Rusiya İrəvandan Qarabağın Azərbaycana qaytarılmasını tələb edir.
Publika.az xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Laverovun 9 oktyabrda Ermənistana səfəri ciddi şəkildə müzakirə olunur.
Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır ki, Qarabağ münaqişəsinin həll olunması istiqamətində yeni səhnəarxası proseslər gedir. Qəzetə görə, bu prosesin müəllifi Rusiyadır: “Dağlıq Qarabağ ətrafındakı rayonların bir neçəsi Azərbaycana qaytarılacaq. Rusiya İrəvanı buna inandırmağa çalışır. Moskva ümid edir ki, müəyyən qədər torpağın qaytarılması ilə Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olacaq”.
Qəzetin iddiasına görə, Lavrovun İrəvan səfərində məsələnin detalları müzakirə olunub.
Qeyd edək ki, Rusiya mediası da bu məsələ ilə bağlı eyni fikirləri paylaşıb. Xüsusilə ötən ildən başlayaraq, cəbhədə artan gərginliyin Moskvanı narahat etdiyi bildirilir. Çünki Kreml bölgədə yeni müharibənin olmasında maraqlı deyil.
Publika.az 2014-cü ildən başlayaraq cəbhə xəttində artan gərginliyin xronologiyasını təqdim edir.
2014-cü il 12 noyabr: Dağlıq Qarabağda hərbi təlim keçirən Ermənistan ordusuna məxsus Mi-24 helikopteri Azərbaycan hərbiçiləri tərəfindən məhv edildi.
2015-ci il 5 yanvar: Ermənistanın təxribatlarının qarşısı Azərbaycan ordusunun iriçaplı silahları tərəfindən uğurla alındı. Düşmən tərəfi böyük itki verdi.
14 yanvar: Təmas xəttində monitorinq keçirən ATƏƏT müşahidəçiləri erməni hərbiçiləri tərəfindən atəşə tutuldu. Məsələ ATƏT-in iclasında müzakirə olundu. Daha sonra müşahidəçilərin təhlükəsizliyini rəsmi Bakı üzərinə götürdü.
29 yanvar: Ermənistan ordusuna məxsus “Krunk-25” pilotsuz təyyarəsi məhv edildi. Müdafiə nazirliyinin məlumatına görə, bu ilin əvvəlindən etibarən ermənilərin 7 pilotsuz təyyarəsi vurulub.
19 mart: Azərbaycan mövqelərinə hücum edən erməni hərbiçilərinin təxribatı alındı. Düşmən tərəfinin 20-dən çox hərbi qulluqçusu məhv edildi, xeyli sayda hərbçisi isə yaralandı.
6 sentyabr: Azərbaycan ordusunun 65 minlik canlı qüvvə və 1000-dən çox hərbi texnika ilə keçirdiyi hərbi təlim Ermənistanın canına qorxu saldı. Rəsmi İrəvanın “müharibə başlayır” təlaşı da buradan qaynaqlanırdı.
Məlumatlara görə, erməni hərbiçiləri tərəfindən atəşkəs intensiv şəkildə pozulur. Bir sıra hallarda təmas xəttinə yaxın kəndlərdə yaşayan sivil vətəndaşlar da hədəf seçilir. Lakin Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını uğurla alır. Bölgədəki vəziyyət beynəlxalq gücləri də narahat edir. Ekspertlər qeyd edirlər ki, yaxın perspektivdə işğal olunmuş ərazilərin heç olmasa bir qismi Azərbaycana qaytarılmasa, ikinci Qarabağ müharibəsi başlaya bilər.
Asif Nərimanlı