İkinci Dünya Müharibəsi bitəndən sonra SSRİ ilə ABŞ arasında elə bir ciddi fikir ayrılığı, ziddiyyət yox idi ki, gətirib “soyuq müharibə” və ya qarşıdurmaya çıxarsın. Bütün ziddiyyətlər ideoloji amillərdən yarandı. “Dünyanın bölüşdürülməsi” zamanı ortaya çıxan iddialar və güc nümayişləri də burada rol oynadı.
Avropa darmadağın olmuş, hətta dövrün ən güclü dövləti olan, Şərqdən Qərbə qədər müstəmləkələr sahibi Böyük Britaniya belə, 1945-ci ildən sonra “qınına çəkilmişdi”. Böyük Britaniya 30 il ərzində bir-bir bütün müstəmləkələrdən əl çəkdi və hərbi xərclərini nisbətən azaltdı.
Fransa da eyni vəziyyəti yaşayırdı. Lakin əlbəttə ki, Britaniya da, Fransa da ABŞ və SSRİ ilə “qənimətlərin bölüşdürülməsində” iştirak etdilər.
Almaniyanın qərbində yeni dövlətin yaradılması bu dövlətlərin birgə qərarı ilə baş tutsa da, ABŞ təminatı və nəzarəti altında oldu.
Avropadan qaçan yəhudi alimləri və iş adamları, eləcə də digər millətlərdən olan intellektuallar ABŞ-a sığınmışdı. ABŞ isə “Yeni dünya”nın təmsilçisi olaraq özünü daha təhlükəsiz, daha rahat hiss edirdi. Çünki müharibə onun ərazilərində getməmişdi.
ABŞ-ın xarici siyasətdə “dəstəkçi” funksiyasından “təşəbbüskar” roluna keçidi Trumen dövrünə təsadüf etdi. Əslində, “təsadüf” bu yerdə yad ifadə sayıla bilər. Çünki Trumenin ətrafında onu daha qətiyyətli davranmağa, iddialar irəli sürməyə, hətta atom bombası partlatmağa həvəsləndirən bir komanda cəmlənmişdi.
Hərbi xərclərin artması iqtisadiyyata zərbə hesab olunsa da, Qərbin texnoloji inkişafı və iqtisadi çiçəklənməsi, ABŞ-ın dünya siyasətinin sükanı arxasına keçməsi məhz “Soyuq müharibə” sayəsində oldu. Burda bir neçə məqama diqqət çəkmək lazımdır:
Birinci məqam – infrastrukturu dağılmış Qərbi Avropa ölkələri “bərpa dövründə” ABŞ-ın əsas müştərilərinə çevrildilər. Avropanın Amerikadan iqtisadi asılılığı avropalı siyasətçiləri Vaşinqtonla münasibətlərdə daha loyal və daha mülayim olmağa vadar etdi.
İkinci məqam – Almaniyanın şərqində və Şərqi Avropa ölkələrində möhkəmlənən SSRİ, kommunizmi Qərbə doğru yönəltmək qərarı aldı ki, “müzəffər sovet qoşunlarının” qarşısını almaq üçün ya şeytanla ittifaqa getmək lazım idi, ya da ABŞ-la. Üçüncü seçim taleyin axarına təslim olmaq və sosialist qrupların təhlükə törədəcək qədər böyüməsini gözləmək. ABŞ siyasi və diplomatik danışıqlarda həm vasitəçi, həm də söz sahibinə çevrildi. Artıq Moskvada oturanlar öz “istəyirəm”ləri qarşısında daha sərt bir “olmaz”la qarşılaşacaqdı.
Üçüncü məqam – Hərbi alyans ehtiyacı. Əlbəttə ki, iqtisadi infrastrukturun bərpası ordunun bərpası ilə paralel getməli idi. Bütün bu çətinliklər, artıq xərclər uzun bir proses tələb edirdi. Məsələn, Avropanın yenidən özünə gəlməsi üçün lazım olan 40-50 illik bir dövrü ABŞ-ın təşəbbüsləri iki dəfə, üç dəfə qısaltmış oldu. Söhbət NATO-dan gedir ki, həm açıq hərbi güclərin formalaşması, həm də gizli silahlı dəstələr və agentura şəbəkələri vasitəsi ilə SSRİ meyilli güclərin zərərsizləşdirilməsində önəmli rol oynadı.
Dördüncü məqam – “Xarici düşmən” təbliğatları. İstər Avropa, istərsə də ABŞ-da cəmiyyəti idarə etmək və sabitliyi bərpa etmək üçün “Hitlerin davamçısı” kimi, yeni işğalçı obrazında Stalini və SSRİ-ni təqdim etmək inkişaf üçün yeni zəmin yaratmış oldu. Necə? Hərbi sənayeyə və yeni hərbi texnologiyaların hazırlanmasına, tədqiqatlara ayrılan külli miqdarda vəsait cəmiyyətlər tərəfindən razılıqla və sükutla qarşılandı. Yalnız bu, birtərəfli baş vermədi.
Hərbi texnologiyalar sahəsindəki yeni tapıntılar və nailiyyətlər mülki sahələrdə də özünü göstərdi. Bir tərəfdən, burda hərbi sənaye kapitalistlərinin də rolunu qeyd etmək yerinə düşər. Çünki əlində milyardlar cəmləşən silah istehsalçıları digər sahələrin də texnoloji cəhətdən inkişafında maraqlı oldular. Kompyuter texnologiyaları və İnternetin də məhz hərbi təyinatlı tədqiqatların bəhrəsi olduğunu yada salaq.
Beşinci məqam – Nüvə gücü. ABŞ-ın nüvə silahı onu qlobal oyunçuya çevirdi. Lakin “nüvə dövlətləri”nin sayının tədricən artması yeni zərurətlər, ehtiyatlı addımlara ehtiyac ortaya çıxardı. Burda da ABŞ və Avropa SSRİ ilə dialoqa getməyi seçdilər. Lakin “Soyuq müharibə” davam etməli və bir güc digərini “yeməli” idi. Güc isə yalnız silahda yox, pulda ola bilərdi. Nüvə gücləri öz siyasi və hərbi nüfuzlarından yeni maliyyə sistemləri yaratmaq üçün istifadə etdilər.
Altıncı məqam – Çinin uğursuzluğu. Dünyanın ən izdihamlı ölkəsi Çin iqtisadi baxımdan sarsıldıqdan və SSRİ ilə ziddiyyətlərə girdikdən sonra ABŞ bu fürsətdən lazımınca istifadə etdi. Nəticədə, 1970-ci illərdən bəri ucuz işçi qüvvəsinin əsas mənbəyi olan Çin dünyanın supergüclərindən birinə çevrildi – lakin açarı Qərbin əlində olan “maliyyə nəfəsliyi” ilə.
Yeddinci məqam – “Kommunistlər mafiyadan daha təhlükəlidir”. ABŞ-ın təhlükəsizlik xidmətləri hələ 1980-ci illərə qədər mütəşəkkil cinayətkar qruplarla, mafiyalarla yox, məhz kommunistlərlə mübarizə aparırdı. Bu mənzərəyə Avropada da rast gəlmək olardı. Mafiyanın vətəni İtaliyada belə, əsas prioritet “Qırmızı briqada”ları məhv etmək idi. Mafiya ondan sonra gəlirdi. Oliqarxlara çevrilən mafiyozilər bu ölkələrin həm maliyyə, həm də siyasi sistemlərinə müəyyən qədər yol tapmış, “innovativ” yanaşanlar zamanla leqal biznesə keçmişdi. “Klassik mafiya” elementləri isə 1990-cı illərin əvvəlinə qədər tamamilə tarixə dəfn olundu.
İlk üç məqam və Trumenin siyasətindəki iddialı xarakter anti-kommunist və militarist isteriya üçün yardımçı oldu.
SSRİ-nin raket-nüvə kompleksi yaratması “soyuq müharibə”ni gücləndirmişdi, lakin ortada “təminat” var idi – tərəflər nüvə silahına “ən son variant” kimi baxacaqdı.
Lakin gərgin nöqtələr də olub. “Başlanğıc mərhələsi” ən təhlükəli qarşıdurmalarla tarixə düşüb.
Hərbçilər nüvə silahına adi, amma güclü silah kimi baxırdılar. Yaponiyanın bombalanmasından sonrakı dəhşətli nəticələrə baxmayaraq, başqa bir nöqtəyə də nüvə bombasının atılması strateji planlar daxilində “ön sıralarda” idi. ABŞ o zaman nüvə silahının sayı və gücü baxımından da irəlidə idi. Berlin böhranından Koreya böhranına qədər, ABŞ-ın hərbi və siyasi dairələrində dəfələrlə “SSRİ-yə nüvə zərbəsi vurmaq” təklifləri müzakirəyə çıxarılmışdı. Koreyadakı Amerika qoşunlarının komandanı general Makartur ya Şimali Koreyanın şəhərlərinə, ya da birbaşa Kremlə zərbə endirməyi təklif etmişdi.
