"MTN işi" konteksində adı hallanan şəxslərin bir neçəsinin həbs olunması, digər bir qisminin isə işlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətdə saxlanması ilə bağlı daha öncə xəbər vermişdik.
Ölkə mediasında yer alan xəbərlərə görə, bu proseslərdə adı hallanan "Nar Şərab" restoranının da bağlanılacağı istisna edilmir. Hazırda restoranın kənardan sifariş üçün nəzərdə tutulan şəhər nömrəsi işləmir. Lakin restoranın saytında yerləşdirilən mobil nömrə aktivdir.
"Yeni Müsavat"ın əməkdaşı həmin telefon nömrəsi ilə əlaqə saxladığı zaman ona deyiblər ki, restoranın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar yalandır: "Biz fəaliyyətimizi dayandırmamışıq. Xidmət əvvəlki qaydada davam edir. Kim nə zaman istəsə buyurub gələ bilər".
Məsələ ilə bağlı ölkə mətbuatında da müxtəlif məlumatlar yayılıb.
Qeyd edək ki, "Nar Şərab" restoranının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olduğu bildirilir. Yayılan məlumatlara görə, sabiq nazir işdən sonra bu restoranda şam yeməyi yeyirmiş.
Qaynar.info