Müzəffər Baxışov: «Həbs olunanlardan kimlərsə suverenliyimizə qəsd etmək məqsədilə dövlət sirrini kimlərəsə veribsə, onlara qarşı bu ittiham irəli sürülə bilər»
Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə cinayət işi başlanıb. Artıq MTN işi üzrə 16 nəfər işini itirərək, həbs edilib. Baş Prokurorluqda başlanmış cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri Cinayət Məcəlləsinin 302.2, 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində məhkəmənin uyğun qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslər əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma cinayətlərində təqsirli bilinirlər.
Amma ötən müddət ərzində həbs edilən keçmiş MTN-çilər barəsində mətbuatda yeni ittihamlar yer alıb. Fakt və sübutlarla dolu bu iitihamlar açılan cinayət işlərinə fərqli yanaşmanı tələb edir. Hətta MTN-çilərə qarşı IŞID-lə işbirliyi, MSK sədrinin dinlənilməsi kimi əlavə ittihamlar irəli sürülür.
Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, istintaq qrupuna barəsində həbs qətimkan tədbir seçilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmişlərlə bağlı şikayətlər daxil olarsa, bunlar da araşdırılmalıdır. Əgər həbs olunanların əməlində digər cinayətlərin də tərkib əlamətləri müəyyən edilsə, qanunla həmin şəxslərə əlavə ittiham verilməlidir: “Düşünürəm ki, burada Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə nəzərdə tutulan ”hədə-qorxu ilə tələbetmə” maddəsinin əlamətləri mövcuddur. Çünki MTN əməkdaşlarının pul aldığı şəxslər rüşvətalma cinayətinin subyektləri olmaya da bilərlər. Çünki onların bu şəxslərə münasibətdə konkret səlahiyyətləri olmur. Ən azı hədə-qorxu ilə vəsait tələb etmə, şantaj ola bilər. Maqsud Məmmədov barəsində video görüntülərdən məlum olur ki, hədə-qorxu ilə ondan pul tələb edirlər. Daha sonra yüksək vəzifəli şəxslərin rüşvətalma, vəzifə saxtakarlığı maddəsi də bu ittihamlara əlavə edilə bilər. Istintaq nəticəsində həmin şəxslərin törətdiyi cinayət əməlləri sübuta yetsə, həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin digər maddələri də irəli sürülə bilər”.
Həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanət ittihamının irəli sürülə biləcəyinə gəlincə, M.Baxışov bildirdi ki, əgər istintaq zamanı müəyyən edilsə ki, həbs olunanlardan kimlərsə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək məqsədilə dövlət sirrini kimlərəsə veribsə, onlara qarşı bu ittiham irəli sürülə bilər.
Xəyal
azadliq.info