İsrail mediası bu ölkənin İrana qarşı siyasətində Azərbaycana güvənməsindən yazır
«Vaşinqtonla Tel-Əviv arasında problemlərdən sonra ABŞ İsrailin İrana zərbə üçün Azərbaycanın aerodromlarından istifadə edə biləcəyindən narahatdır»
İsrail mediası Azərbaycanın bu ölkə ilə müttəfiqliyindən bəhs edən geniş həcmli məqalə yayımlayıb. “The Jerusalem Post”un dərc etdiyi “Azərbaycan: İsrailin gizli müsəlman dostu” başlıqlı məqalədə həmçinin Azərbaycanın İran və Türkiyə ilə münasibətlərinə də toxunulub. Məqalənin tərcüməsini təqdim edirik:
Neft-silah alveri
Noyabrın 1-də Azərbaycan parlament seçkilərinə getdi. Ölkənin əsas müxalifət partiyaları seçkiyə iştirak etmədi. Hətta beynəlxalq müşahidəçilər də bu seçkini izləməkdən imtina etdi. Lakin İsrailin bir neçə siyasətçisindən ibarət qrup istisna oldu. Onlar seçki prosesini müşahidə etmək üçün neftlə zəngin bu ölkəyə səfər etdi. Ekspertlər hesab edir ki, bu, beynəlxalq aləmdə Azərbaycandakı seçki ilə bağlı rəyləri müsbətə doğru dəyişə bilməsə də, hər bir halda, yəhudi dövləti ilə onun müsəlman müttəfiqi arasındakı münasibətlərin yaxınlığının göstəricisidir.
Azərbaycanın coğrafi mövqeyi onun dünyadakı vəziyyətini izah edir. Neftlə zəngin Xəzərin sahilində yerləşən bu ölkəni Qərb dövlətlərinin hökumətləri enerji daşıyıcılarının idxalı baxımından Rusiyaya alternativ kimi görür. İsrail də Azərbaycanın əsas neft müştərilərilərindən biridir. Əvəzində isə İsrail Azərbaycana böyük həcmdə müasir silahlar satır, bir hissəsi neftlə dəyişdirilir.
Milli Təhlükəsizlik Araşdırmaları Institutunun elmi işçisi Qalliya Lindenştrauss deyir ki, İsrailin aldığı neftin böyük bir hissəsi (təxminən 40 faizi) Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə daşınır. Bu kəmər Bakıdan başlayır, Gürcüstandan keçməklə, Tükiyədə qurtarır.
“Tarixən İsrail enerji təhlükəsizliyi məsələsinə böyük əhəmiyyət verib. Ona görə də İsrail Qafqazın bu ölkəsilə yaxın münasibət saxlayır, ”, – deyə Lindenştrauss qeyd edir. Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən qısa müddət sonra onu tanıyanlardan biri məhz İsrail olmuşdu.
İsraillə müttəfiqlik üçün stimul
İsrail üçün vacib məqamlardan biri də Azərbaycanın cənubdan İranla həmsərhəd olmasıdır. Lindenştrauss deyir ki, həm İsrail, həm də Azərbaycan İranı potensial təhlükə hesab etdiyindən bu məqam onları təbii müttəfiqə çevirir.
Azərbaycanın yəhudi dövlətilə müttəfiq olması üçün də yetərincə əsasları var. “Bu əsasların bir qismi İran məsələsilə bağlıdırsa, digər qismi Ermənistanla əlaqələrə görədir”, – deyə Begin-Sadat Mərkəzinin araşdırmaçısı Aleksandr Murinson bildirib.
Sovet Ittifaqının dağılmasından sonra Azərbaycanla Ermənistan arasında etnik zəmində konflikt yaranıb və münaqişə hələ də davam edir: “İrana qarşı birgə fəaliyyət, İsrailin yüksək döyüş texnologiyasını əldə etmək imkanı, ABŞ-da yəhudi lobbisi vasitəsilə erməni diasporunun neytrallaşdırılması kimi amillər Azərbaycana İsraillə müttəfiqlik üçün stimul verir”.
Azərbaycan-İsrail Assosiasiyası hər iki tərəfi qane edir. Ekspertlərin fikrincə, Azərbaycana ağır silahların satışı yəhudi dövlətinin İrana qarşı daha bir psixoloji təzyiq cəhdidir. Pilotsuz təyyarələr və hava hücumundan müdafiə texnologiyaları Azərbaycanla mübadilənin əsas hissəsini təşkil edir.
“Amma İsrail-Azərbaycan əməkdaşlığı bundan da irəli gedir. Azərbaycanın coğrafi mövqeyi onu İrana açılan arxa qapıya çevirir. Belə məlumatlar yayılıb ki, İsrailin İrana qarşı casus əməliyyatları Azərbaycandan həyata keçirilir”, – deyə Murinson bildirib.
İranın Xarici Işlər Nazirliyi Azərbaycanı İsrailin xarici kəşfiyyatı və Mossadla əməkdaşlıqda ittiham, bu ölkənin əməliyyatları üçün öz ərazisindən istifadəyə icazə verməkdə ittiham edirdi. Azərbaycanın məsafəcə İrana yaxınlığı İsrail təyyarələrinə reydlər zamanı bu ölkədən aerodrom kimi istifadəyə və yanacaq götürməyə də imkan verir.
İsrail Azərbaycanın daxili siyasətinə qarışmaq istəmir
Əvvəlcə üçbucaqlı alyans Türkiyə, Azərbaycan və İsrail arasında idi. Lakin 2010-cu ildə “Mavi Mərmərə” insidentindən sonra İsraillə Türkiyə arasında münasibətlər əhəmiyyətli dərəcədə soyuqlaşdı. Hətta Azərbaycana da İsraildən uzaqlaşması üçün təzyiqlər oldu.
Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi Qəzza zolağına doğru hərəkət edərkən İsrail əsgərlərinin atəşinə məruz qalmış və nəticədə gəmidə doqquz nəfər türk həlak olmuşdu.
Murinsion iddia edir ki, Azərbaycanla “böyük qardaşı” Türkiyə arasında mədəni əlaqələr çox yaxın olsa da, məqsədəuyğunluq və regional ambisiyalar rəsmi Bakının İsraillə müttəfiqlikdən uzaqlaşmasına imkan vermədi.
Lindenştrauss isə deyir ki, son dövrlərdə İsraillə ABŞ arasında problemlər yarandığından, Birləşmiş Ştatlar İsrailin İrana zərbə endirmək üçün Azərbaycanın aerodromlarından istifadə edə biləcəyindən narahatdır. Çünki bu addım Qərb dövlətlərilə İran arasında bu yaxınlarda imzalanmış razılaşmaya zərbə olardı. İsrailin baş naziri Benyamin Netanyahu israrla bu razılaşmanın əleyhinədir.
Baxmayaraq ki, neft və İrana təzyiq məsələsində İsrail Azərbaycanla müttəfiqdir, bu ölkənin daxili siyasətinə qarışmaq istəmir. Lindenştrauss bunu İsrailin xarici siyasətilə əlaqələndirir. Çünki bu ölkə xarici əlaqələri real siyasət prinsipilə qurur.
Azərbaycanda azad və ədalətli seçki keçirmək çox çətindir
Bugünlərdə Azərbaycanda keçirilən İlham Əliyevin rəhbərlik etdiyi partiyanın qələbə qazandığı seçkini ATƏT müşahidəçiləri boykot etdi. ATƏT bəyan etdi ki, şəffaflığın təmin olunması, normal müşahidə üçün şərait yaradılmayıb. Müxalifət partiyalarının əksəriyyəti də seçkini boykot etdi.
“Ifadə, sərbəst toplaşma azadlıqlarının məhdudlaşdırıldığı, seçkiləri işıqlandırmalı olan jurnalistlər, bu prosesin müşahidəsini həyata keçirməli olan QHT fəalları həbsxanaya salındığı ölkədə azad və ədalətli seçkidən danışmaq çox çətindir”, – deyə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının araşdırmaçısı Georgi Qoqia bildirib.
Baxmayaraq ki, Bakıda İsrail səfirliyi var, Azərbaycan Tel-Əvivdə diplomatik mənzil-qərargah açmaq barədə düşünmür. Lindenştrauss hesab edir ki, Azərbaycan hökuməti müsəlman dövlətlərilə münasibətləri gərginləşdirməmək üçün bu addımı atmır. Yəni bu halda, müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək verə bilər.
İsrail-Azərbaycan əlaqələrinin perspektivinə gəlincə, ekspertlər hesab edir ki, əgər Tel-Əviv “erməni soyqırımı” məsələsində əvvəlki mövqeyində qalsa, münasibətlər də dəyişməyəcək. Amma erməni məsələsində mövqeyini dəyişsə, bu halda Azərbaycan İsraildən uzaqlaşıb, Türkiyə ilə daha yaxın olacaq.