Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov və nazirliyin digər yüksək rütbəli şəxslərinin işdən çıxarılması, bəzilərinin həbs olunması ölkə gündəmini zəbt edib.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinə münasibəti isə xüsusilə diqqəti çəkir və o, baş verənlərə özəl münasibətini ortaya qoyub: «…Eldar Mahmudovun vəzifədən çıxarılması bizim üçün sürpriz olmadı, bizim mərkəzdə bu barədə məlumatlar və ehtimallar hələ 2 ay əvvəl vardı və bir xeyli jurnalist, redaktor dostlarımızla da bunu bölüşmüşdük…. Təəssüflə bunu da qeyd etməliyəm ki, nazir olduğu müddətdə E. Mahmudov və onun əsasən polis orqanlarından gətirilmiş komandası ölkənin milli təhlükəsizlik sisteminə çox ağır zərbə vurdu. Dünyanın aparıcı ölkələrində antiterror, mütəşəkkil cinayətkarlığın müxtəlif formaları ilə mübarizə sahəsində qabaqcıl təcrübələrə yiyələnmiş yüzlərlə peşəkar MTN əməkdaşı təhlükəsizlik orqanlarından kənarlaşdrıldı, onların yerini isə polis orqanlarından gətirilmiş, tapşırıqla, xahişlə və digər vasitələrlə işə qəbul olunmuş yeni əməkdaşlar ordusu tutdu. Belə praktika milli təhlükəsizlik orqanlarının peşəkarlıq və mənəvi səviyyəsinin sürətlə aşağı düşməsinə gətirib çıxardı ki, bu da ölkənin mühüm dayaqlarından olan bir qurum üçün yolverilməz hal idi…».
«Beyləqan rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev Eldar Mahmudovun iş yoldaşı olmuşdu və…»
Saatlıdan daxil olmuş bir məktub diqqətimizi çəkdi və məktub müəllifi Vahid Dadaşovun məktubu Baş prokurorun birinci müavini Rüstəm Usubova ünvanlıdır. Bu da səbəbsiz deyil. Belə ki, Eldar Mahmudov MTN-nin naziri postundan uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi qurumun bəzi üzvlərinin ağır cinayətlər törətdiyi məlum olub. Faktarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.
V.Dadaşov yazır:
«Çox hörmətli Rüstəm müəllim! Mən Saatlıda yaşayıb fəaliyyət göstərən ziyalılardan biriyəm. Deməyim odur ki, rayonumuzda baş vermiş bir çox hadisələrdən xəbərdaram. Əhalisi və ərazisi heç də böyük olmayan rayonda nə baş verirsə, təbii ki, gizli qalmır, üzə çıxır. Bildiyim qədər, Siz cənab Prezidentin tapşırığı ilə MTN-nin qanunsuzluğa yol vermiş yüksək rütbəli məmurlarının fəaliyyət sferasını araşdıran istintaq qrupunun rəhbərisiniz. Odur ki, bu işə aidiyyəti olan bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm.
Eldar Mahmudov vaxtilə DİN-nin İqtisadi Sahədə Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi işləmişdir… Son günlər MTN-lə bağlı məlum faktlar üzə çıxanda və məlum olanda ki, bəzi şəxslər sahibkarları, ayrı-ayrı adamları müxtəlif bəhanələrlə saxlayıb külli miqdarda pulunu alırmış, bəzi faktları diqqətinizə çatdırmalı oldum… Vaxtilə Eldar Mahmudovun DİN-də işçisi olmuş, hazırda Beyləqan rayon Polis Şöbəsinin rəisi olan Füzuli Şıxəliyev 2014-cü ilin fevralınadək DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Regional İdarəsinin rəisi idi. O, MTN naziri Eldar Mahmudovla sıx əlaqədə idi. Yuxarıda dedim, onlar vaxtilə bir idarədə çalışmışdılar. Məsələn, Füzuli Şıxəliyev Regional İdarədə işləyən zaman Saatlıda hamının yaxşı tanıdığı Hacı Kamalı narkotiklə «ilişdirdilər». Ondan 400 min dollar pul tələb etdilər, çünki bilirdilər ki, onun yaxın qohumu olan iş adamı Pərvizin pulu çoxdur, qohumuna verəcək. Elə də oldu. Pərviz dayıoğlu-bibioğlu olan Hacı Kamala 225 min manat borc pul verdi, üstünü düzəldib canını qurtardı. Lakin sonradan Hacı Kamal pulu qaytara bilmədiyindən Pərviz onun bahalı maşınını və s. qiymətləndirib aldı. Bunu rayonda bilməyən yoxdur. Füzuli Şıxəliyev Saatlı və Sabirabadda istədiyi evə girib əməliyyat keçirirdi və imkanlı adamları qaralayırdılar. Hamı qorxu içində gəzirdi. İndi Beyləqan o gündədir.
Füzuli Şıxəliyev Regional İdarədə işləyəndə Eldar Mahmudovla əlaqələrindən istifadə edərək qardaşı Əlabbas Şıxəliyevin oğlu Nurəli Şıxəliyevi MTN-nin caynağından qurtara bildi. Belə ki, MTN-nin 2012-ci ildə rəsmi məlumatında da var idi ki, MTN xüsusi əməliyyat keçirib və 20 kq-a yaxın narkotiklə böyük bir dəstə həbs edilib. Dəstənin bütün üzvlərinə böyük srokla iş kəsildi, amma 5-6 aydan sonra Füzuli Şıxəliyevin qardaşı oğlu Nurəli Şıxəliyev buraxıldı, azadlığa çıxdı. Bu necə baş vermişdi? Təbii ki, nazirin xeyir-duası olmasaydı, bunlar baş verməzdi. Yəqin ki, bir də külli miqdarda pul. Son hadisələrdən və cənab Prezidentin məlum qərarından sonra məlum oldu ki, sahibkarları, ilişən adamları MTN-də pul alıb qaz kimi yolurmuşlar. Xüsusən də Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində. Məlum olduğu kimi, bu idarənin rəisi, general mayor Mövlam Şıxəliyev bu günlərdə tutduğu vəzifəsindən çıxarıldı. İndi Saatlıda hamı danışır ki, Nurəli Şıxəliyev, sən demə, onun əmisi, Sabirabadın keçmiş başçısı olan Vaqif Şıxəliyevin xahişi əsasında o vaxt dərhal buraxılmalı imiş. Lakin verilən pullar yalnız ona çatıb ki, Nurəlini neçə ay yatırdıb sonra şərti cəza ilə buraxıblar. Ona görə də Vaqif Şıxəliyev neçə vaxtdır Mövlam Şıxəliyevdən (2010-cu ildə Prezidentin sərəncamı ilə general-mayor rütbəsi ilə təltif olunub) pulunu tələb edir. Hətta rayonda danışılır ki, bunun üçün Nurəli Şıxəliyevin atası, Vaqif Şıxəliyevin qardaşı Əlabbas Şıxəliyev, Nurəlinin qardaşı Asif Şıxəliyev (Həmin dövrdə onun əmisi oğlu Sahil Şıxəliyev Saatlı RPŞ-də cinayət axtarış bölməsinin rəisi idi), Nurəlinin qaynatası və əmisi Vaqif Şıxəliyev bu prosesə qoşulublar… Mövlam Şıxəliyev isə hələki görünür pulu qaytarmaq fikrində deyil, çünki özü ev dustağıdır.
Beyləqan RPŞ-nin rəisi Füzuli Şıxəliyevin və qardaşı, Sabirabadın keçmiş icra başçısı Vaqif Şıxəliyevin (mərhum prezident H.Əliyevin sərəncamı ilə 1995-ci ildə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən qovulub) MTN-nin artıq keçmiş naziri Eldar Mahmudovla o dərəcədə yaxın münasibətdə olublar ki, hətta Eldar Mahmudov Vaqif Şıxəliyevin oğlu Elmar Şıxəliyevi MTN-də məsul vəzifəyə də təyin etmişdi. Lakin bu təyinat özünü doğrultmadı və çox sürmədi… Səbəbi onda idi ki… (Bəzi səbəblərdən həmin epizod tərəfimizdən araşdırılır və sonra təqdim ediləcək.Red.) Və bundan sonra Elmar Şıxəliyev MTN-də işdən çıxarıldı və sonradan Vaqif Şıxəliyevlə yaxın dost olan Daşkəsənin icra başçısı Əhəd Abiyev onu RİH-də hüquq şöbəsinin müdiri vəzifəsinə işə götürdü, hazırda həmin vəzifədə çalışır. Maraqlıdır ki, MTN-də işdən qovulan adam necə oldu ki, icra hakimiyyətində dövlət qulluğuna, özü də hüquq şöbəsinin müdiri vəzifəsinə işə qəbul olundu?
Hörmətli Rüstəm müəllim! Hesab edirəm ki, MTN-nin bəzi rəhbər əməkdaşlarının qanun pozuntuları, digər cinayətləri araşdırılarkən onların digər dövlət orqanlarında çalışan rəhbər işçilərlə bağlılığı da araşdırılmalıdır. Yuxarıda bəzi nüansları açıqladım. Bunu rayonda hamı bilir. Lakin məndən xahiş etdilər ki, Sizə müraciətlə göndərim. Şıxəliyevlərin Saatlı və Sabirabadda yerli əhaliyə çətinliklər verdyi yetər yəqinki. İnanırıq ki, rəhbərliyiniz altında çalışan İstintaq Qrupu həm Vaqif Şıxəliyevin, həm də Füzuli Şıxəliyevin bu və ya digər fəaliyyətlərinə, onların MTN naziri olmuş Eldar Mahmudov və digərləri ilə əlaqələrinə də işıq salacaq».
Saytdan: məsələ ilə bağlı adı çəkilənlərin də mövqeyini təqdim etməyə hazırıq. Belə ki, əvvəlcə Beyləqan RPŞ-nin rəisi Füzuli Şıxəliyevlə əlaqə saxladıq. Lakin növbətçi hissədən rəisin yerində olmadığını bildirdilər… Vaqif Şıxəliyevlə də əlaqə saxlamaq cəhdimiz hələki uğursuz oldu… Araşdırmamız davam edir və məktubda bir sıra ciddi faktlar var ki, onların da dəqiqləşdirilməsinə zərurət var. (moderator.az)
AzFakt.com