Ölkə başçısının bəh-bəhlə qarşılanan sərəncamına sözardı
Ölkə başçısı Ilham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Artıq iki gündür hökumət mətbuatı, rejimoloqlar “bəh-bəh” kampaniyası aparır. Prezidentin bu sərəncamı tələbələrə qayğı, dövlətin təhsilə diqqəti kimi təqdim edilir. Sanki, inqilabi bir hadisə baş verib və bundan sonra tələbələrin maddi sıxıntısına son qoyulacaq.
Sərəncama əsasən, adlı təqaüd alan tələbələrə – 120 manat; Magistr səviyyəsi üzrə – akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 105 manat; akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat; akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat; bakalavriat səviyyəsi üzrə – akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat; akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat; akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat; Orta ixtisas təhsili müəssisələrində – akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat; akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat; akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat veriləcək.
Göründüyü kimi, ölkə başçısının inqilabi sərəncamından sonra ən yüksək təqaüd 120 manata çatdırılıb. Bəli, dövlətin tələbələrə diqqət və qayğısı 35-120 manat arasında dəyişir.
Doğrudanmı bu uğurlu inkişafın, tələblərə diqqətin göstəricisidir?
Axı, 50-60 manatla tələbə hansı ehtiyacını ödəyə bilər? Bu məbləğ tələbənin 1 aylıq yemək xərcini ödəmir. Əgər kirayə pulunu, təhsil haqlarını, təhsil ləvazimatlarını, geyimi də üstünə gəlsək, bu məbləğ, ümumiyyətlə, gülünc görünür.
Regionun lider dövləti, sürətli inkişaf edən Azərbaycanda tələbəyə 50 manat təqüd vermək uğur kimi təqdim edilir. Məsələ burasındadır ki, dövlətin tələbəyə daha çox təqüd vermək imkanı var və uzun illər bu imkan olub. Amma hökumətimiz hansısa müğənniyə milyonlar, hansısa tədbirə milyardlar xərcləsə də, elm və təhsil sahəsinə qəpik-quruş xərcləməyi üstün tutub.
Necə olur ki, təhsil haqqı gündəmə gələndə Avropanın ən nüfuzlu Universitetləri ilə bəhsə girirlər, amma təqaüd məsləsi gələndə Azərbaycan standartları tətbiq edilir? Bir ölkədə təhsil haqqı 900-4000 manat arasında dəyişirsə, təqaüdün 40-50 manat olması absurd deyilmi?
Neft milyardlarının axdığı ölkədə tələbəyə 50 manat təqaüd vermək cinayətdir… Bu məbləğlə hansısa məmur övladı yaşaya bilərmi? Bəlkə bu “artım”a görə özümüzü xoşbəxt hiss etməliyik?
Yaxşı olardı ki, sərəncamı verən adam, bu təqaüdlə hansı ehtiyacların ödənilə biləcəyini də açıqlasın.
Bu hakimiyyət həmişə vətəndaşı qəpik-quruşa sevinməyə məcbur edib. Hökumətin başında oturanlar milyardlarla məst olmalı, kasıb vətəndaşın balası 5-10 manat artıma sevinməlidir.
Heç olmasa ayıbınıza kor olun və bu “şikəst” islahatları təbliğ etməyin. Ətrafınzıdakı ölkələrə baxın və dövlətin tələbəyə necə qayğı göstərdiyinə bir daha şahidlik edin.
Samir