“Azərbaycanda keçirilən proses seçki yox, «tamaşa» idi»

5-11-2015, 10:31   
“Azərbaycanda keçirilən proses seçki yox, «tamaşa» idi»
AŞ PA-nın alman deputatı «Tagesspiegel»ə Azərbaycandakı seçki barədə nələr deyib?

Azərbaycan hökuməti ölkədəki seçki saxtakarlığının dünya mediasında yayılmasının qarşısını almaq üçün bir çox əcnəbi jurnalistlərin səfərinə imkan vermədi. Amma proseslərin gedişi göstərir ki, hökumət məqsədinə nail ola bilməyib.

Texnologiyanın inkişaf elədiyi dövrdə bu cür maneələrlə informasiya axınının qarşısını almaq mümkün deyil. Dünyanın nüfuzlu media orqanları hələ də Azərbaycandakı seçki saxtakarlığı, bu seçkinin repressiyalar şəraitində keçirilməsindən yazır. Bu qəbildən olan daha bir məqalə Almaniyanın “Tagesspiegel” qəzetində “Azərbaycandakı seçkilərə görə Avropa Şurasında mübahisə yaranıb” başlığıyla yayımlanıb.

“Avropa Şurasının müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini ”irəliyə doğru addım” kimi qiymətləndirib. Amma müşahidə missiyasına daxil olunan deputatların bir qismi bu mövqe ilə razılaşmayıb. Müşahidə missiyasının Almaniyadan olan üzvləri Azərbaycandakı seçkini “tamaşa” adlandırıb”, – deyə Almaniyanın “Tagesspiegel” qəzetinin şərhçisi Klaudiya fon Zaltsen yazır.

Qəzet xatırladır ki, seçkinin nəticəsinə görə, prezident Ilham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qələbə qazanıb. Müxalifət partiyaları seçkini boykot etmişdi. Azərbaycanda hökuməti tənqid edən çoxsaylı şəxslər, o cümlədən jurnalistlər və hüquq müdafiəçiləri, 2013-cü ildə prezident seçkiləri zamanı yol verilən saxtakarlıq faktlarını qeydə alaraq sənədləşdirən Anar Məmmədli hazırda həbsdədir.

“Əliyev rejimi bazar ertəsi Avropa Şurasının müşahidəçilərinin verdiyi rəydən sonra sevinə bilər”, – deyə alman jurnalist yazır. Çünki müşahidə missiyasının bəyanatında qeyd olunur ki, “bir sıra çatışmazlıqlara baxmayaraq, səsvermə və səslərin sayılması prosesində şəffaflıq müşahidə edilib, bununla da Azərbaycan azad, ədalətli və demokratik seçki istiqamətində irəliyə doğru daha bir addım atdı”.

Müşahidə missiyası belə nəticəyə gəlib ki, “seçkinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.

Amma müşahidə missiyasına daxil olan 28 deputatın heç də hamısı bu mövqenin altına imza atmayıb. Təxminən iki saat yarım davam edən müzakirələrdən sonra Avropa Şurasının müşahidə missiyasına daxil olan deputatların 16-sı bəyanatı imzalayıb, qalanı isə onun əleyhinə çıxıb.

“Əslində, geriləmə olan yerdə inkişaf olduğunu deyə bizməzdik”, – deyə “Tagesspiegel”ə açıqlamasında müşahidə missiyasının üzvü olan alman deputat Frank Şvabe bildirib.

Şvabe ilə yanaşı, missiyanın digər üzvləri Ute Fink-Kremer və irlandiyalı Maykl MakNamara da “Azərbaycanda vəziyyət” adlı birgə bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Azərbaycanda siyasi azadlıqların, o cümlədən söz azadlığının, sərbəst toplaşma azadlığının durumu ölkədə şəffaf, demokratik seçki keçirilməsinə imkan vermir. Avropa Şurasının deputatları qeyd edir ki, seçkidə bir neçə müşahidəçinin iştirakına imkan verilməsi açıq-aşkar qeyri-demokratik olan bu seçkiyə legitimlik qazandıra bilməz. Müşahidə missiyasının üzvləri vurğulayıb ki, Azərbaycanda keçirilən proses seçki yox, “tamaşa” idi.

“Tagesspiegel”in məqaləsində müəllif əlavə edir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycandakı seçkini izləməyə müşahidə missiyası göndərməsi məsələsi də az mübahisə doğurmamışdı. Çünki seçkidən bir müddət əvvəl Azərbaycan hökuməti bəyan etdi ki, ATƏT müşahidəçilərinin yalnız bir qismini qəbul etməyə hazırdır. Bu cür münasibətin nəticəsi olaraq, ATƏT ümumiyyətlə, Azərbaycandakı seçkini izləməkdən imtina etdi. Təşkilat bəyan etdi ki, bu cür şərtlər altında səmərəli müşahidə aparmaq qeyri-mümkündür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar