"Təcili tibbi yardim" cümləsindən "təcili" sözünü ixtisara salmaq lazımdı.Onsuz da keflə gəlirlər. Yersiz suallarla adamı əsəbləşdirirlər”.
Eyni gündə, eyni saatlarda sosial şəbəkədəki bir neçə dostumun, həm də təhsili, dünyagörüşü və iş təcrübəsi olan insanların bu mövzudakı etiraz dolu yazıları təcili yardım xidmətinin işinə işıq salmağa vadar etdi. Vətəndaşlar artıq tibbi xidmət sahəsindəki qüsurların aradan qaldırılacağına olan ümidlərini itiriblər.
"Elə bil, pizza sifariş verirsən"
Məsələn, Səbuhi Axundov kimi: “Azərbaycanda hansısa nazirliyin fəaliyyətindəki qüsurlardan danışmaq və bunun düzəlməyə doğru getdiyinə ümid etmək olar, amma bu ümidi Səhiyyə Nazirlinin vəziyyətinə aid etmək olmaz. Təsəvvür edin, insan həyatı ilə rəsmən oynayırlar. Gecə saat 4-də zəng vurub, həyacanla təcili yardım çağırırsan. Telefona cavab verən naz-naz xanımlar elə saymazyana yanaşırlar ki, sanki bunlara pizza sifariş verirsən. “Xəstə canı ilə əlləşir, təcili həkim göndərin, vaxt itirmək olmaz” - deyib ünvanı bildirirsən və bundan sonra "telefonçu qız" başlayır suallarını verməyə. “Xəstənin adını, yaşını, atasının adı, soyadı, təvəllüdünü deyin, əvvəllər belə hal olubmu, şəkəri varmı?” Bu azmış kimi, təcili yardım maşını gecə saatlarında boş yolda 15 dəqiqəlik yolu 1 saata gəlirlər. Gələndən sonra ya juqut tapılmır, ya iynə-dərman. Ən sonda “neyləyək” kimi sözləri eşidəndə təcili yardım həkimlərini döyən, söyən insanları qınamıram”.
Bu sözləri eşitmək belə dəhşətlidi, həmin situasiyanı yaşamaq isə ondan da ağırdı. Adı “təcili yardım” olan bu xidmətin insan taleyinə bu qədər laqeyd yanaşması anlaşılan deyil. Doğrudur, təcili yardım briqadası gedəcəyi ünvanı, xəstənin düşdüyü durumu, yaşını öyrənməlidir. Çünki uşaqlara baxmaq üçün ancaq pediatrlar göndərilməlidir. Bundan başqa, həkim seçərkən onun ixtisası baxacağı xəstənin probleminə uyğun olmalıdır. Başqa sözlə, ürəyində çatışmazlıq yaranan insana uroloq və ya dermotoloq yardım edə bilməz. Ona görə müəyyən suallar verməklə xəstənin halını təxmin edə və doğru həkim seçə bilərlər. Ancaq əlavə sualları, məsələn, xəstənin təvəllüdünü evdə də öyrənib yazmaq olar.
Ev telefonun olmadısa...
Ən qəribə hadisəni isə yeni çoxmənzilli binanın sakini olan Aynur xanım yaşıyıb. Təcili yardım xidməti əməkdaşı ona bildirib ki, ev telefonunuzun nömrəsini verməsəz, sizə tibbi yardım göndərilməyəcək.
“Uşaqlar gecə saat 5-də oyanıb ardıcıl dəfələrlə qaytardılar, ishal başladı. Təcili yardıma zəng etmişik , uzun uzadı suallarının qarşısında deyir ev telefonu verməsəz, yardım göndərilməyəcək. Təsəvvür edirsiz bu nə deməkdir? Bizim də bina yeni tikili, 300 mənzil var və heç birində telefon yox idi. Hər mənzilə 1 nəfər götürsək, 300 adamdan hansına nəsə olsa, demək, yardım çağırmaqdan məhrum olmalıdır”.
Bu, doğrudan da anlaşılan deyil. Telefonun növünün təcili tibbi yardım göstərilməsinə aidiyyətinin olması çox maraqlıdır. Vəzifəsi tibbi yardım etmək olan insanların sadəcə soğru keçirməklə işlərini bitmiş hesab etməsi yumşaq desək, təəssüf doğurur. Yardıma ehtiyacı olan insana soyuq münasibət göstərilməsi, onun hər an dəyişə biləcək taleyi ilə oynamaq deməkdir. Xüsusilə, uşaqlarla bağlı olanda, bu məsləyə daha həssas yanaşmaq tələb olunur.
Təcili yardım komandasının gözlənilməz hallarla, hətta bıçaqlanma ilə qarşılaşmalarını da istisna etmək olmaz. Bir çox hallarda zəng vuran vətəndaşlar aididyyəti olmayan suallarla, təkliflərlə stansiya əməkdaşlarının işinə mane olurlar. Ancaq bu, onların insan taleləri ilə oynamaqlarına haqq qazandırmır.
Dərdə dərman yoxdur
Xəstə insana ilkin tibbi yardım göstərməli olan həkimlərin dərmansız gəlməsi isə ümumiyyətlə, ağılasığmaz hərəkətdir. Əvvəla, onlara dövlət tərəfindən bütün lazımı ləvazimatlar və dərmanlar pulsuz olaraq verilir və tam təchiz olunurlar. Təcili yardım həkimləri, adətən, ağrıkəsici, qıcolmaya qarşı, sakitləşdirici və digər bu tipli dərmanlardan istifadə edirlər. Çünk xəstəyə əlavə müdaxilə etməyə səlahiyyətləri çatmır. Həmin dərmanlar da həm çox ucuzdur, həm də tibb müəssilərinə tələb olunandan da artıq miqdarda çatdırılır. Belə olan halda onların az qala, ölümlə çarpışan insana “dərman yoxdur” deməsi hiddət yaratmaya bilmir.
Təcili tibbi yardım xidmətində dövlət vəsaiti ilə alınan dərmanların yoxa çıxması bu sistemdə neqativ idarəetmənin mövcudluğundan xəbər verir. Dərmanların ünvanına çatmaması, xəstələrin adı yardımdan məhrum olmaları bunu deməyə əsas verir. Vətəndaşların narazılıqları, təcili tibbi yardım istəyərkən qarşılaşdıqları məntiqsiz maneələr xidmətin yarıtmaz fəaliyyətindən xəbər verir.
İnsanların sağlamlığını təmin etməli olan tibb müəssilələrinin və onların işçilərinin digərləri ilə müqayisədə məsuliyyəti daha artıq olmalıdır. Çünki vətəndaşlar öz həyatlarını onlara etibar edir. Bu inamı doğrultmaq, onlara yaşama şansı vermək əvəzinə, taleləri ilə oynamaq heç bir çərçivəyə sığmır. Yəqin bundan sonra təcili tibbi yardım xidmətinə rəhbərlik edən vəzifəli şəxslər də öz işçilərinə, ən əsası həkimlərin işinə diqqəti artıracaq ki, vətəndaşların keyfiyyətli xidmət almaq hüquqları təmin olunsun. Ən azı ona görə ki, həkin şəxslər vətəndaşların ödədiyi vergilər hesabına formalaşan büdcədən maaş alırlar. Məvaciblərin miqdarının az və ya çox olmasının isə zəng edib həkim çağıran insanlara aidiyyəti yoxdur.
Fərqanə Allahverdiqızı
strateq.az