“Fikrət Qoca kimi xalq şairinin adının anonim səslənməsi...” - QALMAQAL

6-11-2015, 21:21   
“Fikrət Qoca kimi xalq şairinin adının anonim səslənməsi...” - QALMAQAL
Gövhər Həsənzadə: “İfaçılar müəlliflərin adlarını layiqincə, öz pasportları kimi təqdim etməlidirlər”

Bu günlərdə əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın “O səs Türkiyə” yarışmasında iştirak etməsi ölkə mətbuatının maraqlı xəbərlərindən birinə çevrildi. Gənc müğənni sözləri xalq şairi Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsus məşhur “Gəl ey səhər” mahnısını ifa etdi.

İfa uğurlu alınsa da, efirdə əksini tapan titrdə mahnının sözlərinin müəllifinin anonim kimi göstərilməsi tənqidlərə tuş gəldi. Fikrət Qoca müəlliflik hüququnun pozulması ilə bağlı mətbuata açıqlama verərək, öz narazılığını bildirdi. O, bu məsələdə gənc müğənnini deyil, onu yarışa hazırlayan anasını, əməkdar artist Aybəniz Haşımovanı günahlandırdı.

Xalq şairi modertor.az-a açıqlamasında bu sözləri deyib: "Mənim 500-dən çox şeirimə mahnı bəstələnib. Onların böyük əksəriyyəti dillərdə əzbərdir, sözlərinin kimin yazdığını hər kəs bilir. Eybi yox, qoy, biri də anonim olsun. Aynişan gəncdir, o, çaşa da bilər, kimlərsə çaşdıra da... Nə olsun ki, Türkiyə qardaş ölkədir. Gərək o burdan ora hazırlıqlı gedəydi. Hətta yaxşı olardı orda desin ki, bu mahnının sözlərinin müəllifinin də, bəstəkarının da bu il yubileyləri ölkəmizdə yüksək səviyyədə qeyd olunub. Amma yenə deyərim, mən onda günah görmürəm. Onu hazırlayıb, ora göndərmək lazım idi. Bu iş də əsasən onun anasının üzərinə düşürdü".

Müğənni Aybəniz Haşımova və qızı hazırda Türkiyədə olduğundan məsələ ilə bağlı fikirlərini öyrənə bilmədik.

Bəstəkar Gövhər Həsənzadə isə bu cür məsələlərdə ifaçıları diqqətli olmağa çağırıb. Musavat.com-a danışan bəstəkar böyük səhnələrdə Azərbaycanın görkəmli şəxslərinin adlarının hallanmasına ehtiyac olduğunu da bildirib: “Birmənalı olaraq Azərbaycanın görkəmli şəxslərinin, o cümlədən, xalq şairi Fikrət Qocanın adının anonim kimi səslənmənsini bir vətəndaş olaraq qəbul etmirəm, bunun əleyhinəyəm.

Aynişan elə bir ailədən çıxan ifaçıdır ki, inanmıram o, ifa etdiyi mahnının müəlliflərini bilməsin. Amma bilsə də, bilməsə də bu cür işlərdə diqqətli olmaq lazımdır. İfaçılar müəlliflərin adlarını layiqincə, öz pasportları kimi təqdim etməlidirlər. Bu, böyük səhnədir və efir vasitəsilə bütün dünyaya açılır.

Türkiyədə belə layihələrdə böyük bir kollektiv çalışır, çoxlu sayda efir işçiləri, redaktorlar olur. Əgər müəlliflər barəsində texniki işçilərə məlumat verilibsə və müəllif anonim kimi təqdim olunubsa, burada demək hansısa qərəzli mövqe olub. Bu məsələni mütləq araşdırmaq lazımıdr. Yalnız bundan sponra Aynişanı qınaya bilərik.

Biz böyük bir sənətin daşıyıcılarıyıq və biz Azərbaycan sənətini hər zaman təbliğ etməliyik. O cür böyük səhnələrdə görkəmli sənətçilərmizin adlarının hallanmasına ehtiyacımız var. Onların adları səsləndikcə yaddlaşlarda həkk olunur, daha da tanınır”.

Bəstəkar özünün də müəlliflik huququnun pozulmasından danışıb: “Mənim də bəzi mahnılarım vaxtilə Avropa ölkələrində, Russiyada, Dağıstanda, Tacikstanda anonim kimi təqdim olunub. Lakin o zaman həmin mahnıların müəllifi azərbaycanlı bəstəkar kimi təqdim olunurdu. Bu fakt mənə yetər. Buna görə də məsələni məhkəmə səviyyəsinədək gətirib çıxartmadım.

Türkiyədə çoxlu sayda müəllif hüquqları agentlikləri var. 1994-95-ci illərdə qardaş ölkə ilə iş əməkdaşlığı quranda mənə təklif olundu ki, müəlliflik hüquqlarımın qorunması üçün məsələni qanuniləşdirim. Beləliklə “Messan” qrupunun üzvü oldum və hüquqlarım hər zaman mükəmməl olaraq qorunur.

Hələ bu günədək elə bir şey olmayıb ki, hansıa efirdə, konsertdə, səhnədə mənim mahnım səslənsin, lakin anonim kimi təqdim olunsun. Bu məsələyə çox diqqətli yanaşırlar. Çünki bütün bunların arxasında böyük maliyyə marağı var”.

Qeyd edək ki, Türkiyədə ifa olunan Azərbaycan mahnılarının müəlliflərinin anonim kimi göstərilməsi ilk dəfə deyil. Bundan öncə də çoxlu sayda şair və bəstəkarların hüquqları pozularaq, onlara məxsus mahnılar ictimaiyyətə anonim kimi təqdim olunub.

Müəllif hüuquqlarının qorunması ilə bağlı ölkəmizdə Azərbaycan Müəlliflik Hüquqları Agentliyi yaradılıb. Agentlikdən musavat.com-a verilən məlumata görə, xalq şairi Fikrət Qoca müəlliflik hüququnun pozulması ilə bağlı bu quruma müraciət etməyib.

Qeyd edək ki, dünya praktikasına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi Azərbaycan Respublikasının məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. İntellektual mülkiyyət hüquqlarının pozulmasına görə mülki, cinayət və inzibati xarakterli cəzalar nəzərdə tutur.

Xalidə Gəray,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar