Rusiyada baş nazirin sabiq müavini Boris Nemtsovun Azərbaycanla əlaqələri olub. Bu əlaqələrin yaranmasında Azərbaycanın baş nazirinin eks-müavini Abbas Abbasovun xüsusi iştirakı olduğu bildirilir. *** Hələ 90-cı illərdə Nemtsovun Bakıya səfəri olub, neft kontraktları ilə bağlı geniş bir topantıda iştirak edib. Axar.az xəbər verir ki, həmin tədbirlə bağlı jurnalist Mahir Qabiloğlu da xatirələrində yazıb. O, AzTV-nin çəkiliş qrupunun başına gələn əhvalatı qələmə alıb. “O zaman Bakıda yeni neft kontraktlarının bağlanmasına həsr olunmuş böyük dövlət tədbiri keçirilirdi. Türkiyədən Baş nazir Məsud Yılmaz, Gürcüstandan Prezident Eduard Şevardnadze, Rusiyadan isə Baş nazirin I müavini Boris Nemtsov dəvət olunmuşdular,”- deyə M.Qabiloğlu qeyd edir. *** Fevralın 27-də Kremlin divarları yaxınlığında ağzına güllə sıxılan keçmiş məmur, bugünkü liberal müxalifətçinin Bakıdakı həmin neft tədbirindən sonra A.Abbasovla daha ciddi əlaqələri yaranır. Bu münasibətlər dövlətlərarası əlaqələr müstəvisindən kənara çıxaraq biznes kontekstində inkişaf edir. 90-cı illərə söykənən bu tanışlıq Nemtsovun qətlinə qədər davam edib. Abbasovla Nemtsovun şərik ticarəti olduğu da istisna olunmur. Ancaq Abbasovun “AzərRos”da olduğu dövrdə sabiqlərin görüşləri bir o qədər də intensiv xarakter almır. *** M.Qabiloğlu isə xatirələrində o görüşü təsvir edir: “Operator Zakir tez kamerasını rahladı, mən də mikrofonla yanında hazır dayandım ki, birdən Boris müəllim ürək sözlərini demək istəyər. Qonağı Azərbaycan Baş nazirinin 1-ci müavini Abbas Abbasov yola salırdı. İçəri girəndə gördük ki, Boris Nemtsovun kefi yuxarıdır. Yəni ki, yaxşı vurub. Abbas Abbasova da bu haqda danışırdı”. Jurnalist qeyd edir ki, Nemtsov sonra onunla və digərləriylə də görüşüb, ildırım sürətiylə təyyarəyə doğru addımladı: “Bakıya balaca təyyarədə gəlmişdi. Ona görə də VİP zala yaxın saxlamışdılar. İki-üç pilləli trapın yanında stüardessa – qəşəng bir rus gözəli durmuşdu. Abbas Abbasov isə Boris Nemtsovun sanki yadından çıxmışdı. Qonaq trapa çatanda əliylə stüardessanın yumşaq yerinə bir sığal da çəkib təyyarənin salonuna keçdi. Özü də protokola və etiketə zidd olaraq Abbas müəllimlə sağollaşmadan. Gördüm ki, Abbas müəllim də yaman pərt oldu. Astaca “Abbas müəllim, bəs mən “Xəbərlər”də nə verəcəyəm?” soruşdum. O da çiynini çəkdi. Dayanıb gözləyirdik ki, təyyarənin qapısı bağlansın və sonra çıxaq gedək. Hardasa iki dəqiqədən sonra Boris Nemtsov yenidən təyyarədən düşdü. Gülə-gülə Abbas Abbasovu qucaqlayaraq, öpdü. Təzədən bizə də əliylə vida elədi. Təyyarəsinə əyləşdi. Bizə də təkcə bu epizod lazım idi. Vəssalam...”