Biz heç bir halda əlimizi əlimizin üstünə qoyub gözləməməliyik
Azərbaycan Prokurorluğu Vartan Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müraciət edib. O, dünya çapında tanınan “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktorudur. İşğal altında olan ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. İş o yerə çatıb ki, Dövlət sərhəddimizi qanunsuz pozaraq Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılış mərasimində iştirak edib...
Milli Təhlükəsizlik Nazirliyini işi başından aşır
Maraqlıdır ki, bu şəxs illərdir ki, Ermənistanda və Dağlıq Qarabağda iş adamı kimi fəaliyyətdədir. Və bu barədə Ermənistan mediasında davamlı xəbərlər yayılır. Ancaq nədənsə Vartan Sirmakes indi Azərbaycan Prokurorluğunun yadına düşüb. Əslində bu işlə Milli Təhlükəsizlik Nazirliyi məşğul olmalıydı. Onlar isə “daha ciddi” işlər gördüklərindən bu məsələni diqqətdən qaçırıblar...
“Dağlıq Qarabağ Azərbaycan biznesmenlərinə də təminat verir”
Azərbaycan Prokurorluğunun İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müraciətinə cavab olaraq qondarma Dağlıq Qarabağ Respublikasının sözçüsü Artak Bəyləryan Vartan Sirmakesin müdafiəsinə qalxıb. Bildirib ki, Azərbaycan bu yolla Qərb şirkətlərinin Dağlıq Qarabağda fəaliyyətini əngəlləmək istəyir. Ancaq bu mümkün deyil. Cənab Bəyləryan bir az da irəli gedərək deyib ki, Dağlıq Qarabağ Azərbaycanın iş adamlarına da öz ərazisində fəaliyyət göstərmək üçün təminat verir. İstəyən buyurub Dağlıq Qarabağa gəlsin və bura sərmayə qoysun...
İstanbula hələ də Konstantinopol deyən var
Öncə Vartan Sirmakesin kimliyi ilə bağlı İnternetdə dolaşan məlumatlara diqqət edək. Ordan başlayaq ki, o, erməni əsilli İsveçrə vətəndaşıdır. Rəsmi bioqrafiyasında 1956-ci ildə Konstantinopolda doğulduğu bildirilir. Qeyd edim ki, 1930-cu ildə Türkiyə Böyük Millət Məclisi rəsmən Konstantinopol adını İstanbulla əvəz edib. Ancaq Vartan Sirmakes hələ də bu dəyişikliklə razılaşmır. Bu xırda detalın özü çox şeydən xəbər verir...
Biznesmen-konsul
O, eyni zamanda, Ermənistanın Fransanın Marsel şəhərindəki baş konsuludur.
Ortaqların savaşı
“Franck Muller Group” 1991-ci ildə Frank Muller tərəfindən yaradılıb. İsveçrənin saat istehsalçılarından biridir. Vartan Sirmakes həmin qrupa qoşulub. 2004-cü ildə Frank Mullerlə Vartan Sirmakes arasında məhkəmə dartışması olub. Bu barədə İsveçrədə çıxan “Bilanz” biznes jurnalında oxumaq olur. Həmin məqalədən bəlli olur ki, Frank Muller Vratan Sirmakesi qeyri-qanuni biznes fəaliyyəti göstərməkdə ittiham edib, Vartan Sirmakes isə biznes ortağını narkotik asılılıqda suçlayıb və bildirib ki, o, özünə və biznes qrupuna nəzarəti itirib…
Aleksanr Lukaşenko alqışlayır
Ancaq bu olay “Franck Muller Group” inkişafına mane olmayıb. Rəsmi statistikaya görə Vartan Sirmakes isə İsveçrənin ən varlı vətəndaşları sırasında yer alır. Onun biznes fəaliyyətində bizim üçün maraqlı ola biləcək bir məqam da var. O, 2014-cü ildə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Deyib ki, biz Minsk Saat Zavodunun yenidən qurulmasını həyata keçirə və yerli “Luch” saatlarının beynəlxalq bazara çıxmasına yardımçı ola bilərik. Cənab Lukaşenko bu təklifi alqışlarla qarşılayıb...
İrəvanın təmirinə 150 milyon dollar
Bu ildə isə İtaliyadan olan yeni ortaqları ilə birlikdə “Franck Muller Yachts” şirkətini yaradıb. Və o, öz varidatını öz xalqı üçün xərcləməkdən zövq alır. Düşünün ki, İrəvan şəhərinin tarixi hissəsində abadlıq və bərpa işləri üçün 150 milyon dollar ayırıb. Ermənistanın Şirak rayonuna 10 milyon dollar sərmayə qoyub. Həmin vəsait 7 il müddətinə cəmi 5 fazlə yerli sakinlərə veriləcək…
Qondarma Dağlıq Qarabağ Respublikasında yaradılmış “ArtsakhBank”ın əsas sahibi də odur. Ermənistandakı “ArmSwissBank”ın da 80 faizi ona məxsusdur.
"Qara kürü istehsalında Azərbaycanı geridə qoyacağıq"
Ötən il isə Vartan Sirmakes Dağlıq Qarabağda balıq və qara kürü istehsalı sahəsində ciddi uğur qazanmaq üçün bu sahəyə sərmayə axınını təşkil edib. Yerli Qızıl balıqların yetışdirilib artırılması, balıq populyasiyalarının çoxaldılması istiqamətində ciddi iş görülüb. Tezliklə Dağlıq Qarabağın qara kürü cənnətinə çevriləcəyi gözlənilir. Hər halda Ermənistan mediası belə yazır və bildirir ki, qara kürü ixracında Dağlıq Qarabağ Azərbaycanla yarışmaq imkanındadır…
Marseldə də soyqırım abidəsi ucaltdı
Onu da deyək ki, bu il Vartan Sirmakes erməni əsilli məşhur fransız müğənnisi Şarl Aznavurla birlikdə Fransanın Marsel şəhərində yerli diaspora ilə qondarma erməni soyqırımını qeyd edib. Şəhərin Ağ Ev parkı adlanan hissəsində qondarma soyqırımın 100 illiyi ilə əlaqədar abidənin açılışı olub…
Novruz Məmmədovun etirazı
Bu arada isə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində belə yazıb: "Necə olur ki, İsveçrə və Avropa İttifaqı şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar. Amma Cənubi Osetiyada, Abxaziyada və digər yerlərdə onlar işləmirlər".
“Perinçek İsveçrəyə qarşı” savaşdan qalib çıxdı
Təəssüf ki, cənab Məmmədov haqlıdır. Qərbdə ikili standartlar həmişə dəbdə olub. Ancaq bu heç də o demək deyil ki, biz buna etiraz etməməliyik. Bir misal deyim. Elə bu günlərdə Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsi “Perinçek İsveçrəyə qarşı” işi üzrə 2007-ci ildən bəri davam edən hüquqi hökm və vəsatətlər silsiləsinə son qoydu.
Xatırladaq ki, Türk İşçi Partiyasının sədri Doğu Perinçek 2005-ci ildə İsveçrədə “1915-1918-ci illər ərzində Osmanlı İmperiyasında 1,5 milyona qədər erməninin məhv edilməsi" ilə bağlı iddiaları “beynəlxalq uydurma” adlandırıb. Bu da İsveçrənin qəbul etdiyi erməni soyqırımı qanununa görə cinayət məsuliyyəti yaradır.
İndi isə İsveçrə Doğu Perinçekin təqsirkar hesab edilməsi barədə özünün əvvəlki qərarını ləğv etməli və ona tam bəraət verməlidir.
İkili standartlara qarşı dirəniş zamanı
Biz də Vartan Sirmakeslə bağlı israrlı şəkildə öz hüquqi iddiamızı ortaya qoymalıyıq. Əminəm ki, bu işi udmaq o qədər də çətin olmayacaq. Əsas odur ki, dövlət bu işdə dirəniş göstərsin və sistemli şəkildə öz mövqeyini müdafiə etsin. Ona da əminəm ki, bu işdə beynəlxalq hüquq bizim tərəfimizdədir. İkili standartlara qarşı dirəniş zamanıdır.
Müəllif- Elbəyi Həsənli musavat.kom