Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.
Trend-in məlumatına görə, bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.
Toplanmış marerialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunması bu generalların həbsini qaçılmaz edir. MTN-dəki cinayətkar şəbəkənin əsas fiqurantlarından biri olan Akif Çovdarovun həbsinə hazırlıqlar isə müəyyən qədər Eldar Mahmudovun da taleyinə aydınlıq gətirir. Başabəla general Akif Çovdarov Eldar Mahmudovun “sağ əli” və kassiri hesab olunur və buna dair istənilən qədər fakt var. Belə olduğu halda A.Çovdarov həbsə atılsa da, Eldar Mahmudovun azadlıqda qalacağı inandırıcı deyil. Çox böyük ehtimalla, Akif Çovdarov və ətrafının qandallanmasından sonra verəcəkləri ifadələr əsasında Eldar Mahmudov barəsində də qərar qəbul olunacaq.
Başqa sözlə, Eldar Mahmudovun həbsinə hazırlıq başladığını iddia etmək üçün yetərincə əsaslar var.
V.Nəsibov
AzPolitika.info