Rəsmi İrəvan Suriya ermənilərini Azərbaycan torpaqlarına gətirməklə öz ağrılı problemlərinin həllini tapmağa cəhdlər göstərir, lakin məqsədinə çata bilmir.
Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Suriya ermənilərinin Azərbaycan ərazilərinə köçürülməsi İrəvanın əvvəlcədən həyata keçirmək istədiyi plan üzərində qurulub: “Həmin planın isə bir neçə qayəsi var idi. Əvvəla, İrəvan dünyaya təlqin etmək istəyir ki, işğal olunmuş Azərbaycan torpaqlarında nəzarət Ermənistanın əlindədir və həmin bölgə tam mənada stabil və təhlükəsizdir. Digər tərəfdən, işğalçı erməni rejimi Qarabağ bölgəsindəki çətinlik və hərbi rejimin təzyiqləri ucbatından tərk edənlərin əvəzinə tələm-tələsik əvəzedici insan resursu gətirmək istəyir ki, demoqrafik kollapsı ört-basdır etsin. Nəhayət, məqsəd budur ki, ötən əsrin ortalarında olduğu kimi qondarma "erməni bumu" yaratmaqla xaricdə yaşayan ermənilər guya doğma ocağa üz tutsunlar və özləri ilə əldə etdikləri kapitalı, digər vacib resursları gətirib ölən iqtisadiyyata nəfəs versinlər”.
Politoloq qeyd edib ki, Azərbaycan bütün prosesləri diqqətlə izləyir və heç bir yolla özünün əzəli ərazilərində kimlərinsə süni demoqrafik kompozisiya qurma planlarına göz yummayacaq: “Rəsmi İrəvan Suriya ermənilərini Azərbaycan torpaqlarına gətirməklə öz ağrılı problemlərinin həllini tapmağa cəhdlər göstərir, lakin məqsədinə çata bilmir. Müharibədən çıxmış, xilas olmuş insanlar heç vaxt, necə deyərlər, yağışdan çıxıb, yağmura düşmək istəməyəcəklər. Ola bilsin ki, bir neçə ailə risk edib Qarabağ bölgəsinə getsin, lakin həmin adamlar sonda yenə böyük problemlə üzləşəcəklər. Çünki Azərbaycan onsuz da öz ərazilərini qaytaracaq və suriyalı ermənilər yenə ağrılı həyat, daha doğrusu, qeyri-müəyyənlik şəraitində yaşamağa məcbur olacaqlar. Azərbaycan bütün prosesləri diqqətlə izləyir və heç bir yolla özünün əzəli ərazilərində kimlərinsə süni demoqrafik kompozisiya qurma planlarına göz yummayacaq. Bunu erməni tərəfi birdəfəlik anlamalıdır”.