Xəbər verildiyi kimi, oktyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb. Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.
Əhməd Mahmudov
Xatırladaq ki, sabiq nazirin atası Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü, professor olub. O, 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.
Qaynar.info-nun məlumatına görə, MTN-in keçmiş “şef”i tanınmış atanın övladı olan ilk nazir deyil.
Belə ki, baş nazir Artur Rəsizadənin atası Tahir Rasizadə şair Hüseyin Cavidin qardaşı oğlu olmaqla yanaşı, Azərbaycanın ilk kənd təsərrüfatı mütəxəssislərindən biri olub.
Tahir Şeyx Məhəmməd oğlu Rasizadə 1907-ci ildə Naxçıvan şəhərində doğulub, orta təhsilini Naxçıvanda alıb. Əmisi Hüseyn Cavidin dərs dediyi Bakı darülmüəlliminini, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Bir müddət Gəncədə işlədikdən sonra Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini təyin edilib.
Tahir Rasizadə və Hüseyn Cavid
Şairlik təbi olub, ilk şeirlərini darülmüəllimində oxuyarkən yazıb. Müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olan T. Rəsizadə pyeslər də yazıb.
”İki dünya” poemasında bəşəriyyətə fəlakət gətirən ”hərb allahına”, ”qan püskürən” ”ölüm şahına” lənətlər yağdırır, faşizmin yaratdığı xarabazarlıqların onun özünün “əbədi məzarına” çevriləcəyini inamla bildirirdi. 1942-ci ildə Böyük Vətən müharibəsində, Kerç uğrunda döyüşdə həlak olub.
İlyas Əfəndiyev
Baş nazirin müavini Elçin Əfəndiyev isə Azərbaycanın məşhur nasir və dramaturqu, xalq yazıçısı İlyas Əfəndiyevin oğludur. Fikrimizcə, İlyas Əfəndiyevin xüsusi təqdimata ehtiyacı yoxdur, bununla belə, onun “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Büllur sarayda”, “Mahnı dağlarda qaldı”, “Məhv olmuş gündəliklər” kimi pyeslərin, “Üçatılan”, “Geriyə baxma, qoca”, "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı" kimi povest və romanların müəllifi olduğunu xatırladaq.
Xarici işlər naziri Elmar Məmmədyarov isə kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Məhərrəm Məmmədyarovun oğludur. əhərrəm Məmmədyarov – 250-dən çox çap olunmuş elmi işlərin, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 3 monografiyanın, müəllifidir. Onun rəhbərliyi altında 14 elmlər namizədi və 1 elmlər doktoru hazırlanıb.
Məhərrəm Məmmədyarov
Məhərrəm Məmmədyarov Naxçıvan termal mənbələrinin karbon qazının sənayədə istifadə texnologiyasının işləyib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layig görülüb. 1994-cü ildən 2002-ci ilə qədər AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru işləyib. 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasına rəhbərlik edir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin atası Mürsəl Qarayev böyük bəstəkarımız Qara Qarayevin qardaşı olmaqla bərabər, Azərbaycanın məşhur cərrahlarından biri, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olub. O, 1919-ci il noyabrın 4-də Bakı şəhərində, məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. 1927-ci ildə Yasamal rayonu 23 saylı orta təhsil məktəbinə daxil olub, 1942-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) müalicə-profilaktika fakultəsini bitirib.
Qara Qarayev
Mürsəl Qarayev 1943-ci il avqustundan İkinci Dünya müharibəsinin sonuna qədər ön cəbhədə - 482-ci Tibb-Sanitar Batalyonunda cərrah kimi xidmət edib, Kursk dairəsi döyüşlərində hərbi eşalonun baş həkimi olub. Budapeşt ətrafındakı döyüşlərdə yaralanıb. "Döyüşdə cəsurluğa görə", "Qafqazın müdafiəsinə görə","Almaniya üzərində qələbəyə görə" medallarıyla təltif edilib.1953-ci ildə "Uzun müddət vakkum-terapiya tətbiq edilməklə irinli plevritin kompleksli müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.1959-cı il iyulun 28-də "Cərrahiyyə kafedrası üzrə" dosent elmi adı təsdiq olunub. 1960-1964-ci illərdə Azərbaycan SSRİ Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləyib.1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının cərrahiyyə seksiyasında təkrar müdafiə edib. 1975-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib.
Ölümündən az sonra Ali Attestasiya Komissiyası Mürsəl Qarayev üçün nəzərdə tutulmuş "Tibb elmləri doktoru" diplomunu onun həyat yoldaşına təqdim edib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun adı da geniş ictimaiyyətə çox yaxşı tanışdır. O, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri vəzifəsində çalışıb. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.
Fəttah Heydərov
1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. I (1995-ci il), II (2000-ci il) və III (2005-ci il) IV çağırış (2010) Milli Məclisin deputatı seçilib. Hazırda V çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizəddir.
SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və digər medallarla, 22 fevral 2013-cü ildə isə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə” “Şərəf” ordeni ilə təltif edilib.
İlkin Hüseynli
Qaynar.info