Səhiyyə Nazirliyinin nümayəndəsi dərman zəhərlənməsindən ölən uşaqlarla bağlı yayılan xəbərə aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, yayılan xəbərlərin əsası yoxdur: "Eyni məzmunlu məlumat 2 il əvvəl Gürcüstan, Qazaxıstan və Rusiyada da yayılıb. Lakin araşdırma zamanı dərmanların əks təsiri təsdiqini tapmayıb. Maraqlıdır ki, hər iki ildən bir bu məlumatı paylaşırlar".
O həmçinin qeyd edib ki, sadalanan dərmanlar Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmir: "Bu dərmanlar dövlət qeydiyyatına alınıb. Sadəcə sosial şəbəkədə yalan məlumat yayılmasının qarşısını almaq mümkün deyil. 12 uşağın ölməsi yalandır. Belə bir hadisəni gizlətmək mümkündürmü?" - deyən Səfayə Əhmədova bəzən köhnə xəbərlərin də yeni kimi təqdim edildiyini bildirib.
Qeyd edək ki, sosial şəbəkədə, eləcə də WhatsApp vasitəsilə 3-12 yaşlı 12 uşağın qəfildən ölməsi haqqında xəbər yayılıb. Həmin uşaqların dərmanların allergik reaksiyası nəticəsində öldüyü qeyd edilib.
Səfayə Əhmədova - Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı
Hətta mesajda "ölümə səbəb olan" dərmanların adları da göstərilib. Lakin daha bir maraqlı cəhət həmin mesajda iki allergiyaya qarşı dərman preparatının da adının çəkilməsidir. Bunlardan biri həb, digəri isə maye dərmandır. Mesajda bildirilib ki, əgər uşaqlarınızda hər hansı allergik reaksiya hiss edərsinizsə, bu iki dərmandan istifadə edin.
Ümumiyyətlə, bu cür mesajlar heç də hər zaman reallığı əks etdirmir. Bəzən reklam üçün bu üsullardan istifadə edirlər. Lakin belə olan hallarda səlahiyyətli orqanlar münasibət bildirməli, vətəndaşları xəbərdar etməlidirlər.
Çünki bu mesajlara inananlar təklif edilən dərmanlardan istifadə edə bilərlər. Bunun nəticəsi isə acınacaqlı ola bilər. Xüsusilə nəzərə alsaq ki, son zamanlar dərman zəhərlənmələrinin sayında artım var.
Məsələn, bu ilin sentyabr ayında paytaxt ərazisində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərman zəhərlənməsi ilə əlaqədar ümumilikdə 12 xəstə müraciət edib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov da ötən 2 ayla müqayisədə zəhərlənənlərin sayının artdığını bildirib.
"Ötən ay müraciət edən 12 xəstədən 3-ü azyaşlı uşaq olub. Onların zəhərlənməsinə səbəb nəzarətsiz buraxılmaları olub. Böyüklərdə qeydə alınan 9 zəhərlənmə faktı dərmanın kəskin allergik reaksiyası və əlavə təsiri ilə bağlı olub. Bundan əvvəl avqust ayında ümumi olaraq 9 müraciət daxil olub ki, bunun da 2-si azyaşlı uşaq olub. İyul ayında isə dərman zəhərlənməsi diaqnozu ilə şöbəyə 11 nəfər yerləşdirilib", - deyə şöbə müdiri əlavə edib.
Son 3 ayda dərmandan zəhərlənənlərin sayı (nəfərlə)
İqtisadçı Zahid Məmmədovun sözlərinə görə, Azərbaycanda belə yalan məlumatların qarşısını almaq üçün reklam haqqında qanuna yenidən baxılmalıdır. "Bəzi hallarda televiziya, qəzetlərdə bu halları hiss edirik. Lakin həmin yazıların reklam və ya məlumat xarakterli olduğu göstərilmir. Halbuki, bunların hamısı qeyd edilməlidir. Məsələn, Qərb dünyası bu cür hallarda yayılan məlumatın reklam və ya açıqlama olduğunu ayırd edə bilir", - deyə iqtisadçı bildirib.
Bir sözlə, məhz bu səbəbdən insanlar ehtiyatlı olmalı, ehtiyac yaranarsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək bu hallar haqqında nazirliyə məlumat verməlidirlər. Belə olan halda dövlət qurumları da insanları yanlış dərman istehlakından, onun ağır mənfi nəticələrindən, ölümdən qoruya bilər.