Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən mili təhlükəsizlik naziri Eldar Mahmudovun və yaxın ətrafının əməlləri cəmiyyəti şoka salıb.
Xatırladaq ki, Eldar Mahmudovdan dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşlarının vəzifədən azad olunmasının sayı günbəgün artır. Artıq MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Nazirliyin Xətai (General Akif Çovdarovun bacısı oğlu- Mia.az), Pirallahı, Masallı rayon şöbələrinin rəisləri tutduğu vəzifələrindən azad olunaraq sərəncama götürülüblər.
Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, vəzifəsindən azad edilənlər və ya həbs olunanlar adları çəkilənlərlə bitmir.
Belə ki, MTN-ə birinci müavin təyin edilən Penitensiar xidmətin keçmiş rəisi Mədət Quliyev Eldar Mahmudovun ikinci həyat yoldaşının dayısı nəvəsi, MTN-nin hərbi hissəsinin komandiri general-moyor Vüqar Zülfüqar oğlu Allahquliyevi də vəzifəsindən azad edib.
Bizi məlumatlandırn mənbə deyir ki, vəzifəsini itirən xeyli şöbə müdiri və onların yaxınları da var. Bundan başqa Azərbaycanın 68 rayon və şəhər MTN şöbələrinin rəislərinin əksəriyyəti də yol üstündədir. Artıq onların bir neçəsi vəzifəsini itiriblər.
Həbs olunanlar kimlərdir?
Yeri gəlmişkən, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi - MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Anti-Terror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşı 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nazir və komitə sədrlərindən haqq alan kimlər olub?
Məlumata görə, həm istintaq, həm də Mədət Quliyevin özüylə MTN-ə gətirdiyi bir neçə etibarlı adamı Eldar Mahmudov və komandası barədə son dərəcə sensasion araşdırma aparırlar:
«Diqqət etdinizsə, artıq mətbuatda MTN-nin keçmiş rəhbərliyinin nazir, komitə və ASC rəhbərlərindən aylıq xərac toplamaları haqda da xəbər dövriyyəyə buraxılıb. Hətta iddia olunur ki, bu işi əsasən bir neçə idarə rəisi, onların müavinləri görüb. Prosesdə aparıcı fiqur kimi Akif Çovdarov, Elşad Mahmudov, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Fərhad Atayev və digərlərinin adları xüsusi hallanmağa başlayıb. Hətta adı mətbuatda məşhur olan Akif Çovdarovun Nəqliyyat, Təhsil, Səhiyyə nazirlikləri, həmçinin neft sektorundakı qurumlara da «qarmaq» atdığı bildirilir.
Məsələn, onun nəqliyyat naziri Ziya Məmmədovdan hər ayın sonunda bir milyon manat xərac aldığı da israr olunur. Hesab edirəm, bu xəbərlrin dövriyyəyə buraxılması təsadüfi deyil.
Görünür, MTN-də daha geniş və ikinci bir əməliyyata hazırlıq gedir. Bu zaman isə Akif Çovdarov və onunla birlikdə nazirlərdən xərac yığan dəstə, o cümlədən Akif Covdarovun MTN-ə topladığı yaxın qohumları da zindana göndəriləcəklər».
Akif Covdarov qohumlarını MTN-ə necə yığıb?
Mənbə deyir ki, Akif Covdarov MTN-də özünü ikinci nazir kimi aparmaqla yanaşı, demək olar bütün qohumlarını ətrafına toplayıbmış:
«Eldar Mahmudovun törətdiyi qanunazidd hərəkətlərinin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarovun bu sistemdə işləyən qohumlarının sayı hesabı bilinmir. Bu adam Gürcüstandan qohumlarını gətirib, rayonlara qeydiyyata saldıran kimi, MTN-ə işə qəbul etdirib. MTN-nin Xətai şöbəsində rəis işləyən (bir neçə gün əvvəl qovulub – redaksiya) bacısı oğlunun yanına əməliyyatçı kimi işə götürülən digər bir qohumunun əmək fəaliyyətni araşdırsanız, şoka düşərsiniz. O uşaq «nə yoğurdu, nə yapdı» ki, qəfildən MTN-də əməliyyatçı oldu. Sizi əmin edirəm ki, Akif Covdarov MTN-ə yaxınları ilə yanaşı, konkret pul qarşılığında xeyli yararsız kadr yerləşdirib. Elə onun bir neçə gün əvvələ qədər Xətaidə rəis olan bacısı oğlunun Astarada rəis olarkən yol verdiyi səviyyəsiz, MTN-nin, dövlətin adına ləkə gətirən əməllərini, həmçinin, onun hansı sürətlə rütbələrinin qalxmasını araşdırsanız, nə demək istədiyimi biləcəksiniz».
İdarə rəisi ilə iş adamının Almaniyaya qədər sıçrayan biznes və villaları...
Məlumatlı şəxs «Reytinq»ə MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevin əməllərindən də söz açıb. Bildirib ki, o da digərlər kimi, MTN-də dövlətə deyil, özünə, yaxın ətrafına iş qurmaqla gününü keçirib:
«İdarə rəisi Azərbaycanda əsasən tikinti və restoran biznesi sahəsində böyük uğurlar qazanıb. Daha dəqiqi, Mövlan Şıxəliyev əslən İmişli rayonundan olan Əvəz Şükürovla biznes ortağı olaraq, tikinti sahəsidə böyük pullar mənimsəyib. Onun hətta ölkə xaricində də böyük biznesi var. Həmin biznesə də Əvəz Şükürov vasitəsilə nəzarət edir. Bundan əlavə, onlar Almaniya və Türkiyədə də cox bahalı evlər alıblar və hər iki ölkədə də qonşudurlar».
Mənbə idarə rəisinin Əvəz Şükürova olan sonsuz etibarını təsdiq edən maraqlı bir fakt da açıqlayıb:
«Mövlan Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın və etibarlı biznes şəriki olub ki, onun oğlunu da yanına işə götürmüşdü. Daha doğrusu, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, M.Şixəliyev qanunlara məhəl qoymadan onu özünün köməkçisi və nazirlikdəki "kassiri" kimi işlədib. Bundan başqa, Əvəz Şükürovün ikinci oğlu Rəmzi Şükürov MTN-nin Baş İdarə rəisi Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə birgə calişir. Deyilənə görə, bu cütlük də dinc duran deyillər. Onların da adı müxtəlif qanun pozuntularında hallanıb».
Məlumatlı şəxs deyir ki, Mövlan Şıxəliyev o qədər irəli gedib ki, MTN-nin İmişli rayon şöbəsini rəisi Azər Səlimovu öz peşəsindən daha cox, Əvəz Şükürovun İmişlidəki biznesinin keşikçisi kimi fəaliyyət göstərməyə məcbur edib. Yəni dövlətin maraqları bunlar üçün bizneslərini qorumaqdan ibarət olub.
Eldar Mahmudovun Avropadakı biznesinə kim nəzarət edir?
Mənbə MTN-də bir çox generalların, həmçinin Eldar Mahmudovun mətbutda adları hallanmayan yaxın qohumlarının əməllərindən də söz açıb:
«Eldar Mahmudovun mətbuatda əksər qohmularının adı hallandırılmayıb. Düzdür, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynovun və bu qurumdakı yaxın qohumları çox ciddi səbəblərdən - əsasən qanunsuz dinləmələrə görə saxlanılıblar. Ancaq sabiq nazirin digər qohumları, o cümlədən Vüqar Mahmudov (əmisi oğlu, nazirin köməkçisi), Elnur və Anar Hüseynovlar (nazirin köməkçiləri), Ceyhun Əliyev (MTN Astara Rayon Şöbəsinin rəisi), Fərhad Məhərrəmov (MTN Binəqədi Rayon İdarəsinin rəisi), Ədalət Əsədullayev (Əks-kəşfiyyat Baş İdarəsinin rəisi), Pərviz Mahmudov (nazirlikdə idarə rəisi), Aysel Seyidova (nazirlikdə şöbə rəisi), Əli Şəfiyev, MTN-nin Kadrlar İdarəsinin rəisi Əlimusa Əliyev və birbaşa Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan şəbəkənin digər fiqurları hələ də bətbuatın diqqətindən kənarda qalıblar. Yəqin ki, istintaq onları da artıq nəzarətə götürübdür. Düşünürəm ki, sabiq nazirin əsas «xəzinədarları»ndan biri əmisi oğlu Vüqar Mahmudov da BTRİB-in rəisi Beytulla Hüseynov kimi qandallanacaq.
Qeyd edim ki, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra Vüqar Mahmudovun bacısının həyat yoldaşı Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə rəhbər vəzifəyə gətirib. Bir neçə gün əvvəl isə Beytula Hüseynov evində, BTRİB-dəki dəstəsi isə iş başında saxlanılıblar. Düşünürəm ki, Vüqar Mahmudovla bərabər, sabiq nazirin yaxın qohumlarının əksəriyyəti belə bir təhlükəni yaşayacaqlar, Xüsusən də reket üslubu ilə «boğduqları» iş adamlarının şikayətləri MTN-dəki daha böyük dəstələrin həbsə alınmasına səbəb olacaq. Buna şübhə yoxdur. Bütün bunlarla yanaşı, E.Mahmudovun biznes şəbəkəsi – "AG Bank”, "Crystal Plaza” Holdinq, "Crystal Motors”, "TOS OİL”, "Anar OİL”, "Jaguar Motors”, "Range Rover Motors”, "Maseratti Motors”, "İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, "Turac” və "Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri və sair biznes sahələrinin də çökdürüləcəyinə əminəm. Bundan əlavə, sabiq nazirin Fransadakı (Paris şəhəridə) biznesi də ciddi təftiş olunmağa başlayıblar. Onun Paris şəhərində restoranları, kazinoları, çox bahalı yaxtası var. Təkcə həmin yaxtanın dəyərinin on milyon dolları aşdığını xatırlamaq yetər ki, Eldar Mahmuddovun Avropada nələrə sahib olduğunu təsəvvür etmək mümkün olsun. Deyilənlərə inansaq, Eldar Mahmudovun Avropadakı biznesinə kecmiş həyat yoldaşının yaxın ətrafın nəzarət edir».
Nazir kim ola bilər və yaxud Xanlar Vəliyevi qohumuna görə kim vurur?
Məlumatlı şəxs bu və ya digər maraqlı nüanslarla bərabər, Eldar Mahmudovun postuna ən şanslı namizədlərdən də söz açıb:
«Düzdür, mətbuatda MTN əməliyyatına rəhərlik edənlərdən general Milli Təhlükəsizlik nazirinin sabiq müavini, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri general Məhərrəm Əliyevin, Naxçıvan MR-in Milli təhlükəsizlik naziri general Vəli Ələsgərovun, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, general Vahid Əliyevin, hətta MTN-ə bir neçə gün əvvəl birinci müavin təyin edilən Mədət Quliyevin nazir təyin edilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Ancaq mən düşünürəm ki, adıçəkilənlərdən əsas namizəd Vahid Əliyev ola bilər ki, onun da qarşısında müəyyən maneələr var. Hətta bu günədək mətbuatda adı hallanmayan ölkənin hərbi prokuroru Xanlar Vəliyevin şansını da Vahid Əliyevdən yüksək qiymətləndirənlər də var. O da haqdır ki, Xanlar Vəliyevin də qarşısını kəsəcək çox ciddi bir maneə var. Belə ki, həbs edilən generallardan biri - Teymur Quliyev Xanlar Vəliyevin yaxın qohumu Əli Əkbərovla yeznə-qayındır. Artıq rəqibləri bu faktdan ona qarşı kifayət qədər yararlanaraq, təyinatına ciddi sıxıntılar yaradıblar. Lakin ölkənin ən böyük qruplaşmasına bağlı olan Xanlar Vəliyevin MTN-nin rəhbəri olma şansı hələ də yetərincə böyükdür».
MİA.AZ