Son günlər “MTN işi” daxilində məlum oldu ki, müxtəlif şəxslərin telefonları qanunsuz olaraq dinlənilirmiş. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynova qarşı irəli sürülən ittihamlar da bunu təsdiqlədi.
Bəs ölkədə ictimaiyyət arasında tanınan şəxslər öz telefonlarının dinlənildiyini hiss ediblərmi?
Məsələ ilə bağlı musavat.com-a danışan AXP sədri Pənah Hüseyn aşağıdakıları söylədi:
“Bir var qanuni, bir də var qanunsuz dinləmələr. Ölkənin təhlükəsizliyi ilə bağlı müəyyən operativ işlər zamanı qanuna müvafiq olan dinləmələri mümkün sayırıq. Bu başqa məsələdir. Ancaq istər siyasi məqsədlə, istərsə də şantaj, hədə-qorxu, təzyiq məqsədi ilə insanların şəxsi və ictimai həyatlarının izlənməsi çox ağır bir cinayət hesab olunur. Konkret olaraq bizim telefonlarımızın dinlənilməsini yalnız ehtimal edə bilərəm. Çünki faktiki olaraq bu barədə mənə hər hansı bir şantaj və ya hansısa başqa bir xarakterli xəbərdarlıq olmayıb. Həmçinin bizim elə bir işimiz də yoxdur ki, onunla bizi hədələyib şantaj edələr. Açıq fəaliyyət göstəririk. Qeyri-qanuni hərəkətimiz, biznes fəaliyyətimiz də yoxdur. Fundamental insan hüquqlarına zidd olduğu üçün telefon danışıqlarının dinlənilməsinin əleyhinəyəm”.
Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirib ki, onun telefon danışıqları dinlənilir:
“Telefonumun dinlənilməsini hiss etdiyim zamanlar olub. 2004-cü ildən dinlənilirəm. Hətta 2005-ci ildə əlimdə telefon öz-özünə danışmağa başladı. Telefonla danışdığım yerdə səs kəsildi və telefondan bu səsləri eşitdim: “Obyekt Karl Marks kruquna yaxınlaşır”. Həqiqətən də elə idi. Ondan sonra da analoji hadisələr olub. Elə zamanlar olub, xışıltı və səs-küydən danışa bilməmişəm. Oturduğum evimdə və məkanlarda belə telefonla danışmağım çətinləşib və hətta bu gün də evimdə belə qonaqlarımız çətinlik çəkirlər. Son on ildə bir gün belə dinlənilmədiyim gün olmayıb”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də dinlənildiyini söyləyib:
“Məni daima dinləyirlər. Ona görə ki, bu gün prezidentə yaxın olan, Azərbaycanın dövlətçiliyini qoruyan insanların hər birinin telefonları dinlənilir. Hər zaman hiss edirəm ki, kimləsə telefonla danışdığım zaman müxtəlif səslər gəlir. Bu qanunsuzluqdur. Telefonların dinlənilməsi Azərbaycanda olan özbaşınalıq idi. Məsələ Eldar Mahmudovla bitmir. Bu proseslərin kökü çox dərindədir. Əgər nazir bilmirsə ki, onun işçisi nə ilə məşğuldur o vəzifədən getməlidir. Mən də nazir olmuşam. Bu işlərin necə olmalı olduğunu çox gözəl bilirəm. Nazir çox ayıq olmalı, hər şeydən xəbərdar olmalıdır. Hesab edirəm ki, bu birbaşa Azərbaycan dövlətçiliyinə yönəlib. Kökü isə xarici dövlətlərə dayanır. Azərbaycanı istəməyən insanlar və dövlətlər çoxdur”.
ReAl hərəkatının icraçı katibi Natiq Cəfərli bəzi əlamətlərə görə hesab edir ki, onun telefonu da dinlənilir:
“Bəzi əlamətlər var ki, onlar mənim telefonumda da olur. Misal üçün internetdə yayılıb ki, danışıq zamanı xışıltı varsa, telefonun şarjı tez bitirsə və sairə hallarda danışıq dinlənilir. Sadaladıqlarım faktorlar mənim telefonumda da olur. Həm avtomobildə, ofisdə və evdə şarj aparatı gəzdirirəm. Yox, əgər bunlar texniki məsələ ilə əlaqədardırsa, o zaman heç nə deyə bilmərəm. Yəni sırf bununla bağlı hər hansı bir faktım yoxdur”.
İlhamiyyə Rzanın sözlərinə görə, o, teleaparıcı kimi seyirçilərinin oldğunu bilir, amma “dinləyiciləri”nin olduğunndan xəbərsizdir: Bildiyimsə odur ki, asudə danışmaq günü-gündən çətinləşir. Dinləmə kabusu 2001-ci il 11 sentyabr olaylarından sonra bütün dünyada geniş miqyas aldı. BMT üzvləri qarşılıqlı razılığa gəldilər ki, öz ərazilərində ANTERROR MƏRKƏZLƏRİ yaradıb terrorla əlaqəli şəxslərin dinlənməsini məhz bu qurumlara həvalə etsinlər. Azərbaycanda da bu belə oldu və dinləmə böcəkləri ilə bağlı kütləvi isteriya artmağa başladı. Təəssüf ki, MTN daxilindəki ANTİTERROR, MONİTORİNQ MƏRKƏZLƏRİ tezliklə öz həqiqi təyinatlarını, hədəflərini unudub oz aralarında “telefonçu qızların” sayını artırdılar. Belə qadınların biri- Natəvan Mürvətovanın adı son MTN olaylarında xeyli hallandı. Həmin qadın general rütbəsi qazanmış tək-tük Azərbaycan qadınlarından idi. Heyif ki, karyerasına bax bu cür nöqtə qoyuldu. Təəssüf ki, antiterror, monitoriq mərkəzləri Milli və dövlət təhlükəsizliyi adı altında pərdələnərək fərdi və qrup maraqlarna xidmətdə iyrənc bir alətə çevrilirlər. Müsair zamanın ən güclü silahı informasiyadır və ona sahib olan.
Məşhur kəşfiyyatçı Edvard Snounenin dediyinə görə bu sahədə vəziyyət heç demokratik Qərb ölkələrində də ürəkaçan deyil. Amma bu təsəlli deyil. Sadəcə dediyim odur ki, terror təhlükəsi artdıqca , terrorla mübarizə adı altında öz məqsədlərini həyata keçirən qüvvələrin də sayı artır.
Tərəzinin bir tərəfində təhlükəsizlik, digər tərəfində şəxsi həyata müdaxilə olunca, təbii ki insan həyatı daha aır gəlir, yəni təhlükəsizlik.
Düşünürəm ki, belə mərkəzlərin fəaliyyətinə Prezident yanında Təhlükəsizlik Şurası tərəfindən nəzarət edilməlidir.
Mənə gəldikdə isə deyə bilərəm ki, dinləmədən qorxmuram. Dövlət sirlərinə bələd deyiləm, gizli fəaliyyətim yoxdu. Dinləyirlər, dinləsinlər".
Əli Rais, musavat.com