Gəncədə Tasua qarşıdurması – əzadarların önü kəsildi, camaat məscidə buraxılmadı; saxlanılanlar var VİDEO
23-10-2015, 19:17
Məlumata görə, bu gün səhər saatlarında Gəncə şəhərində saxlanılan dindarlardan 4 nəfəri istisna olmaqla qalan hamısının bu dəqiqələrdə azadlığa buraxılıb. Nəzarətdə saxlanılan 4 nəfərin hələlik kimliyi barədə dəqiq məlumat verilməyib (İslamazeri.az).
***
Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb. Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.
***
İslamazeri.az-a daxil olan məlumata görə, Şah Abbas məscidində zöhr azanı qadağan edildi. Günorta saatlarında məscidə getmək istəyən xanımlara polis mane olaraq, onları geri göndərib. Hazırda məscidin həyətində qara maskalılar görünməkdədir.
***
Adının çəkilməsini istəməyən şahidlərdən biri Azadlıq Radiosuna hadisə barədə bunları deyib:
«Saat 10-11 arası olardı. Bu gün cümə olduğundan camaat da çox idi. Haradasa 100 nəfər adam vardı. Hamı bilir ki, hər il Gəncədə Aşura günü ilə bağlı dindarların yürüşü olur. Bir də gördük polis tökülüb gəldi, əllərində dəyənək. Camaatdan dağılışmağı tələb etdilər. Dindarlar etiraz edəndə, camaatı vurub dağıtmağa başladılar. Daxili Qoşunlardan da çox polis vardı. Deyirdilər ki, «siz yürüş keçirmək istəyirsiniz». Böyük zorakılıq oldu, 26 nəfəri tutub apardılar. Azan verməyə də qoymadılar».
***
Bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis zorakılıq tətbiq edib.
İslamazeri.az-a daxil olan məlumata görə, məscid polis və daxili qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb. Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə inanclılarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib. Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır.
Yürüşün qarşısı alınan zaman 50-yə yaxın inanclı həbs olunsa da son məlumatlara görə bəziləri buraxılıb və hazırda 26 nəfər inanclı nəzarət altında saxlanılır. Həbs olunanlar arasında ilahiyyatçı kərbəlayi Musa da var. Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa polis bölməsinə doğru yürüş keçiriləcək.
İslaminsesi.az saytı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məktəb direktorlarını çağıraraq şənbə günü bütün məktəblərə dərs günü salmasını və şagirdlərin hamısını dərsə çağırılması barədə göstəriş verildiyini qeyd edib. Həmçinin Gəncə şəhərinin yerli komandası olan “Kəpəz”in “Xəzər Lənkəran”la oyunu da məhz Aşura Gününə salınıb. [media=https://www.youtube.com/watch?v=o9XXZ4YHCzM]
Hazırda Gəncənin Şah Abbas məscidi, Şahsevənlər məscidi və Qazaxlar məscidi qapadılıb. İnanclıların bölgələrdən və paytaxt Bakıdan Gəncəyə axışdığı bildirilir.
***
Şah Abbas məscidinin ətrafının Daxili Qoşunların əsgərləri ilə mühasirəyə alındığı bildirilir. Məlumata görə, ibadət evinə heç kəs buraxılmır. Bu gün şəhərin bütün məscidlərinin bağlanması barədə göstəriş verildiyi qeyd olunur. Bildirilir ki, ibadət evi yerləşən ərazidə yerdə qan izləri görünür.
***
***
Gəncədə müsəlmanlara qarşı hər il olduğu kimi bu dəfə də Tasua yürüşü ilə bağlı təzyiqlər başlanılıb.
Şah Abbas məscidinə gedən yollarda polis postları qurulub. Yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb. Artıq 30 nəfərin sərbəst buraxıldığı, 20 nəfərin isə hələ də bölmədə saxlanıldığı bildirilir.
Məscidin qarşısına toplaşan insanların ərazidən uzaqlaşdırıldığı qeyd olunur. İnanclılar təzyiqlərin arxasında Gəncə şəhər İcra başçısı Elmar Vəliyevin olduğunu vurğulayırlar. (AzadXeber.az)