Məktəblilər özlərini niyə öldürürlər? - Nazirlikdən açıqlama

15-10-2015, 19:32   

Əvvəllər məktəb yaşlı uşaqların intihar etməsi hadisələri ilə bağlı xəbərlərə çox rast gəlinirdisə, son iki gündə şagirdlər arasında kriminal hadisələrin baş verməsi, məktəblilər tərəfindən cinayət törədilməsi faktları da gündəmə damğasını vurub.

Belə ki, Zaqatala rayon prokurorluğundan Milli.Az-a bildiriblər ki, oktyabrın 14-də Zaqatalada 2001-ci il təvəllüdlü, 9-cu sinif şagirdi Murad Möhsüm oğlu Məmmədov özündən 2 yaş böyük, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadəni şəxsi münasibətlər zəminində bıçaqla qətl yetirib. Report-un məlumatına görə, bu gün isə Bakı şəhəri, Səbail rayonu, 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib. Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb.

Milli.Az Təhsil Nazirliyinə ölkədə məktəb yaşlı uşaqlar arasında baş verən kriminal hadisələrin, o cümlədən intihar hallarının qarşısının alınması istiqamətində hansı profilaktik işlər aparılması, eləcə də orta ümumtəhsil müəssisələrdə psixoloqların təyinatı və ya hansı əlavə tədbirlərin görülməsinin nəzərdə tutulduğu ilə bağlı sorğu ünvanlayıb.

Nazirlikdən bildiriblər ki, baş verən intihar hadisələri məktəb rəhbərliyi və pedaqoji kollektivlər tərəfindən şagirdlərin özünəməxsus fərdi xüsusiyyətlərinin, hissi-emosional daxili aləminin, həyata baxışlarının, istək və arzularının, ailələrdəki sosial-psixoloji durumun daha dərindən öyrənilməsi, məktəb-ailə, məktəb-valideyn münasibətlərinin yeni yanaşmalar əsasında qurulması zərurətini yaradır: "Bununla əlaqədar ümumtəhsil məktəblərində aidiyyəti təşkilatların iştirakı ilə xüsusi tədbirlərin təşkili, təlimati metodik tövsiyələrin hazırlanması planlaşdırılır".

Lakin nazirlikdən məktəb yaşlı uşaqların iştirakı ilə kriminal hadisələrin baş verməsinin qarşısının alınması üçün əlavə hansı tədbirlərin görüləcəyi və psixoloqların təyinatı məsələsinə aydınlıq gətirilməyib.

İlkin İzzət
Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar