Tehran-Tiflis-İrəvan-Rusiya anlaşmasının sirri; ekspert: “Azərbaycanın təklənməsi prosesi gedir, Qərb də bu situasiyada Azərbaycanı müdafiə etmək fikrində deyil”
Gürcüstanın Rusiyanın “Qazprom” şirkətindən qaz almaq niyyəti ciddiləşdikcə İran və Ermənistanın da Azərbaycanın maraqlarına zərbə sayılan bu layihədə iştirakı məsələsi ortaya çıxıb. Ermənistan prezidentinin bu arada Tiflisə səfər etməsi də bu kontekstdə qiymətləndirilir. Paralel olaraq İran Gürcüstana Ermənistandan tranzit kimi istifadə etməklə qaz ixrac etmək istəyir. Faktiki olaraq Azərbaycanın maraqlarına uyğun gəlməyən proses gedir.
Azərbaycan qazına alternativlər axtarışında olan Gürcüstanın energetika naziri Kaxa Kaladze növbəti dəfə məsələni gündəmə gətirib. ANS-in məlumatına görə, o, Azərbaycanın Gürcüstan əhalisini qazla təmin etdiyini, amma bəzi ticarət obyektlərinə “SOCAR”ın qaz vermək imkanı olmadığını söyləyib: “”SOCAR"ın əhalini təbii qazla təmin etməsində problem yoxdur və bu, tam həcmdə həyata keçirilir. Amma bu şirkətin ticarət obyektlərinə əlavə həcmdə qaz vermək imkanı yoxdur. Sırf buna görə “Qazprom”la danışıqlar aparılır".
Energetika naziri, “Qazprom”un rəhbəri Aleksey Millerlə İtaliyada baş tutan sonuncu görüşünün detalları barədə yenə də açıqlama verməyərək hələ razılığa gəlinmədiyini bildirib.
Nazir onu da əlavə edib ki, “Qazprom”la eyni zamanda Ermənistana ötürülən tranzit qazın həcminin artırılması barədə danışıqlar aparılır.
Rusiyapərəst mövqeyi ilə seçilən keçmiş Baş nazir Bidzina İvanişvili isə “SOCAR”ın ölkədə monopolist şirkət olmaması üçün “Qazprom”dan mavi yanacaq almağın vacib olduğunu söyləyib: “Bu gün Rusiya qazı ilə bütün Avropa təchiz edilir. Gürcüstanın da bu ölkədən qaz alması cinayət deyil. Azərbaycan qazının ucuzluğunu soruşursuz. Biznesmen ağılsız deyil ki, bir yerdən ucuz qiymətə aldığı qazı qoyub başqasına daha çox ödəməklə qaz əldə etsin. Azərbaycan tərəfinə minnətdarıq, amma ölkədə bir şirkətin monopolist olmaması üçün müxtəlif şirkətlərin cəlb edilməsi vacibdir”. Hələlik SOCAR-ın bu iddiaya münasibəti bəlli deyil. Sadəcə bildirilir ki, şirkət Gürcüstan-Rusiya anlaşmasından narahatlıq keçirmir.
Düzdür, Azərbaycan da “Qazprom”dan qaz almağa hazırlaşır. Rusiyanın “Qazprom” şirkəti ilə SOCAR arasında qaz nəqlinə dair svop müqavilənin texniki detalları hazırlanır. APA-nın məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayevin sözlərinə görə, hələlik müqavilənin nə vaxt imzalanacağı məlum deyil. Qeyd edək ki, “Qazprom”un Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcəyi nəzərdə tutulur. Həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq. 2016-cı ildən isə həmin qaz Dağıstana nəql olunaraq Muxtar Respublikanı qazla təmin edəcək. Gürcü rəsmilər bəzən bu faktı önə çəkib Azərbacanı Tiflisin mövqeyinə anlayışla yanaşmağa çağırırlar. Fakt budur ki, məsələ iqtisadi olmaqla yanaşı, həm də siyasi motivlidir. Yəni qonşular Azərbaycanın regionda təsir imkanlarını azaldırlar. Noyabrın əvvəllərində isə İlham Əliyevin Tiflisə səfəri olacaq.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə bildirdi ki, Azərbaycanın təklənməsi prosesi gedir: “Əslində də bu proses Rusiya tərəfindən aparılır. Gürcüstanın hazırkı hökuməti Saakaşvili hökumətindən fərqli olaraq daha çox vektorlu xarici siyasət kursu həyata keçirir, o cümlədən Rusiya ilə münasibətləri, ən azından iqtisadi münasibətləri yaxşılaşdırmağa çalışır. Digər tərəfdən Qərblə inteqrasiya istiqamətində xeyli addımlar atıb. Deyək ki, Avropa Birliyinin assosiativ sazişi imzalanıb. Digər tərəfdən, Gürcüstanda NATO-nun Təlim Mərkəzi açılıb. Yəni hərbi-siyasi inteqrasiya Avropa, Qərb istiqamətində gedir, amma eymi zamanda Rusiya ilə iqtisadi inteqrasiya həyata keçirilir”.
Ə.Orucluya görə, düşünmək olar ki, Azərbaycanın qaz layihəsinin uğursuzluğunun arxasında dayanan qüvvə Rusiyadır: “Moskva Gürcüstana ”Qazprom" vasitəsilə daha səmərəli təklif irəli sürüb. Həm də görünür ki, Azərbaycan tərəfin Gürcüstandakı enerji siyasəti həqiqətən də gürcü rəsmilərini qane etmir. Ola bilsin ki, bugünki Gürcüstan hakimiyyətinə yaxın oliqarxların marağı təmin olunmur, bu da var. Çünki vaxtilə bütün bu biznes münasibətləri Saakaşviliyə yaxın dairələrlə qurulmuşdu. Xatirinizdədirsə, İvanişvili baş nazir olanda o, Azərbaycana səfər etdi. Onun ümumiyyətlə, bir xarici səfəri oldu, özü də Azərbaycana. Həmin səfər ərəfəsində o, Bakı-Axalkələk-Qars dəmir yolu ilə bağlı bir bəyanat verdi. O bəyanatın məzmununa varsaq, faktiki olaraq o, layihədəki yeyintidən öz payını istəyirdi. Bakıda da ona müəyyən sərt təpki verildi. Ola bilsin ki, bu, üzdə görünən idi, arxada hansısa bir anlaşma əldə olundu. Hər halda burada həm siyasi faktorun - Rusiyanın rolu var həm də iqtisadi amil rol oynayır".
Ekspert hesab edir ki, iqtisadi amilin bu nəticəyə gətirib çıxarmasının iki səbəbi var: “Bir tərəfdən ölkənin qaz təchizi məsələsində Gürcüstan hökuməti Qazpromu daha məqbul partnyor bilir, həm siyasi, həm iqtisadi səbəbdən. Digər tərəfdən isə, görünür, Tiflisin Bakı ilə münasibətləri alınmır. Təsadüfi deyil ki, Bakıya dəvət olunan İrakli Qaribaşvili gəldi , buna baxmyaraq, yenə də Gürcüstanın əvvəlki xətti davam edir. Deməli, anlaşma əldə olunmadı”. Ə.Oruclu Azərbaycan prezidentinin Tiflis səfərində də ciddi anlaşmanın əldə olunub-olunmayacağı barədə konkret fikir bildirməyin asan olmadığını vurğuladı: “Bilmirəm, Gürcüstana hansı şərtlə təklif edə bilərik ki, onun həm siyasi, həm iqtisadi kompanenti olsun. Bu baxımdan Qazprom Gürcüstana daha əlverişlidir ki, Rusiyanın Tiflisə təzyiqlərini müəyyən qədər azaltsın, Moskva Tiflisin Qərblə, NATO ilə inteqrasiyasına çox da qıcıqlanmasın. Digər tərəfdən isə bütün bu, Qərb-Rusiya qarşıdurmasında özünü qoruya bilsin”.
Politoloq Gürcüstan torpaqlarının işğalda olduğu halda, Tiflisin Rusiya ilə anlaşmasını təəccüblü saymadı: “Azərbaycanın da torpaqları işğal altındadır, amma Azərbaycan rəsmiləri Rusiyaya yüksək münasibət göstərirlər. Məncə, burda məntiqdən kənar bir şey yoxdur. Gürcüstan xarici siyasətini diverfikasiya etmək istəyir, yeni hakimiyyət gələndən belə görünür. Burada Azərbaycanın təklənməsi prosesi gedir. Mən Gürcüstanın qaz məsələsinin arxasında duran faktor kimi Rusiya amilini göstərdim. Amma Qərb də bu situasiyada Azərbaycanı müdafiə etmək fikrində deyil. Bunun da da bir çox səbəbləri var. Əvvəla, deyilənlərə rəğmən artıq Azərbaycan qazı Avropa üçün bir o qədər aktual deyil. Digər tərəfdən, Azərbaycanın xarici siyasəti Rusiya istiqamətinə daha çox meyllənir. Bir də Azərbsaycan artıq bir partnyor, bölgənin dövləti kimi, Qərb üçün əhəmiyyətini itirib, ona maraq azalıb. Bütün bu amillər bizim əleyhimizə işləyir".
Rusiyanın “Qazprom” şirkəti İrana satacağı qazı Azərbaycan kəməri ilə nəql edə bilər. “APA-Economics”in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O, bildirib ki, Azərbaycan tərəfinə hələlik belə bir təklif edilməyib: “Bizim kəmərdən istifadə edə bilərlər. Belə bir təklif olmayıb. Biz çalışırıq ”Qazprom"la svop əməliyyatlar həyata keçirək".
Cavid TURAN //musavat.com/