Onun təklifləri əsasında sonradan NATO-nun da nəzərə aldığı taktiki strategiya planlaşdırılması edildi. Əgər nə vaxtsa qarşıdurmada döyüş əməliyyatları uğursuzluqla nəticələnəcəksə, o zaman alyans Sovet İttifaqına qarşı nüvə silahı variantına əl atacaq.
Nüvə silahı SSRİ-də də var idi, indi isə bu “irs” Rusiyaya keçib. Rəqabət də, qarşıdurma da davam edir. Lakin hər iki tərəfi gərgin saxlayan, hər addımda tərəddüdlərə itələyən bir məqam var – nüvə silahından kim birinci istifadə edəcək?
Con Kennedi və Nikita Xruşşov arasındakı nüvə qalmaqalını da yada salmaq yerinə düşər. Kubada möhkəmlənmək istəyən SSRİ rəqibi tərəfindən sərt reaksiya ilə qarşılaşdı. Dünya nüvə müharibəsi ilə üz-üzə qalmışdı. Lakin təhlükə sovuşdu – hansı tərəf daha müdrik davranıb, bunu demək çətindir.
“Soyuq müharibə”nin bitməsindən sonra əvvəl SSRİ, sonra isə Rusiya nüvə başlıqlarının çoxunu məhv etməli oldu. ABŞ isə Avropada nüvə silahları yerləşdirməklə, vəziyyəti “sığortaladı”.
Lakin son zamanlar bu gərginlik yenidən baş qaldırdı. Krımda nüvə başlığının yerləşdirilməsi, açıq-aşkar çağırışlar dünya mətbuatını “nüvə müharibəsi başlayacaq” isterikasına bürümüş oldu.
335486
Belə bir dövrdə isə Suriya müharibəsi və maraqların bu bölgədə toqquşması həm Avropa üçün, həm Rusiya üçün “ağrıkəsici” oldu. Donbasdakı atəşkəs, münaqişənin dondurulması və resursların Suriyaya yönəldilməsi Putinin əl-qolunu nisbətən açmış oldu.
Lakin burdakı çoxməzhəbli qarşıdurma, müxtəlif maraqların “qaynaması”, terror təhdidləri Rusiyaya vaxt qazandırmaqdan başqa heç nə verməyəcək.
ABŞ vahid koordinasiya altında kürd və ərəb qruplarını birləşdirmək işinə girişib. Suriyada nizamlı müxalifət ordusunun yaradılması, hətta İŞİD məhv edildikdən sonra da Moskva və Dəməşq üçün ciddi təhdid olacaq.
Hazırda əsas vəzifə İŞİD-i birinci məhv etmək və dünya ictimaiyyətinin gözündə xilaskar olmaqdır.
Putin də, Obama da bunu yaxşı anlayırlar. Sadəcə, İŞİD-in indiki məqamda məhv edilməsi Rusiyanın Suriyadakı genişlənməsini sürətləndirə bilər.
Suriyanın indiki duruma düşməsi də Moskvanın sayəsində olub. Əsəd ailəsini 45 il boyunca dəstəkləyən Kreml əslində bu dəstəklə vətəndaş müharibəsinə zəmin yaratmış olub.
Hazırda Suriya münaqişəsinin dünya üçün bircə töhfəsi var: Avropadakı toqquşmalar və nüvə müharibəsi ehtimalları əvvəlki kimi gündəmə gəlmir.
Suriyanın necə bölüşdürüləcəyi və ya “keçid dövrü” barədə müxtəlif proqnozlar var.
Yeganə qaranlıq məsələ budur: Rusiya özünün Suriyadakı bazalarını daha da gücləndirərsə, bir gün Latakiyaya “nüvə başlığı” göndərildiyini eşidərsək, Amerika hansı yolu tutacaq?
Trumen, yoxsa Kennedi yolu? Bəlkə, Obama öz yolunu nümayiş etdirəcək?
Əslində, Obamanın yolu aydın görünür: Rusiya ilə ciddi münaqişələrə girmək arzusunda deyil və münasibətləri normallaşdırmaq, “dünyanın idarəsində”, proseslərin tənzimlənməsində ortaq addımlara marağı var.
Amma deyəsən, Obamanın vaxtı onun planlarından da azdır. Növbəti il seçki ilidir.
Seçiləcək yeni prezident növbəti “Soyuq müharibə”ni yox, həm də “qapıda gözləyən” nüvə müharibəsini sovuşdurmağı bacarmalıdır.
İqtisadi cəbhədə isə hələ qalib ABŞ-dır.
Rüfət ƏHMƏDZADƏ
AzPolitika.info