərazini polis qorumurdu, yaxud partlayışdan sonra gələn polis rezin güllələrlə, gözyaşardıcı qazlarla salamat qalan mitinqçiləri qovur, yaralılara yardım göstərilməsinə mane olur, hadisədən dərhal sonra isə iqtidar Türkiyədəki İŞİD-çilərin əsas siyahısını açıqlayır?! Yəni siyahı əvvəldən bəlli idi, ancaq adları çəkilən 21 nəfər terrorçunu heç kim axtarıb həbs etmirdi.
Qanlı olay yalnız AKP-yə sərf edir. Çoxdan öz diktator təbiri ilə gözdən düşmüş Ərdoğana seçkilər yox, vətəndaşları daxili (solçular) və xarici (İŞİD) düşmənlərin ölkəni xaosa sürüklədikləri iddiası ilə qorxudaraq “monarx”a çevrilmək lazımdır. Qarışıqlıq və terror bu yolda ona yardımçıdır...
Məmməd Süleymanov
Virtualaz.org