MTN-çilərin “vosmoy” ortaqlığı - 5 milyonluq rüşvət

10-11-2015, 21:50   

MTN-də kök salmış və artıq zərərsizləşdirilmiş qruplaşmanın əməllərindən zərər çəkən sahibkarlardan biri də Bakının “8-ci km” (xalq arasında “vosmoy” kimi tanınır) bazarının keçmiş sahibi Səfər Cəfərovdur.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Səfər Cəfərov vaxtilə MTN-də başına açılan oyunlardan danışıb.

S.Cəfərovun ailəsi böyükdür, onun səkkiz qardaşı var və qardaşlarından bir neçəsi bazarda onunla birlikdə işləyiblər. MTN-in korrupsiyalaşmış əməkdaşları da bundan istifadə ediblər. 2005-ci ildə, günlərin birində ona naməlum şəxs zəng edib və xəbər verib ki, maskalılar bazarda qardaşlarının başına torba keçirərək naməlum istiqamətdə aparıblar.

S.Cəfərov qardaşlarının başına nə gəldiyini öyrənmək üçün təlaş içində DİN-ə, rəqiblərinə və düşmənlərinə, gümanı kimə gəlirdisə ona zəng edib. Ancaq həqiqət onun gözlədiyindən daha betər idi. Cəfərovun qardaşlarını MTN tutmuşdu. Sanki onlar bazarda alver etmirdilər, hansısa məxfi əməliyyatla məşğul idilər.

Cəfərov qardaşlarını azad etdirmək üçün MTN-ə yollanır, ancaq onun özünü də tuturlar. İndi protokollarda deyildiyi kimi “biznesmenə fiziki təzyiq göstərilir”, əslində isə onu vəhşicəsinə döyüblər və azadlığa çıxa bilməsi üçün 5 milyon dollar tələb ediblər.

S.Cəfərov bu qədər pulunun olmadığını deyəndə MTN müstəntiqləri ona sənədləri imzalamağı təklif ediblər. Bu sənədlərə əsasən bazarın bir hissəsi MTN-çilərin olmalıydı. Həmin müstəntiqlərin adları hələlik açıqlanmır, ancaq Cəfərov konkret adlar göstərib. görəndə ki, müqavimət mənasızdır və ölümə bərabərdir, bazarın ərazisindəki “Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub.

Sayt yazır ki, keçmiş nazir Eldar Mahmudovun müavininin yaxın qohumu bu gün də vaxtilə S.Cəfərovdan quldurluq yolu ilə alınmış “Maral Veqa”nın sahibi kreslosunda oturur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar