Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olan Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin lahiyə-smeta bölməsinin rəhbəri Nəriman Niftəliyev ifadə verib.
O, Mehman Səlimovu tanıdığı deyib: "Nazir müavinimiz olub, şəxsi tanışlığımız olmayıb. 2008- ci ildən "STŞ" MMC rəhbəri Mehman müəllim obyektlərdə təmir tikinti işləri aparırdı. Bununla əlaqədar bir neçə dəfə onunla görüşmüşdüm. Mehman müəllim məndən planlaşdırılmış tikinti obyektlərinin lahiyələndirilməsində köməklik istəmişdi".
Bundan sonra şahid prokurorun suallarını cavablandırıb. O suallarına cavab olaraq bildirib ki, "STŞ"MMC 2 binada təmir işləri, 4 binada isə tikinti işləri aparıb: "Bu binalarda nazirliyin sifarişi ilə tikilib. O işlərlə nazirliyinin Əsaslı Təmir Tikinti idarəsi məşğul olub. Təmir işləri məndən əvvəl olub, tikinti işləri hamısı hərbi şəhərcikdə olub".
Mehman Səlimov çıxış edib. O çıxışında lahiyə-smeta işləri üçün 40 min manatlıq "Forma 2” yazdığını qeyd edib: " Həmin lahiyəni çəkən firmalar deyirlər ki, 8 min pul almışıq. Halbuki ora-bura verə-verə 40 min pul xərcləmişəm. Özləri də yaxşı bilir. Indi mənə deyirlər ki, 32 mini mənimsəmisən".
Sabiq nazir müavini çıxışında onu da bildirib ki, iki eyni həcmdə bina tikib. "Bir binanı 350 min manat, birinisə isə 740 min manat dəyərləndiriblər. Necə oldu ki, hər ikisi eyni binadır. Bu suallarıma cavab versinlər. Hələ birinci binanı təhvil verəndən sonra dam örtüyü uçdu. Mən öz vəsaitimlə onu bərpa elədim. Buna görə, mənə bir qəpikdə pul vermədilər".
Hakim Zeynal Ağayev cinayət işi üzrə adları hallanan şahidlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxaralacağı bildirib. O, həmçinin bu barədə Müdafiə Nazirliyinə və qərargah rəisinə müraciət ünvanlayacaqlarını qeyd edib.
Məhkəmə noyabrın 6-da davam edəcək.
Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.