Seçəmədim, seçmədim…

3-11-2015, 09:48   
Seçəmədim, seçmədim…
Büdcə pullarını sovuran ITV, AzTV vətəndaşı ələ salır

Seçki qanununa görə, guya Ictimai televiziya pulsuz təşviqat aparmalıydı. Nətəri düzüb qoşdularsa, təşviqat-filan olmadı. Pulsuzu hökumət ləğv elədi, pullunu ITV. ITV saniyəbaşına elə qiymət oxudu ki, yaxın duran olmadı. Seçkilərin azad, ədalətli keçəcəyinə inanan olsaydı, bəlkə kimsə pulundan keçərdi, bir ayrısı borca düşərdi. Keçmədilər, düşmədilər.

Bu gündən sabaha etibar yoxdu ona görə, olsaydı, Eldar Mahmudov indi iş başında olardı. ITV-nin seçki təşviqatı sıfır oldu bir yana, televiziya özünü bimbiabır elədi. Qeyri-peşəkarlıq biabırçı səviyyəyə çatdı. Nə baş verdiyini yazacam, amma yaxşı olar internetdən yığışmamış (http://www.myvideo.az/?act=dvr&chan=ictimai) dövlətin pullarının necə bacarıqsızlara bağışlandığını gözlərinizlə görəsiniz. Vətəndaşın cibindən çıxan büdcə pulları hesabına kef edən Ictimai televiziya başbilənləri hətta hakimiyyətlərinə belə layiqli xidmət edə bilmirlər.


Deməli, oktyabrın 28-də “Carçı”nın 20.30 buraxılışında Avstraliya parlamenti nümayəndələrinin Milli Məclisdə görüş keçirdiyini elan edən aparıcı xanımın oxuduğu mətnlə görüntülər üst-üstə düşmədi. Milli Məclisdəki görüş yerinə Məzahir Pənahovla görüşü göstərdilər. MSK-nın növbəti yığıncağından, o yığıncaqdan ki, Müsavat partiyasının müraciətinə baxırdılar, hazırlanan mətnin üstündə avstraliyalıların Milli Məclisdəki görüşünü verdilər. Təxminən belə, Məzahir Pənahov deyib Siyavuş Novruzovu göstərərək. MSK-dan xəbər əlacsızlıqdan görüntüsüz getdi. Seçki bloku zibil oldu. Kimsə də tamaşaçıdan üzr istəmədi. Seçki məsələlərində MSK-nın sağ əli olan kanal məsul işə belə qeyri-ciddi yanaşdı. Əslində bir aydı telekanal ATƏT-i yıxıb sürüyürdü, Azərbaycan əhalisinin sayına nisbətdə beş-on nəfər arasında sorğu keçirən xaricilərin rəyini şişirib seçki sonuclarına döndərmişdi, dairə və məntəqələrdən “Həmişə hazırıq” raportları verdirirdi, hər axşam müxbiri Vaqif Tanrıverdiyə Gəncənin icra başçısından bir xəbər hazırlatdırırdı ( E.Vəliyev ITV-də ən çox təbliğ olunan başçıdır), axırda “vurub hamısının gözünü çıxartdı”.

Yadıma düşüb, mövzuya aidiyyəti olmasa da yazım; gizli reklam, reklam qanununu pozur deyib ANS-in başına oyun açan MTRŞ ITV-yə göz yumur. Qabaqlar da görmüşəm, bu dəfə yadda saxlamağa çalışdım. Oktyabrın 28-də “Carçı”da heç bir reklam işarəsi olmadan “H B Güven” klinikasının reklamı getdi. Klinikanın ünvanı, telefonları yazıldı ekrana, baş həkimi də danışıb hamını “H B Güvən”-ə çağırdı. Nuşirəvan müəllim zəhmət çəkib baxsa, görər.

Yanlışlıqlara qayıdaq. Elə bilməyin xəbər proqramına tək ITV barmaqarası baxır. Böyük qardaş AzTV-nin də səhvləri az deyil. Oktyabrın 30-da “Xəbərlər”in saat 20.00 buraxılışında (http://www.myvideo.az/?act=dvr&chan=aztv) nazir Əbülfəs Qarayevin Rusiya media nümayəndələri ilə görüşü barədə süjetin mətninin üstündə Ceyranbatan su anbarından görüntülər göstərildi. Sonra Ceyranbatandan hazırlanan xəbəri verdilər. Təzədən Ə.Qarayevlə bağlı xəbərə döndülər. Bu dolaşıqlığa görə kimsə tamaşaçıdan üzr istəmədi. Çünki dövlət televiziyalarında belə ənənə yoxdur. AzTV, ITV tamaşaçını heçə sayır.

Daha bir problem; eyni çəkilişlərin, eyni mətnlərin, hətta hazır süjetlərin AzTV-dən ITV-yə, ya da əksinə ötürülməsinə son qoyulmalıdır. Tamaşaçınını pulunu yeyib onu ələ salmaq olmaz.

Cənab Əli Həsənov, arada ITV-yə, AzTV-yə də yerini göstərin.

Anar Məmmədlini Jiriniovskiyə dəyişdirən seçki

“Işinin xatirinə erməniyə ”dayı” demək”- sovetdənqalma sözdür. Bu seçkilərdə gerçəkdən elə oldu. Hakimiyyət öncədən seçkilərə “ədalətli, şəffaf” yaraşığı vurmaq üçün H.Əliyevi “çoban”a, səkkiz milyonluq Azərbaycan xalqını “qoyun”a bənzədən Vladimir Jirinovskiyə əl açdı. Jirinovski seçkidən qabaq “kimsənin ”ədalətə, şəffaflığa” kölgə sala bilməyəcəyini” iddia etdi, bu da hakimiyyətin işinə yaradı. Kölgəyə kölgə salmaqmı olar. Bu sözləri qonağımız Vaan Martirosyandan eşitsəydik, daha layiqli olardı, nəinki Jirinovskidən. Bu yerdə deyiblər, “kül başına, Hitler, gör üstünə kim gəlir”. Yerin görünür, Anar Məmmədli! Elslər, relslər, rəylər, avciyalar, mş-lar iş başındadır.

Əbədi “qəhrəman” – Zabelin

Seçkidən yazmağıma baxmayın. Ilk dəfədir seçkiyə getmədim. Hər dəfə gedib istədiyim namizədə səs verirdim, sonda Zabelin deputat seçilirdi. Bu dəfə getmədim ki, tərsinə olsun. Bəlkə də min ildir Mixail Zabelin Yasamaldan deputatdır. Adam min doqquz yüz doxsanıncı ildə H.Əliyevin referenti olub – o zaman referentlərin işi qovluq daşımaqdı, yəni papka. Referentlik 25 illik deputatlıq deməkdirsə, YAP-çılıq nədən olmasın.

Azadə

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar