“Facebook” şifrələrinizi dəyişin: "Yayılan virus təhlükəsli ola bilər"

20-11-2015, 20:09   
“Facebook” şifrələrinizi dəyişin: "Yayılan virus təhlükəsli ola bilər"
Dünyanın ən böyük sosial şəbəkəsi olan "facebook"da yaranan problemlər milyonlarla istifadəçisinin narazılığına səbəb olub.

Belə ki, dünən axşam saatlarından etibarən bu sosial şəbəkədə istifadəçilər üçün təhlükəli virus yayılıb.

Viruslar özünü əsasən pornoqrafik materialların yayılmasında, istifadəçilərə xüsusi mesajların göndərilməsində, onların qrup çatlarına salınmasında özünü göstərib. Sosial şəbəkə istifadəçiləri yaranmış problemlə bağlı şəxsi səhifələrində status yazaraq etirazlarını bildiriblər.

Bu, həm də sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirib. Bu kimi hallarda bəzi istifadəçilər şəbəkədə virus yayılarkən necə addım atacaqlarını bilmir və kompüterlərinə də virus salırlar. O viruslar bəzən şəxsi informasiyaların oğurlanmasında belə, istifadə oluna və ya kompüterdəki faylları məhv edə bilər.

Bu məsələ ilə bağlı musavat.com-a danışan ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, əsas problem kompüterdə virusun yayılması yox, müvafiq dövlət qurumunun buna laqeyd yanaşmasıdır: "Azərbaycanda internet təhlükəsizliyi ilə bağlı iki istiqamət var: Dövlət və qeyri-dövlət sektoru... Bu dediyiniz məsələ qeyri-dövlət sektoru ilə bağlıdır. Qeyri-dövlət sektorunda baş verən problemlərə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzi cavabdehdir. Ancaq hazırda bu qurumun saytına baxsanız, orada heç bir informasiya yoxdur. Halbuki, bu qurumun əsasnaməsində yazılıb ki, yayıla biləcək virusların profilaktikası ilə məşğul olmalı, xəbərdarlıq etməli, bu, artıq baş veribsə, onun çarəsini tapıb, vətəndaşlara məlumat verməlidir. İnternetdə virusun olması qaçılmaz bir haldır. Lakin bunun qarşısını alan, bu haqda istifadəçiləri məlumatlandıran, maarifləndirən bir qurum var və onlardan heç bir səs çıxmır, əsas problem budur".

İstifadəçilərin bu viruslardan qorunması ilə bağlı tövsiyyələrə gəlincə, ekspert bildirdi ki, ilk növbədə həmin viruslu videoları, mesajları açmaqdan imtina edilməlidir: "Mesajları açmaq, onun içindəki faylları aktivləşdirmək olmaz. Həmin qruplardan çıxmaq lazımdır. Facebook hesabının şifrəsini dəyişdirmək lazımdır. Bunlar elementar təhlükəsizlik qaydalarıdır. Bu viruslar müxtəlif mahiyyətli ola bilər. Əgər virusun daşıyıcısı olan fayl kompüterə yüklənibsə, bunun üçün kompüterin antivirus proqramını aktivkləşdirmək lazımdır".

Məğrur Salmanov

musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar