“Təyinat kökündən yanlış idi…”

19-10-2015, 13:42   
“Təyinat kökündən yanlış idi…”
Azərbaycan prezidenti İlham Əliyevin 17 oktyabr sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən çıxarılması ölkədə sensasiya kimi qəbul edilib.

Təhlükəsizlik üzrə tanınmış ekspert İlham İsmayıl Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılmasını Moderator.az – a belə şərh etdi:

“Eldar Mahmudovun işdən çıxarılmasının səbəblərini arayan mətbuat və ictimaiyyət birinci onu bilməlidir ki, E.Mahmudov bir nazir kimi vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün, ölkənin təhlükəsizlik məsələlərini zamanında həll edə bilmədiyi üçün işdən çıxarılmayıb, çünki o bu vəzifəyə təyin olunandan qısa bir zaman keçəndən sonra məlum oldu ki, xüsusi xidmət orqanı qarşısında duran vəzifələri yerinə yetirmək iqtidarında deyil. Deməli, səbəb professionallıqla bağlı olmayıb. Təyinat kökündən yanlış idi. Eldar Mahmudovun vəzifəsindən bu 11 ildə 11 dəfə çıxarmağa səbəblər olmuşdu, amma yuxarıda qeyd etdiyimiz kimi təyinat da, azad etmə də başqa prinsiplərlə ölçülüb. E. Mahmudov Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikası tarixində xüsusi xidmət orqanına rəhbərlik edən 27-ci şəxs olub. Yemelyanov istisna olmaqla (1939-1953) Mahmudov ən uzun müddət 11 il 3 ay bu quruma rəhbərlik edib. Bu müddətdə Mahmudov sübut etdi ki, ” бывших БХСС-шников не бывает”. Bu 11 ildə MTN sovet milis sisteminin ən rüşvətxor bir strukturu olan BXSS -in filialına çevrildi. Keçmiş nazirin Yol polisindən, Penitensiar xidmətdən, BXSS -çilərdən ibarət ordusu ölkənin kəşfiyyat və əks-kəşfiyyat sistemini işğal və məhv etdi. Professonal əks kəşfiyyatçılar, təcrübəli əməliyyatçılar nazirlikdən sürətlə uzaqlaşdırıldı. Ən əsası elitar orqan adını qazanmış bir strukturda münasibətlər milisin kobud davranışı, danışıq tərzi ilə əvəz olundu. Xalq MTN-ə artıq dövlətin bel sütunu kimi yox, “haqq alan” bir təşkilatı kimi baxır. Tanışlıq və dostluq prinsipləri ilə MTN-ə xidmətə götürməyə başladılar. Artıq lətifəvari hadisələr kütlənin lağ yeri oldu.


Deyirlər bir nazirin qudasını Yol Polisindən gətirib İdarə rəisinin müavini təyin edirlər.
Hesabat vaxtı idarə rəisi soruşur ki, “neçə siqnalın var?”
Yol Polisindən gələn cavab verir ki, “iki”.
Rəis: hansılardı?
Bu da cavab verir : “Biri bababdı, biri düdüddü”.
Bu adam bilmir ki, əməliyat siqnalı nə deməkdi? İndi nə gözləyək bu təşkilatdan? Dağlıq Qarabağda əməliyyat keçirəcək, bizə dost olmayan ölkələrdən xəbər gətirəcək, ya elə iqtisadi, siyasi, mədəni, ekoloji və sair və sair təhlükəsizlik konsepsiyasına aid vacib tədbirlər həyata keçirəcək?

Qayıdaq nazirin vəzifədən azad edilmə səbəblərinə. Nə qədər istəsəniz yalan, doğru, informasiyalar yayılacaq. Amma bu səbəblər nazirliyin acınacaqlı duruma düşməsinin qarşısını almayacaq. Yeni təyinatın qarşısında uzun müddət görüləsi işlər var, təbii ki, əgər görmək istəsələr. Nazirlik generallarla doludur. Orden, medalın sayı-hesabı yox. Bəs nəticə? Bir binanın üzlüyü neçə dəfə yanmalıydı ki, MTN informasiya versin ki, bu material həm də təxribat, terror mənbəyidi? Rayonlarda baş verən kütləvi etirazlar, Sədərək, Binədə baş verən kütləvi çıxışlar, iqtisadiyyatın çökməsi, məmur özbaşınalığının doğuracağı geniş narazılıqlar, kütləvi etiraza səbəb ola biləcək neqativ hallar və s. MTN bu işlərlə məşğul olmayıb.”

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar