Prokurorluq MTN-in işini niyə gizli saxlayır?

23-10-2015, 10:48   
Prokurorluq MTN-in işini niyə gizli saxlayır?
Müzəffər Baxışov: «Azərbaycanın Baş Prokurorluğu mövcud vəziyyətdə insanlar üçün MTN-dən daha təhlükəli orqandır»

MTN ətrafında baş verənlərlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, istər saxlanılan şəxslərlə bağlı, istərsə də MTN-in keçmiş rəhbərliyi barədə ətraflı məlumat verilmir. Saxlanılanlar barədə mətbuatda gedən məlumatlar həm səthi, həm də yalnız irəli sürülən maddələrlə bağlıdır. MTN-in keçmiş rəhbərliyinin gələcək taleyi barədə isə, ümumiyyətlə, məlumat verilmir. Bu hal necə dəyərləndirilməlidir?



Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, prokurorluğun məlumat verməməsiylə bağlı yaranmış vəziyyət təsadüfi deyil. Prokurorluğun MTN-dən də pis durumda olduğunu deyən M.Baxışov vurğuladı ki, prokurorluqda da hazırda ciddi pozuntulara yol verilir: “Azərbaycanın Baş Prokurorluğu mövcud vəziyyətdə insanlar üçün MTN-dən daha təhlükəli orqandır. MTN-in əməkdaşları Azərbaycan vətəndaşlarından, əcnəbilərdən pul tələb edirdilərsə, prokurorluq vətəndaşları əsassız və qanunsuz həbs etməklə daha təhlükəli fəaliyyətlə məşğul olurlar. Digər bir mühüm məsələ odur ki, MTN bir müddət əvvəl belə məlumat yaydı ki, MTN sədrinin müavini Hilal Əsədovun evində axtarışın aparıldığı ilə bağlı mətbuat yanlış məlumat yayıb. Hamıya bəllidir ki, Hilal Əsədov hansı əməllərə imza atıb, hansı cinayətləri törədib. Onun evində axtarışın aparıldığı ilə bağlı yazılanları bunlar MTN-in nüfuzunun aşağı salınması kimi qiymətləndirirlər. Hansı nüfuzdan söhbət gedə bilər? MTN quldurluq, soyğunçuluq və digər cinayət əməllərilə məşğul olub”.

M.Baxışov bildirdi ki, MTN-lə bağlı dəqiq, dürüst məlumat yayılmamasının məqsədi aydındır. Çünki hakimiyyət gözəl bilir ki, MTN fəaliyyəti ilə ona hansı zərbəni vurub: “Informasiya yaymamaqla guya hakimiyyətə dəyən zərbəni azaltmaq istəyirlər. Əslində isə hamı bilir ki, Baş Prokurorluq və digər strukturlar hansı vəziyyətdədir. Ona görə mətbuata məlumatlar çox qısqanclıqla verilir”.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar