Azərbaycanda keçirilən növbəti parlament seçkilərinin bütün dairələr üzrə mandat qazanan namizədlərin adları açıqlansa da, 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri açıqlanmayıb.
Qaynar.info xəbər verir ki, artıq seçki təblığatı başlayandan bu dairədən Araz Əlizadə yoxsa, İqbal Ağazadənin seçilməsi müzakirəsi gedirdi. Siyasi arenada aparılan müzakirələrdən bəlli olurud ki, Milli Məclisin ötən ay Avropa Parlamentinin qətnaməsinin müzakirəsi zamanı İqbal Ağazadənin qətnaməyə səs verməməsi, onun seçilməsi üçün əngəllər yaradacaq. MSK-nin ilk açıqladığı siyahıda həmin dairə üzrə 33 məntəqədən 6 məntəqənin nəticələri açıqlandı. 6 məntəqənin nəticəsinə görə dairədə mandate qazanan namizəd Araz Əlizadə göstərildi. Lakin sonralar Mərkəzi Seçki Komisiyasının saytında həmin dairə üzrə nəticələr sıfırlandı.
Dünən seçki keçirilən müddət ərzində həmin dairələrdəki məntəqələrdə çalışan və ya müşahidəçilik edən şəxslərdən redaksiyamıza ilginc məlumatlar daxil olub. Məntəqə Komisiya üzvlərinin Qaynar.info-ya verdiyi məlumata görə seçki günü saat 17:00-a qədər onlara qutudan İqbal Ağazadənin çıxması ilə bağlı tapşırıq gəlib. Lakin saat 17:00-da tapşırıq Araz Əlizadənin xeyrinə dəyişib. Bütün məntəqələrə xəbər göndərilib ki, plan dəyişdi, qutudan Araz Əlizadə çıxmalıdır. İcra başçısı və tərəfdarlarının gün ərzində İqbal Ağazadənin seçilməsi üçün keçirdiyi də daxil olan məlumatlar sırasındadır.
Bundan başqa dairə üzrə müşahidəçilik edən bir çox şəxslərin açıqladığı nəticələrdə həmin dairədən İqbal Ağazadənin mandat qazanacağı fikrini yaradırdı. Müşahidəçilərdən Nida Vətəndaş Hərəkatının üzvü Kənan Qasımlı gün ərzində yaydığı informasiyalarda bildirilirdi ki, müşahidə etdiyi bütün məntəqələrdə qutudan İqbal Ağazadənin adı çıxıb. K. Qasımlı özünün facebook hesabından paylaşdığı məlumata görə dairədəki 2, 3, 4, 5 və 6-cı dairələrdəki nəticələr qutudan İqbal Ağazadə çıxıb.
İqbal Ağazadənin seçki qərəgahı isə mediaya yadığı məlumatlarda əllərində olan bəzi protokolları yayıb. O protokollarda da İqbal Ağazadənin daha çox səs topladığı görünür. Ekspertlərin fikrincə İqbal Ağazadənin “vurulmasına” Milli Məclisin növbədənkənar iclasındakı səsvermədən əlavə digər nüanslar da təsir göstərib. Hətta bəziləri ortaya açıq iddia qoyaraq bildirir ki, İ. Ağazadənin vurulması 2 aya yaxındır müzakirə olunsa da, sabiq milli təhlükəsizlik nazirinin işdən çıxarılması bu müzakirəyə İqbal Ağazadənin əleyhinə nöqtə vurulması ilə nəticələnib.
Qaynar.info