Hökumətin büdcə maxinasiyası

7-11-2015, 11:14   

9 ay ərzində büdcəyə daxilolmalar 12,07 milyard manat təşkil edib

Hökumət bu məbləği ilin sonuna qədər 19 milyarda çatdıra biləcəkmi?

Dövlət büdcəsi ilə bağlı ciddi problemlərin olduğunu rəsmi rəqəmlər də təsdiq edir. Cari ilin büdcəsində neftin baza qiyməti 90 dollardan götürülməsinə baxmayaraq, “qara qızıl”ın orta qiymətinin 60 dolların altında olması dövlət büdcəsinin kəsirinin icrasında problem yaratmayacaq. Belə ki, 2015-ci ilin dövlət büdcəsində 1.6 milyard manat kəsir proqnozlaşdırılsa da, 8 ayın icrasına görə bu rəqəm 127 milyon manat təşkil edib. Əlbəttə, hökumət buna büdcə xərclərini kəskin azaltmaqla nail olub.


Belə ki, Mərkəzi Bankın makroiqtisadi göstəricilərlə bağlı açıqladığı rəqəmdən məlum olur ki, bu ilin 8 ayında gəlirləri 10.6 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard manat azdır. Xərcləri isə 10,7 milyard olmaqla, ötən ilin yanvar-avqust ayına nisbətən 674 milyon azdır. Maraqlıdır ki, hökumət cari il üçün ÿbüdcə xərclərini 21 milyard manatdan çox proqnozlaşdırıb. Artıq ilin 8 ayı çoxdan geridə qalıb, bu müddətdə xərclərin yalnız yarısı icra olunub. Qarşıda qalan bir rübdə hökumətin 10 milyarda yaxın vəsait xərcləyəcəyi isə inandırıcı görünmür. Ümumiyyətlə, Dövlət Neft Fondundan büdcəyə transfertlərin azalmasında da bəlli olur ki, hökumət büdcə xərclərini çox böyük həcmdə “qayçılamalı” olacaq. Bununla büdcə kəsirinin bir hissəsini örtməyə çalışacaq.

Rəsmi olaraq III rübün göstəriciləri açıqlanmasa da, “Trend”in hökumətdəki mənbədən aldığı məlumatdan aydın olur ki, 2015-ci ilin 9 ayının yekunu üzrə Azərbaycan dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (ÜDM-in 0,2 faizi) təşkil edib. Halbuki ötən ilin analoci dövründə büdcə 1,38 milyard manat profisitlə icra edilmişdi. Azərbaycanın dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur.

Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-in 11,6 faizi) təşkil edib. Ötən ilin analoci dövrü ilə müqayisədə bu 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8 faiz üstələyir.

Yanvar-martda büdcə ötən ildəki 108,4 milyon manat profisitə qarşı 251 milyon manat kəsirlə, yanvar-apreldə 402,6 milyon manat profisitə qarşı 822,5 milyon manat kəsirlə, yanvar-mayda 654,5 milyon manat profisitə qarşı 905,8 milyon manat kəsirlə, yanvar-iyunda 615 milyon manat profisitə qarşı 770,9 milyon manat kəsirlə, yanvar-iyulda 774 milyon manat profisitə qarşı 595,7 milyon manat kəsirlə, yanvar-avqustda isə 938,4 milyon manat profisitə qarşı 127 milyon manat kəsirlə icra edilib.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolmalar 12,07 milyard manat təşkil edib ki, bu da ötən ilin analoci dövrünün göstəricisindən 14,2 faiz azdır. Dövlət büdcəsinin xərcləri 4,2 faiz azalmaqla 12,16 milyard manat təşkil edib.

Daxilolmalar strukturunda 42,2 faiz (5,09 milyard manat) Vergilər Nazirliyinin xətti üzrə təmin edilib. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,12 milyard manat (9,3 faiz) köçürüb. Qeyd edilən dövrdə vergi daxilolmaları 4,7 faiz, gömrük ödənişləri isə illik hesablamada 0,9 faiz azalıb.

Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiq edilib.ÿ

Amma maraqlı məqam ondan ibarətdir ki, dövlət büdcəsinin gəlirləri ilin sonuna qədər 19.4 milyard proqnozlaşdırılıb. Real yığılan məbləğ isə 12 milyard təşkil edir. Ilin sonuna qədər yerdə qalan məbləğin yığılacağı az inandırıcıdır. Uzağı 12 milyardın üzərinə ötən rüblərdə olduğu kimi 3 milyard manat gələ bilər ki, bu da proqnozun icrası demək deyil.

Ekspertlər hesab edir ki, hazırkı böhranlı durum nəzərə alınarsa, hökumətin bu vəzifənin öhdəsindən gələcəyi az inandırıcıdır. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hazırda sahibkarlıq subyektlərinin bir-birinin ardınca bağlanması büdcəyə vergidaxilolmalarını azaldan faktordur.

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, sadəcə kəsr həddinin yüksəltməməsi üçün hökumət xərcləmələri azaltmağı qarşısına məqsəd qoyub. Əvvəlki illərin təcrübəsində belə hallar olurdu: “Hökumət investisiya xərclərininin 15-20 faizini təkcə sonuncu ay dekabrda xərcləyirdi. Indi həmin xərclərini təxirə salmaqla xərcləri optimallaşdırmaq istəyir. Beləliklə, borclanamaya girməklə büdcə kəsrini qapatmaq istəmir

Bu borclanmasız kəsri böyütmək istəyir. Ona görə, belə addımlarla bu qədər vergini yığmaq olduqca çətindir. Hətta ilin sonuna 2 ay qalıb, amma yığımın 60 faizi təmin edə bilib. Amma ilin sonuna 40 faizi yığmaq ancaq inzibati yolla və ya növbəti ilin vergi öhdəliyini indidən yığa bilər”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar