Bahalaşmanın yeni dalğası başladı

6-11-2015, 09:23   
Bahalaşmanın yeni dalğası başladı
Azər Mehdiyev: “Yoxlamaların aradan qaldırılması müqabilində ölkəyə məhsul gətirilməsində inhisarçılıq qalır”


Market və bazarlarda ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti qalxmaqda davam edir. Az qala bir neçə gün əvvəl alınan ərzağı bu gün artıq həmin qiymətə almaq mümkün olmur. Qiymətləri daha yaxından öyrənmək üçün dükan-bazarlara üz tutduq.

Market və bazarlarda alıcılıq qabiliyyəti olduqca aşağı idi. Alıcılar vəziyyətdən narazı idilər. Baş çəkdiyimiz bütün marketlərdə satıcı və alıcı arasında qiymət üstündə aparılan mübahisələrin şahidi olduq. Alıcılar dünənki qiymətlə bu günkü qiymətin fərqli olduğunu deyir və bəzi alıcılar buna etiraz olaraq alacaqları ərzağı almadan mağazanı tərk edirdilər. Satıcılar isə sadəcə olaraq, “hər şeyin qiyməti bahalaşıb” deyərək özlərinə haqq qazandırırdılar.

Bazarda da vəziyyət fərqli deyildi. Qiymətlərə gəlincə isə keçən həftə ilə bu həftədəki qiymətlər arasında ən azı 30 qəpik, ən çoxu isə 3-4 manat fərq vardı. Belə ki, əvvəllər 11 manata satılan 5 kiloluq yuyucu toz indi 14 manata, 5 manata satılan kolbasa 7 manata, 30 qəpiyə satılan yarım litrlik qazlı içkilər isə indi 50 qəpiyə satılırdı. Həmçinin də çayların, şəkər tozunun, qəndin qiymətində 20-30 qəpik artım vardı. Qatığın, südün qiymətində də 10-30 qəpik arası artım müşahidə etdik. Kənd təsərrüfatı məhsullarına gəlincə isə pomidor 2 manat- 2 manat 50 qəpiyə, bibər 5 dənəsi 1 manata, dolmalıq balaca badımcanlar 4 manat, böyük badımcanlar isə 1-2 manat arasında satılırdı. Əvvəllər 6-7 dənəsi bir manata satılan göyərtilərin indi 4-5-i bir manata satılır. Meyvələrə gəlincə , mandarin 1 manat 50 qəpik- 2 manat arası, təzə yaşıl alma 2-3 manat, üzüm 2-3 manat arası, armud 4 manata, banan 2 manata, əvvəllər bir dənəsi 20 qəpiyə satılan limon isə 30-40 qəpiyə satılırdı.

Qurudulmuş meyvələrdən qurudulmuş alma 3 manata, qurudulmuş ananas 5 manata idi. Təmizlənmiş qoz 16 manat, təmizlənmiş fındıq 11-13 manat, qabığı təmizlənmiş keşyü fındığı 9 manat, fıstıq 14-17 manat, təmizlənmiş badam 15-17 manat, qara kişmiş 8-10 manat, qabıqlı şabalıd 4-7 manat, qabıqlı badam 17 manata satılırdı.

İqtisadçı ekspert Azər Mehdiyev bahalaşmaya inhisarçılıq amilinin səbəb olduğunu bildirdi: “Əslində bu məsələ ciddi araşdırma tələb edir. Bu məhsulların hansı ölkələrdən gətirilməsi, gətirilərkən hansı problemlərlə üzləşməsi, gətirilmə qiymətləri ilə bazara çıxarılma qiymətləri arasındakı fərqlər araşdırmalıdır. Əslində belə bir araşdırılmanın İqtisadi İnkişaf Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aparılması vacibdir. Çünki onların əlində bu məlumatlara çıxış imkanları genişdir. Təəssüf ki, bizdə belə araşdırmalar aparılmır. Son zamanlar vətəndaş cəmiyyətinin də bu cür araşdırmalar aparmağa imkanları məhduddur. Bu baxımdan bizim bahalaşma ilə bağlı söyləyəcəyimiz fikirlər yalnız ümumi tendensiyalara söykənir. Bəzən bu tendensiyalarla real proseslər arasında uyğunsuzluqda yarana bilir. Deyilmişdi ki, Azərbaycanda fevral ayındakı devalvasiyadan sonra çox sərt nəzarət tədbirləri nəticəsində qiymət artımının qarşısı alındı. Hökumət süni qiymət artımının qarşısını almaq adı altında faktiki olaraq sahibkarların ziyanına da olsa bu qiymətlərin müəyyən müddətdə saxlanmasına nail oldu. Sahibkarlar hətta qiymətləri qaldırmağa belə çəkinirdilər. Son zamanlar nəzarətin zəifləməsi, qiymət artımının adiləşməsi sahibkarlara imkan verir ki, məhsulların qiymətini artırsın. Çünki böyük inhisarçılıq mövcuddur. Yəni inzibati tədbirlərin, yoxlamaların aradan qaldırılması müqabilində ölkəyə məhsul gətirilməsində inhisarçılıq qalır. Bu inhisarçılığın qalması da təbii ki, istər-istəməz onlara istədikləri qiymətləri diqtə etməyə imkan verir. Yəni burada hələ də fevral ayında keçirilən devalvasiyanın nəticələri öz rolunu oynayır”.

İqtisadçı ekspert iqtisadi fəallığın azaldığını da bildirdi: “Diqqət etsək bazarda alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyünü görərik. İqtisadi fəallıq da azalır. Əslində bu amillər qiymətləri aşağı çəkən amillərdir. Əgər qiymətlərin qalxması baş verirsə, bu, bilavasitə kənardan gətirilən məhsulların üzərində olmalıdır. Kənardan gətirilən məhsullara əlavə xərclərin qoyulması və yaxud da baha başa gəlməsi səbəbindən baş verən qiymət artımlarıdır. İnhisarçılar sırf öz əllərində olan imkanlardan faydalanaraq qiymətlərin qaldırılması istiqamətində addımlar atırlar. Xüsusilə indiki yoxlamaların aradan qaldırılması fonunda onlar bundan cəzasız qalacaqlarına əmindirlər. Bu proses də özünü göstərməkdədir”.

Günel MANAFLI

musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar