Mərkəzi Bankın ehtiyatları sentyabrda 271,2 milyon dollar azalaraq 7 milyarda yaxınlaşıb
Problemli kreditlərin həcmi isə 1.4 milyard manata çatıb
Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmini açıqlayıb. AMB-dən verilən məlumata görə, AMB-nin valyuta ehtiyatları sentyabrda 271,2 mln. dollar və ya 3,71% azalaraq 7 mlrd. 44,2 mln. dollara düşüb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarında 7 mlrd. 998,2 mln dollar və ya 53,17% azalma qeydə alınıb.
Sentyabr üçün banklarda ödəmə vaxtı keçmiş kreditlərin həcmində də artım müşahidə olunub. Problemli kreditlərin həcmi 1 milyard 353,8 milyon manata çatıb. Mərkəzi Bank xəbər verir ki, bu, avqustun sonu ilə müqayisədə 1,5% çoxdur. Qeyd edək ki, avqustda problemli kreditlərin məbləği 1 milyard 333,6 milyon manat idi.
“Mərkəzi Bank xarici aktivlərini satır”
Mərkəzi Bankın fəaliyyətində daha bir maraqlı addım bankın sentyabr ayı ərzində 530,8 mln. ABŞ dolları həcmində qiymətli kağızlarını sataraq, əldə etdiyi vəsaiti nağd valyuta və depozitlərə çevirməsidir. Sentyabrın 1-nə 2 984,1 mln. dollar həcmində olan qiymətli kağızlar portfeli oktyabrın 1-nə 530,8 mln. dollar və ya 17,8% azalaraq 2 453,3 mln. dollara enib. Bu müddət ərzində nağd xarici valyuta və depozitləri 404,8 mln. dollar və ya 17,2% artaraq 2 751,2 mln. dollara yüksəlib.
Qeyd edək ki, qiymətli kağızlarda olan aktivlər ilin əvvəlindən 5 500,6 mln. dollar və ya 69,2%, 2014-cü ilin anoloji dövrü ilə müqayisədə isə 6 461,4 mln. dollar və ya 72,5% azalıb.
Cəmi valyuta və depozitlərdə olan aktivlər isə ilin əvvəli ilə müqayisədə 580,8 mln. dollar və ya 17,4% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə azalma 1 685,1 mln. dollar və ya 38% olub.
Qeyd edək ki, avqust ayında rəsmi ehtiyat aktivlərində 956 mln. dollarlıq azalmadan sonra sentyabr ayında azalma səngiyib və 129 mln. dollar təşkil edib.
Göründüyü kimi, ölkənin bank sektoru kritik dönəmini yaşayır. Problemli kreditlərin artmasının fonunda MB-nin ehtiyatları da tükənir. Bundan başqa, məhz bu hadisələrin fonunda bankın xaricdəki aktivləri ilə vidalaşması maraq doğurur.
Məhəmməd Talıblı: “Mərkəzi Bankın ehtiyatları bir ildən sonra Ermənistanın valyuta ehtiyatlarının səviyyəsinə düşəcək”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, hər 3 istiqamətdəki tendensiya tənəzzül elementlərinin güclənməsindən xəbər verir. M.Talıblının sözlərinə görə, həm problemli kreditlərin artması, həm valyuta ehtiyatlarının azalması monetar sferada yaxşı olmayan proseslərin güclənməsinin göstəricisidir: “Həmin sferanın mərkəzləşmiş problemləri digər sektorlara neqativ təsir göstərməyə davam edir. Çünki, banklarda vaxtı keçmiş problemlər artır, Mərkəzi Bankın valyuta ehtiyatları azalır və s. Mərkəzi Bank isə makroiqtisadi konteksdə həm ölkənin pul-kredit siyasətini tənzimləməli, həm də özünün azalan ehtiyatlarının qarşısını almaq üçün antiböhran tərbirləri həyata keçirməlidir. Bütün bunlar Mərkəzi Bankdan preventiv tədbirlər planı tələb edir. Mərkəzi Bank isə hazırda bazarda konservativ tədbirlərlə kifayətlənir. Bu status-kvo isə onun ehtiyatlarının artması ilə yox, azalması ilə nəticələnir”.
M.Talıblının sözlərinə görə, valyuta ehtiyatlarına dərinə baş vurub qayıtması üçün çox az vaxt qalıb. Əksinə, Mərkəzi Bank bu zamanla itirilən aktivlərin tamamilə necə artması və valyuta bazarında heç olmasa aktivlərin necə inersiyalı artımına nail olması haqqında siyasət yürütməlidir. “Əgər bu gedişlə davam etsə, bizim Mərkəzi Bankın ehtiyatları ”əriyərək” hətta bir ildən sonra Ermənistanın valyuta ehtiyatlarının səviyyəsinə düşəcək”, deyə M.Talıblı vurğuladı.
Xəyal
azadliq.info