Deputatın dələduz qardaşı oğlunun işi istintaqa verildi

4-11-2015, 20:22   
Deputatın dələduz qardaşı oğlunun işi istintaqa verildi
Tanınmış iqtisadçı deputat Vahid Əhmədovun dələduzluqla məşğul olaraq, bir neçə şəxsin onminlərlə manatını mənimsəyən qardaşı oğlunun işi istintaqa verilib. Keçmiş vergi işçisi olan Namiq Əhmədovun dələduzluq əməlləri Nəsimi RPİ-nin İstintaq şöbəsində araşdırılır. Bu barədə AzPolitika.info-ya deputatın qardaşı oğlunun qurbanlarından biri – 45 min dolları mənimsənilən N.Nadirov məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl “AzPolitika” N.Nadirovun şikayətini işıqlandırmışdı. Şikayətdə bildirilirdi ki, N.Əhmədov əmisi Vahid Əhmədovun adından istifadə edərək, onda özünə qarşı etimad yaradıb və 45 min dollarını mənimsəyib.

“Belə ki, 2014-cü ilin sonlarında Namiq Əhmədov və onun mənimlə tanış etdiyi, əvvəllər vergi orqanlarında birlikdə işlədikləri Əliyev Heydər Əli oğlu ilə birlikdə onların təklifi əsasında “RR+Siti” MMC-ni təsis etdik. Bu şirkət inşaat sektorunda fəaliyyət göstərməli idi. N.Əhmədov məni inandırdı ki, əmisi – deputat Vahid Əhmədov nüfuzundan istifadə edərək bizə dövlət orqanlarının təmir-tikinti sifarişlərini verdirəcək. 2014-cü ilin dekabr ayında Əliyev Heydər Əli oğlu isə dedi ki, hansısa yüksək vəzifəli dostunun Bakı ətrafında yerləşən hektarlarla torpaq ərazisində villalar tikib satacağıq.
Namiq Əhmədov da elə həmin vaxt əmisi Vahid Əhmədovla görüşüb, guya tikəcəyimiz villaların lahiyəsini ona göstərib, onun xeyir-duasını və dəstək vədini aldı. Bu vaxt tikinti şirkətinə FHN-dən lisenziya almaq məsələsi ortaya atıldı. Heydər bildirdi ki, o, 35 000 AZN (otuz beş min manata) bu lisenziyanı ala bilər. Bundan sonra həmin pulun axtarışına başladıq. Təxminən bir həftə sonra Namiq və Heydər tələb olunan pulu düzəldə bilmədiklərini deyib, mənim tapmağımı istədilər. Mən də bunların çoxsaylı vədlərinə inanıb yaxşı olacağını düşünərək, həmçinin N.Əhmədovun tez-tez mötəbər şəxs olan əmisi Vahid Əhmədovun adını hallandırdığını, işə başlayarıqsa ardının yaxşı olacağını, deputatın bizə yaxından dəstək verəcəyini vəd etdiyi üçün onların səmimiyyətinə inandım və həmin pulu tapmaq qərarına gəldim. Bu məqsədlə bir tanışıma müraciət edib, 40 gündən sonra qaytarmaq şərti ilə ondan 45 000 USD (otuz beş min manat) notariat qaydasında borc götürdüm. Elə həmin gün pulun yeddi min manatını Namiqə, on üç min manatını isə Heydərə verdikdən sonra (Pulu götürərkən mənə dedilər ki, işimizi həll edən adamlara çatdıracaqlar) pulun qalan hissəsini ertəsi gün Azadlıq küçəsi 97, mənzil 21 ünvanıda kirayələdiyimiz ofisimizdə seyfə qoyduq. Heydərin dediyinə görə, daha sonra qalan pulu da götürərək kiməsə çatdırıb. Bundan sonra həftələr günləri əvəz etsə də, FHN-dən alacağımız lisenziyadan və görəcəyimiz işlərdən bir xəbər çıxmadı. Beləliklə, pulu qaytarmalı olduğumuz gün gəlib çatdı. Lakin nə iş alındı, nə də verdiyim pul qaytarıldı. Müxtəlif vədlərdən sonra Heydər xəstəliyini bəhanə edərək bizdən uzaqlaşdı, Namiq isə məsuliyyəti Heydərin üzərinə ataraq aradan çıxdılar. Mən aldadıldığımı, hər şeyin əvvəlcədən qurma olduğunu, bu adamların əvvəllər də dələduzluğla məşğul olduqlarını bilərək, 45 min dollar borcla baş-başa qaldım. Anladım ki, Namiqin tez-tez öz əmisinin, Heydərin isə vəzifəli adamların adını hallandırması məqsədli olub. Aprel ayında isə Heydər ümumiyyətlə Bakını tərk edərək, doğulduğu Şərur rayonuna qaçdı. İndi də Mahmudkənd kəndində yaşayır. O vaxtdan telefon zənglərimə də cavab vermir. Namiq isə dəfələrlə vəd verməyə başladı ki, əmisi Vahid Əhmədov mənim pulumu qaytaracaq. Lakin iyun ayında Namiqi başqa bir şəxsə qarşı dələduzluq etdiyinə görə həbs etdilər. Həbs olunandan təxminən 1 ay sonra əmisi Vahid Əhmədov onu azadlığa buraxdırdı. Mən pulumu geri alacağım ümidi ilə bir qədər də gözlədikdən sonra polisə şikayət etdim. Hal-hazırda şikayətimlə əlaqədar Nəsimi RPİ-də təhqiqat aparılır.
Bildiyimə görə məndən başqa Namiq Əhmədov və Heydər Əliyev birlikdə Əliyev Elgün Alim oğluna 15 min manat, Həsənli Emin Həsənrza oğluna isə 2500 manat pul atıblar. Onlar da polisə şikayət ediblər.
Saytınız vasitəsilə Daxili İşlər naziri, cənab Ramil Usubova və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, cənab Mirqafar Seyidova müraciət edərək, xahiş edirəm ki, deputat əmisinin adından sui-istifadə edərək, ona arxalanaraq mənə və digərlərinə qarşı dələduzluq edən, aldadaraq külli miqdarda vəsaitimi mənimsəyən və 1 ilə yaxındır qaytarmaq istəməyən Əhmədov Namiq Rafiq oğlu və onun fırıldaq ortağı Əliyev Heydər Əli oğlunun məsuliyyətə cəlb olunmaları və mənə dəymiş ziyanın ödənilməsinin təmin olunması haqda göstəriş verəsiniz.” N.Nadirovun “AzPolitika”ya ünvanladığı şikayət məktubunda belə bildirilirdi.

Şikayətçinin bildirdiyinə görə, deputatın qardaşı oğlunun dələduzluq işi Nəsimi RPİ-nin Təhqiqat Şöbəsində araşdırılıb, cinayət işi açılması üçün əsaslar olduğundan materiallar toplanaraq bir neçə gün əvvəl İstintaq Şöbəsinə təqdim olunub. Hazırda iş müstəntiq Kamran Əliyevin icraatındadır.

N.Nadirov deyir ki, kimlərsə deputatın qardaşı oğlu və onun fırıldaq şərikini məsuliyyətdən kənarda saxlamaq üçün istintaqa təsir etmək istəyirlər.

V.Nəsibov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar