Rusiyanın Azərbaycana qarşı “İŞİD planları”

19-10-2015, 15:11   
Rusiyanın Azərbaycana qarşı “İŞİD planları”
Rusiya prezidenti Vladimir Putin MDB-nin ötən həftə Qazaxıstanda keçirilən sammitində İŞİD təhlükəsinə qarşı birgə fəaliyyətə çağırıb.

Putin bildirib ki, hazırda İŞİD sıralarında keçmiş SSRİ respublikalarından 5 minə yaxın döyüşçü var və onlar geri qayıdaraq ciddi təhdidə çevrilə bilər.

Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin İŞİD-ə qarşı keçirdiyi ard-arda bir neçə anti-terror əməliyyatlarına baxmayaraq, bu gün Suriyada sayı 400-1000 arası olan azərbaycanlının olduğu da söylənilir. Azərbaycanlıların İŞİD tərkibində vuruşmaları və oradan müxtəlif mesajlar verməsini onların internet üzərindən yayılmış videolarından da açıq şəkildə görmək olur.

Məsələ ilə bağlı Rusiya mətbuatı yazıb ki, Gürcüstanın Pankisi dərəsi çeçen müharibəsi zamanı ekstremistlərin sığınacağına çevrilib, qonşu Azərbaycanda isə dini ekstremistlərin sayı sürətlə artır. Materialda Azərbaycanın da ciddi şəkildə İŞİD təhlükəsi ilə üzbəüz olduğu bildirilib.



Mövzu ilə bağlı musavat.com-a danışan politoloq Natiq Miri bildirib ki, əslində baş verənlər Rusiyanın dövlət siyasətidir:
“Son zamanlar Rusiya öz ətrafındakı postsovet ölkələrini daha çox terror və xüsusilə də İŞİD-la qorxutmaqla, əslində bu dövlətləri öz nüvəsi ətrafında saxlamaq istəyir. Rusiya prezidentinin MDB-nin son sammitindəki çıxışında da məhz bu nahiyələrə xüsusi vurğular vurulur. Bu o deməkdir ki, əslində hətta İŞİD terroruna qarşı mübarizədə belə Rusiya ölkələri, özünün iradəsindən asılı vəziyyətdə saxlamaq istəyir. Hətta MDB-nin son sammitindəki sərhədlərin birgə qorunması məsələsi və xüsusi hərbi sturukturların yaradılması ilə bağlı söhbətlər də göstərir ki, Rusiya hərbi cəhətdən bütün postsovet məkanına nəzarəti öz əlində saxlamaq niyyətini güdür.İŞİD məsələsinin bu səviyyədə qabardılması da söylədiyim faktorlarla əlaqədardır”.



Politoloq bildirib ki, son zamanlar İŞİD təhlükəsi həddindən artıq qabardılır:
“Əslində bu gün Rusiya mətbuatının yazdığı kimi Azərbaycanda o qədər də İŞİD təhlükəsi hiss olunmur. Müxtəlif zamanlarda bu yöndə informasiya və faktlar ortaya çıxır ki, onların da qarşısı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən alınır. Azərbaycan toplumunda da ciddi mənada həm fikirdə, həm də biləvasitə fəaliyyətdə İŞİD-a meyillilik üstünlük təşkil etmir. Doğrudur, İslam dini son zaman Azərbaycanda inkişaf edib. Ölkədə bu dinə meyillilik də getdikcə artır. Namaza gələnlərin, namaz qılanların sayının artması, müşahidə olunur. Ancaq bu, o demək deyil ki, radikal islam qruplarının sayı Azərbaycanda dəhşətli dərəcədə artıb. Bu yanlış fikirdir. İmana gələn insanların sayının artması ilə İŞİD tərəfdarlarının çoxalması arasında heç bir mütənasiblik yoxdur. Rusiyanın Azərbaycanla bağlı dedikləri də çox şişirdilmiş formadadır. Əminəm ki, bu bilərəkdən edilir. Adətən bu cür dezinformasiyaları yaymaqla Rusiya siyasi istəklərini həmin ölkədə həyata keçirmək məqsədi güdür. Qeyd etdiyim kimi Azərbaycanda İŞİD təhlükəsi söylənildiyi kimi deyil. Bununla bağlı zaman-zaman bir neçə faktlar ortaya çıxır ki, onlar da təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilir”.

Əli Rais, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar