Qafqazın ən böyük ibadət evinin idarəçiliyi Şeyxülislamın keçmiş rəqibinə verildi; QMİ sədrinin dini sahədə dominant mövqeyi bir az da zəiflədildi...
Ötən ilin sonlarında rəsmi açılışı olan “Heydər” məscidinə nəhayət ki, rəhbər təyin olundu. İslam.az saytının verdiyi xəbərə görə, bu posta Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış “Heydər” Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.
O da məlum olub ki, hələlik məscidə axund və imam təyin edilməyib. Məscid-kompleksə bir neçə axundun təyinatı gözlənilir. Əldə etdiyimiz digər məlumata görə, axundlar hər həftə biri olmaqla məsciddə ibadətlərə rəhbərlik edəcək.
“Yeni Müsavat” QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin lap əvvəldən bu təyinata qarşı olduğu və ölkənin ən böyük məscid-kompleksinə öz adamını rəhbər təyin etdirmək istədiyini yazıb. Ancaq sonda şeyxin bu arzusunun qarşısı alınıb və Hacı Sabir Həsənli təyin olunub.
“Heydər” məscid-kompleksinə sədr təyinatı ilə bağlı ötən gün bəzi məlumatları əldə etmişik. Bizə çatan bilgilərə görə, fevralın 28-də QMİ-də bununla bağlı toplantı keçirilib. İdarə rəhbərliyinin və ruhanilərin iştirak etdiyi toplantıda Şeyx Hacı Sabirin yeni məscid-kompleksə sədr təyin olunduğunu bildirib. Onun sözlərindən belə məlum olub ki, yeni məscidin xüsusi statusu olacaq. Yəni digər ibadət ocaqları kimi “Heydər” məscidinin icması olmayacaq. Məscidə bir nəfər rəhbərlik edəcək, ibadəti bir neçə axund və imam aparacaq, sədr isə ümumi rəhbərliyi həyata keçirəcək, təsərrüfat işlərinə nəzarət edəcək.
O da məlum olub ki, Hacı Sabirin namizədliyi QMİ sədri deyil, məscid-kompleksin əsl sahibi olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gəlib. Şeyx sadəcə razılaşdırılmış qərarı elan edib. Ancaq aydın məsələdir ki, Şeyx Qafqazda ən böyük məscidin uzun illər ona qarşı rəqabətdə olmuş birinin deyil, öz yaxın adamının təyin olunmasını istəyərdi. Görünür ki, Hacıbala Abutalıbov Hacı Sabirin üzərində dayanmasında dini amillərdən başqa məqamlar da olub.
Yeri gəlmişkən, yeni məscid-kompleksin həyətində çoxlu sayda mərasim zallarının olduğu bildirilir. Bina BŞİH-in balansında olduğu üçün mərasim zalları da BŞİH tərəfindən idarə olunacaq. Görünür, yeni kompleksin rəhbərinin Şeyxə bağlı adam olmamasında bu amil də rol oynayıb, hökumət bu kompleksi Şeyxin nəzarətindən çıxarmaq istəyib.
Xatırlayırsınızsa, ötən ilin yayında hökumət ehsan qadağası tətbiq edəndə Şeyx bu qərara qarşı çıxdı və onun nəzarətindəki mərasim zalları, o cümlədən QMİ-nin inzibati binasında yerləşən və dövlət tərəfindən təmir olunmuş zallarda ehsan qadağası faktiki olaraq işləmədi. Bundan başqa, hökumətin nəzarətindəki mərasim zallarının olması rəsmilərin və dövlət tərəfindən təşkil olunan ehsan məclislərinin yeni ünvana daşınacağını göstərir.
İstənilən halda bu addım Şeyxə qarşı atılıb. Görünən odur ki, ötən ilin yayından başlayaraq Şeyxin dini sahədə dominant mövqeyi zəiflədilir. Ehsan qadağasının Şeyxin xəbəri olmadan verilməsi, daha sonra ölkə başçısının əvvəlki illərdə müsəlman icmalarına ayırdığı maddi yardımın QMİ-yə deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayırması onu göstərdi ki, hakimiyyət daxilində Şeyxin ciddi rəqibləri var və gözəgörünməz əllər onun uzun illər dövlət tərəfindən dini sahədə tanınmış dominant mövqeyi zəiflədilir.
Şeyxülislamın özü də bu durumun fərqindədir və müəyyən formada özünü müdafiə etməyə çalışır. Ancaq onu da unutmaq olmaz ki, QMİ sədri uzun illərə dayanan təcrübəyə sahibdir və ona qarşı olan bir çox rəqiblərini sakit şəkildə sıradan çıxarıb. Bu səbəbdən onun indi sakit, təmkinli yanaşması heç də bu durumdan razı qaldığını göstərmir, əksinə, özünə qarşı olan şəxs və ya şəxsləri müəyyən edib onların zəif vaxtlarında öz zərbəsini vurmağa hazırlaşır.
Natiq UMUDOV /musavat.com/