Mingəçevir polisində baş vermiş ölüm faktına görə həbs edilmiş baş leytenant iş başındadır?
DIN-in rəsmi saytına inansaq, o hələ də vəzifəsini icra edir
Bu il avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində baş vermiş və yerli sakinlərin etirazına səbəb olmuş müəmmalı ölüm hadisəsini yəqin ki, çoxları xatırlayır. Qeyd edək ki, həmin gün narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək polis şöbəsinə aparılan, şəhərin Günəş küçəsi, ev 25-də yaşayan 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin bir müddət sonra ölüm xəbəri gəlmişdi. Polisdən şübhəli şəxs qismində saxlanılmış gəncin özünü 3-cü mərtəbədən yerə ataraq intihar etdiyi bildirilsə də, mərhumun yaxınları ölümə görə polisin məsuliyyət daşıdığını iddia edirdilər.
Avqustun 22-də, Bəhruz Hacıyevin dəfn mərasimindən sonra bu işdə günahı olanların tezliklə tapılaraq cəzalandırılması tələbiylə şüarlar səsləndirərək şəhərin mərkəzinə doğru yürüş edən narazı kütləylə polislər arasında qarşıdurma yaşandı. Hadisə yerinə cəlb olunmuş Çevik Polis Alayının əməkdaşları səs bombası, gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtdı, xeyli sayda etirazçı saxlanıldı.
Hadisədən qısa bir müddət sonra Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. Ona qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüldü.
O zaman DIN və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd olunurdu ki, Şahlar Şahlarzadə Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etmədiyinə və sayıqlığını itirdiyinə görə vəzifədən xaric olunub. Baş vermiş hadisə ilə bağlı istintaqın gedişinin birbaşa prezidentin nəzarətində olduğu və ona mütəmadi olaraq məruzə edildiyi də yayılan xəbərlər arasındaydı.
Lakin bu günlərdə Daxili Işlər Nazirliyinin rəsmi saytında maraqlı bir faktla qarşılaşdıq. Belə ki, saytda (http://mia.gov.az/?/az/content/386) 3 ay öncə işdən çıxarılaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilən Şahlar Ikram oğlu Şahlarzadənin hələ də Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 77 ünvanında yerləşən polis məntəqəsində inzibati sahə rəisi kimi fəaliyyət göstərdiyi qeyd olunub. Saytda həmçinin polis baş leytenantının iş və mobil telefonları qeyd edilməklə, vətəndaşların qəbul günləri və saatları da öz əksini tapıb (?!)
Azər