Sahibkar İradə Əliyeva barəsində yazılanlara reaksiya verdi
Ötən saylarımızin birində “Nəqliyyat Nazirliyində kim nə qədər ”paket" alır?" sərlövhəli yazı dərc etmişdik. Yazıda nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın çevrəsinə daxil olan şəxslərin nəqliyyat sistemində tutduqları vəzifələrdən uzaqlaşdırılaraq istintaqa cəlb olunması, hətta oğlu Anar Məmmədovun da istintaqçıların sorğu-sualından ən son anda yayınaraq ölkədən getməsi xəbəri var.
Redaksiyamıza daxil olan məlumatda bildirilirdi ki, Z.Məmmədov 13 illik nazirliyi dövründə Nəqliyyat Nazirliyini podratçı şirkət kimi idarə edib, şəxsi maraqlarına tabe etdirib. Yaxın qohumlarını vəzifələrə təyin etməklə onlar vasitəsi ilə nazirlikdəki pul axınlarına nəzarət edib.
Məlumatda qeyd olunurdu ki, bu ilin aprelinə qədər Nəqliyyat Nazirliyinin xətti ilə həyata keçirilən sərnişin daşımalarından gəlirlərin böyük hissəsinə nazirin Ucardan olan qohumu İradə xanım vasitəsilə nəzarət olunub. Pul axını həmin qadın üzərindən baş tutub.
Redaksiyamızla əlaqə saxlayan İradə Əliyeva barəsində yazılanlara münasibət bildirib. Deyib ki, “Ayşən” MMC-nin direktorudur: “MMC sərnişin daşımaları ilə məşğuldur. 160 və 171 saylı marşrutların istismarçısıyam. Lisenziya əsasında fəaliyyət göstəririk, dövlətin vergisini ödəyirik. Ucarlıyam, Ziya Məmmədovla heç bir qohumluğum yoxdur. Heç vaxt da onunla münasibətim olmayıb. 2000-ci ildən bu işlə məşğulam. Bu sahə Nəqliyyat Nazirliyinə 2008-ci ildə verilib. Yəni mən orada 8 il işləyəndən sonra həmin sahə Nəqliyyat Nazirliyinə verilib”.
İ.Əliyeva barəsinə yazılanların həqiqət olmadığını, belə məlumatları bədxahlarının yaydığını söyləyib.
E.MƏMMƏDƏLİYEV
musavat.com