Eldar Mahmudovun «vurulması» ilə bağlı yeni təfərrüatlar; Ortada 2 milyard söhbəti var

23-10-2015, 12:36   
Eldar Mahmudovun «vurulması» ilə bağlı yeni təfərrüatlar; Ortada 2 milyard söhbəti var
Keçmiş nazir hələ “kredit qalmaqalı”nın ilk günlərində işdən çıxarılmalıymış; Tanınmış bloggerdən sensasion məlumatlar

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov hələ Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nın ilk günlərində tutduğu vəzifədən azad olunmalı imiş. “Azadlıq”a verilən məlumata görə, sonradan ölkə başçısı İlham Əliyev naməlum səbəblərdən qərarını təxirə salıb.

Məlumatda deyilir ki, “kredit qalmaqalı”nda Eldar Mahmudov təqsirkarlardan biri imiş. Ona görə yox ki, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə qudadır. Ona görə ki, bir çox şəxslərə iri kreditlər məhz Eldar Mahmudovun vasitəçiliyi ilə verilibmiş. Bu, həmin şəxslər “Bandotdel”ə aparılandan sonra üzə çıxıb. O da məlum olub ki, bu şəxslərin götürdükləri kreditlərin böyük hissəsi MTN-nin keçmiş şefinə çatıb. Bu barədə İlham Əliyevə məruzə olunub. Ölkə başçısı da əvvəlcə Eldar Mahmudovun işdən çıxarılması qərarına gəlib. Lakin sonradan prosesə “stop” deyib.

Tanınmış bloggerdən sensasialı məlumatlar



Tanınmış blogger Həbib Müntəzirin facebook səhifəsində yaydığı məlumatlar da bu məlumatla üst-üstə düşür.

Onun iddiasına görə, bu ilin fevralında yaşanan devalvasiya zamanı bunun baş verəcəyini öncədən bilən Mahmudov qudası, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevlə əlbir olaraq, təxminən 2 milyard qazanc əldə edib və bu pulları təcili ölkədən çıxarıb.

Həbib Müntəzir yazır ki, offşor zonalarda keçmiş nazirə məxsus olan 3 zavod və bir neçə şirkət var. Pullar məhz həmin obyektlərin balansına köçürülüb. Hazırda keçmiş nazirdən ilk növbədə həmin 2 milyardı qaytarmaq tələb olunur.

Başqa bir səbəb kimi blogger Eldar Mahmudovun qudası Cahangir Hacıyevi Daxili İşlər Nazirliyi əməkdaşlarının həbsindən qurtarmasını göstərir. Bloggerin yazdığına görə, DİN əməkdaşları Cahangir Hacıyevi həbs etmək üçün getdikdə, keçmiş nazir MTN-in xüsusi təyinatlı dəstəsini həmin yerə göndərib və qidasını xilas edib.

Blogger daha bir neçə səbəb kimi isə bunları göstərir:

– İlham Əliyevin xəbəri olmadan ona yaxın bir neçə biznesmendən külli miqdarda vəsait alınıb və qanunsuz şəkildə onların telefon danışıqları dinlənilib;

– Nazirliyin əldə etdiyi qanunsuz vəsaitdən heç kimə (başqa instansiyalara) pul çatdırılmayıb;

– Əcnəbi biznesmenlər incidilib, çoxsaylı şikayətlər edilib.

Tutulanların hamısının adı bilindi



Bu arada MTN-in təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmiş 7 əməkdaşının adı məlum olub.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bunlar MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini Ilqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.

Bu şəxslər Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər artıq Bakı istintaq Təcridxanasına köçürülüblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Bu münasibət qalacaqsa, ora kimin gəlməsi nəyi dəyişəcək ki?”



“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə Moderator.az-a açıqlamasında MTN-də boş qalan nazir postu ilə bağl maraqlı fikirlər səsləndirib. Mehman Əliyevin sözlərinə görə, məlum strukturda vəziyyətin müsbətə doğru dəyişməsi üçün ölkə başçısının qəti iradə sərgiləməsi vacibdir: “Daxili siyasətin, daxili yanaşmanın dəyişməsinə ehtiyac var. Bunsuz MTN rəhbərliyi postuna kimin gətirilməsinin əhəmiyyəti olmayacaq. Əgər MTN yenə də redaksiyaları, QHT-ləri, siyasi partiyaları pusacaqsa, onlarla bağlı hansısa təxribatlar həyata keçirəcəksə, onun başına kimin gətirilməsinin bizim üçün nə önəmi olacaq ki? Bu münasibət qalacaqsa, ora kimin gəlməsi nəyi dəyişəcək ki? Bizdəki hazırkı sistem çərçivəsində şəxsi heç nə dəyişə bilməz. Bu məsələdə siyasi rəhbərliyin, prezidentin birbaşa iradəsi ortaya qoyulmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar