Ölkə ərazisində parlament seçkiləri başlayıb. 63 saylı Sabirabad Seçki Dairəsində seçki başlamadan saxtakarlığa cəhdlər edilir. Musavat.com-un Sabirabada ezam olunmuş müxbirinin verdiyi məlumata görə, namizəd Pənah Hüseyn səhər tezdən seçki məntəqələrindən şikayətlər gəlməkdədir. Belə ki, əksər mənqələrdə sədrlər seçki bülletenlərini başqa otaqda seyfdə saxlayırlar. Həmçinin bəzi məntəqələrdə bülletenlər sayılmayıb. Üstəlik, bəzi məntəqələrdə seçki başlamadan kənar şəxslər olub.
***
Müxbirlərimizin verdiyi məlumata görə, hələlik seçici aktivliyi çox zəifdir. Lakin saatlar keçdikcə bu aktivliyin artacağı da istisna edilmir.
Bundan başqa, reportyorumuz bildirir ki, seçkilərin başlamasından 1 saatdan da az vaxt keçməsinə baxmayaraq, rayonun müxtəlif məntəqələrində artıq qayda pozuntuları müşahidə olunmaqdadır. Belə ki, 14 saylı seçki məntəqəsində mürəkkəbin sol yox, sağ əlin baş barmağına vurulması müşahidə olunub.
Müşahidəçilərin müdaxiləsindən sonra qayda pozuntusu aradan qaldırılıb.
***
Namizəd P.Hüseyn bir neçə məntəqədə olaraq vəziyyətlə maraqlanıb. Məlum olub ki, 7 saylı məntəqədə sədr bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb. Sədr müşahidəçilərin etirazına əhəmiyyət verməyib. Namizədin məntəqəyə getməsindən sonra sədr bülletenlərin hamısını səsvermə otağına gətirməyə razılaşıb.
11 saylı məntəqədə isə əlavə qapıdan içəridə kənar şəxslərin olması ortaya çıxıb. P.Hüseyn etiraz etsə də, həmin şəxsləri məktəbdən çıxarmayıblar.
15 saylı məntəqədə isə bülletenlərin dörddə üçünün başqa otaqda saxlandığı məlum olub. Həmçinin binada kənar şəxslər olsa da, məntəqə sədri və üzvləri onları çıxarmaq istəməyib. Namizəd polisi də məntəqənin bufetində gizlənmiş halda tapıb.
13 saylı məntəqədə isə sədr müşahidəçiləri seçki qutusundan çox kənarda saxlayıb. Həmçinin bir nəfərə üç bülleten verilərkən tutulub. Bülleteni sədr götürmək istəsə də, P.Hüseyn verməyib.
Röya RƏFİYEVA
Əli RƏİS
Musavat.com